Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-04 10:27:36
Alimlərimiz dünyada niyə tanınmır? – Yaxşı alimlər uzaqlaşdırılıb, dil bilmirlər, stimul yoxdur...

Son vaxtlar mediada Azərbaycan alimlərinin dünya miqyasında tanınmaması ilə bağlı fikirlər daha da artıb. Bəzilərinin fikrincə, Azərbaycan alimləri demək olar ki, dünya miqyasında xatırlanası heç bir elmi nailiyyətlə yadda qalmayıblar və bu da onların geniş miqyasda tanınmamasına səbəb olub. Alimlərin bu nailiyyətsizliyini isə onların əksəriyyətinin çalışdığı akademiyanın passiv iş fəailiyyəti ilə əlaqələndirirlər.

Məsələ ilə bağlı AzEdu.az-ın əməkdaşı bir neçə ekspertin fikrini öyrənib.

Kamran Əsədov bildirib ki, bu dəqiqə AMEA elmə xidmət etmir: “Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının bir çox institutları elmə xidmət etmir, əksinə, onun inkişafına ciddi şəkildə problemlər yaradırlar. Belə ki, bu institutun direktoru öz ətrafına ya qohumlarını, ya da özü kimi düşünənləri yığıb. Əsl elmə xidmət etmək istəyən, mütərəqqi fikirli şəxslərə onlar müxtəlif yollarla maneə yaradır, imkan vermirlər. Ona görə də, AMEA-ya gənclər gəlmir, gələn gəncləri də süni şəkildə uzaqlaşdırır, onlara elmi tədqiqat işlərini müdafiə etməyə imkan vermirlər. Yəni bu gün Azərbaycan elminə milli elmlər akademiyası lazım deyil. Heç bir faydası yoxdur. Onlar bircə Novruz çərşənbələrinə görə lazımdırlar”.

Ekspert Azərbaycan alimlərinin dünyada tanınmaması fikrini onların yazılarına istinadların olmaması ilə izah edib: “Azərbaycan alimləri dünyada ciddi alim kimi qəbul edilmirlər. Onların tədqiqat işlərinə istinad demək olar ki, yoxdur. Beynəlxalq ciddi jurnallarda bizim akademiklərin, alimlərin məqalələri çap olunmur. Ancaq onlar 3-cü, 5-ci dərəcəli adi jurnallarda pulla məqalə nəşr etdirirlər. Rusiyada elm sahəsində “V mire nauki” adlı məşhur bir jurnal dərc olunur. Bu jurnalın hər nömrəsində tanınmış alimlərlə dəyirmi masa keçirilir. Cəmiyyəti, dövləti maraqlandıran problemləri müzakirə edirlər. Razıyam ki, bizdə üç alimi bir yerə yığmaq mümkün deyil. Azərbaycan cəmiyyətində alimlərin rolu demək olar ki, yoxdur. Bu gün elm, təhsil, alimlər siyasətə qurban gedib.
Tomson Reytinq cədvəli var, burda alimlərin araşdırması, apardığı tədqiqat işlərinin nəticəsi qeyd olunur. Bizim alimlər təəssüf ki, orda yoxdur.
Bu problemi aradan qaldırmaq üçün elmi dərəcəsi olan şəxslərin attestasiyası keçirilməlidir. Bundan başqa, onlar yerli əhəmiyyətli yox, beynəlxalq dərəcəli tədqiqat işləri aparılmalıdırlar”.

AMEA-nın müxbir üzvü, professor İlham Məmmədzadə isə əksinə, Azərbaycanda yaxşı alimlərin olduğunu, lakin əcnəbi dil biliklərinin zəifliyinin onların dünyada çap olunmasına mane olduğunu bildirib: “Mən bu fikri heç cür qəbul etmirəm. Alimlərimiz var. Problem onların əcnəbi dilləri bilməsindədir. Tanınmış jurnallarda bizimkilər son vaxtlar daha çox çap olunurlar. Məsələn, mən Fəlsəfə İnstitutundan görürəm ki, xarici jurnallarda məqalələrimiz çoxalır. Təbii ki, daha da çox olsa, yaxşı olar. Amma xarici dil problemimiz var. Dünya jurnallarında çap olunmaq üçün ilk növbədə təmiz ingilis və rus dili biliyi olmalıdır. İngiliscə səlis danışan alimlərimizin sayları isə çoxalsa da, hələ də kifayət qədər deyil. Ona görə də mən həmişə deyirəm ki, əsərlərimizi tanınmış rus jurnallarında çap edək. Çünki rus dilində yazıb-pozan alimlərimiz daha çoxdur. Hər il “Vaprosı filosofı” jurnalında bizimkilərin yazıları çap olunur. Bu jurnal postsovet dünyasında ən reytinqli jurnallardan biridir”.

O, Fəlsəfə İnstitutunun alimlərin tanınması məqsədilə gördüyü işlərə də aydınlıq gətirib: “Bizim institutda belə bir proqram var: Çalışırıq ki, alimlərimiz tanınmış əcnəbi universitetlərin konfranslarında iştirak etsin, tanınsınlar. Sonradan isə birgə konfranslar keçiririk. Belə olduqda dünya miqyaslı jurnallarda bizim yazılarımızın dərc olunması mümkün olur.

Məsələn, Venesiyanın Ca-Foscary universiteti ilə multikulturalizmlə bağlı bir neçə konfrans keçirmişik. Bu gün də Roma şəhərində tədbir keçirəcəyik. Fransanın Sarabona universitetində də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı konfransımız gözlənilir. Orada bir neçə xarici təhsil müəssisələrinin alimləri də iştirak edəcəklər. Bəlkə də, bu, jurnallarla bağlı deyil. Amma alimlərimizin dünya miqyasında tanınması üçün bir açardır.

Axı alimlərimizin dünyada tanınması böyük bir prosesdir. Biz faktiki olaraq sıfırdan başlamışıq. Vaxtilə yalnız Moskva, Sankt-Peterburqda tanınırdıq. 25 il elmdə çox da böyük dövr deyil. Hesab edin ki, müəyyən mənada neçə xarici Avropa ölkələri, Çin ən azından Azərbaycan filosoflarını tanıyırlar. Mən özüm 3-4 ay öncə Çinə dəvət almışam. Orada böyük konfrans gözlənilir və mənim məqaləmi çap ediblər. Bu, təbii ki, tək mənə aid deyil. Digər alimlərimiz də, hamısı olmasa da, bəziləri xarici konfranslara dəvət alır və dünya jurnallarında dərc olunurlar, istinadlar çoxalır. Yenə də deyirəm ki, bu böyük prosesdir və bunu hazırda alimlərimiz tanınmır deyə qırmaq düzgün deyil. Biz çalışırıq ki, prosesi genişləndirək və yaxşılaşdıraq.

Onu da unutmaq olmaz ki, Azərbaycan alimlərinin işi yalnız xariclə deyil. Biz Azərbaycan universitetləri ilə də inteqrasiya işləri aparmalıyıq. Çünki zəif alim zəif universitet deməkdir. Çalışmalıyıq ki, alimlərimiz də, universitetlərimiz də güclü olsun. Biz bacardığımızı edirik, amma aydındır ki, işimiz hələ də çox qalıb”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları