Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-08 15:10:00
Müəlliminə 1 dəqiqəyə mat olan 700-lük tələbə: “Sevdiyim qız olsaydı, fikrim bəlkə yayınardı”-MÜSAHİBƏ

Qabil Əliyev: “2 il öncə şəxsi həyatımda xanım olsaydı, istər-istəməz fikrim yayına bilərdi”

AzEdu.az “700-lük müsahibələr” layihəsini davam etdirir.

Budəfəki müsahibimiz Qabil Əliyev, 2017-ci ildə keçirilən qəbul imtahanlarında maksimum nəticə göstərərək, digər vunderkindlərin əksinə Bakı Ali Neft Məktəbinin brend fakültələrini deyil, Kimya mühəndisliyi ixtisasına qəbul olunub. Elə Qabilə ilk sualımız da, məhz bu istiqamətdə oldu.

-Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası brendə çevrildiyi halda, Kimya mühəndisi olmaq istəməyinin səbəbi nə oldu?

-Atam kimya mühəndisidir. Əksər tələbə PAM-ı keçid balının yüksək olduğuna görə seçir. Çoxunun avtomatlaşdırmadan xəbəri belə yoxdur. Məktəb vaxtı da Kimyaya marağım çox olub. Olimpiadalarda iştirak etmişəm və respublika üzrə III yerə çıxmışam.

-Dəqiq elmlərə maraq göstərən tələbələr bu fənləri daha çox həyatla əlaqələndirirlər. Bizə maraqlıdır, bəs kimya sənin üçün nədir?

-Kimya da həyat elmidir. Yer kürəsindəki hər şey kimya ilə bağlıdır. Hər bir maddənin tərkibini öyrənmək, onları əlaqələndirmək mənə kimyanı sevdirib.

-Azərbaycanda kimya sənayesinə ehtiyac nə qədərdir?

-Kimya hər yerdə lazımlıdır. Yalnız kimya mühəndisinə deyil, yaxşı kimya mühəndisinə ehtiyac var. Bu ixtisası oxumaqla mühəndis olmaq olmur və ali məktəbin bu istiqamət üzrə verdiyi təhsil tam bəs etmir. İnsan öz üzərində çalışmalıdır. İxtisası dərindən öyrənmək lazımdır.

ETİRAF: “Hazırda 700 bal toplamağımın heç bir əhəmiyyəti olmadığını dərk edirəm”

-Ali məktəbə daxil olmamışdan öncəki şəxslə hazırda qarşımda oturan Qabil arasında hansı fərqlər var?

-Əsas fərq sosial həyatımla bağlıdır. Əvvəl aktiv həyata çox vaxt ayıra bilmirdim. Bu ildən könüllülük proqramlarına qatılıram. Bundan əlavə idman, intellektual oyunlar və digər sahələrdə sosiallaşmağı üstün tuturam.

-Bəs, ötüb keçən illər 700 bala olan baxışında  dəyişikliyə səbəb olubmu?

-Bəli, 700 bal toplamağa əvvəl böyük uğur kimi baxırdım. İndi bunun heç bir əhəmiyyəti olmadığını görürəm. Anladım ki, universitetə 700 bal üzərindən deyil, sıfırdan başlayırıq.

-I imtahandan 680 bal toplamısan. Hazırki düşüncələrinlə 2 il əvvələ qayıtsaydın, 700 bal toplamaq üçün ikinci imtahana daxil olardın?

- Təbii ki, ikinci imtahanı verərdim.

-Deməli, 700 bal sənin üçün əhəmiyyətini o qədər də itirməyib...

-Məktəb vaxtı əhəmiyyətli idi. 680 balla da istədiyim ixtisasa daxil ola bilərdim. 700 ballıq nəticə, istər-istəməz digər nəticələrdən fərqlənir.

-Qeyd etdin ki, yaxşı kimya mühəndisinə ehtiyac var. Peşəkar kadrlar hazırlamaq üçün Qabil Əliyevin təklifi nə olardı?

-Məncə, praktik işlərin sayı artırılmalıdır. Peşəkar kadr kimi yetişməkdə yaranan problem laboratoriya qıtlığından, həm də şirkətlərin təcrübə proqramlarının azlığından irəli gəlir.

-Qabil, Türkiyə Diyanət Vəqfi  Bakı Türk Liseyinin məzunusan. Deyə bilərikmi ki, bu lisey Azərbaycanın ən güclü orta təhsil müəssisəsidir?

- Bəli, deyə bilərik. Çünki ölkə daxilində yüksək bal toplayanların və xaricdə təhsil alanların sayına görə lisey birinci yerdədir. Ölkədə ən yüksək ballı tələbələrin əksəriyyəti bu liseyin məzunlarıdır.

Buraya ilk imtahanda qəbul oluna bilməmişdim. Köhnə türk liseyi olan “İstək” liseyində də 2 il təhsil almışam.

- BTL-nin bu qədər yüksək nəticəli şagirdlər yetişdirməsində əsas rolu nə oynayır?

-Müəllimlərin şagirdlərlə münasibəti çox yaxşıdır. Onlara dost kimi baxırdıq və onlar bizə sadəcə dərs barədə yox, hər mövzuda kömək edirdilər. Hər şey müəllim-şagird münasibətindən asılıdır.

- Deməli, abituriyentin yüksək nəticə göstərməsində müəllimin rolu daha çoxdur...

- Müəllim şagirdin yalnız yüksək nəticə göstərməsində deyil, eyni zamanda, motivasiyasının yüksəlməsində, fənni şagirdə sevdirməkdə çox böyük rol oynayır.

- Liseydə ən fərqli dərsinizi necə xatırlayırsan?

-Fizika müəllimimiz Yaşar müəllimin dərslərini xüsusilə xatırlayıram. Hər dərs bir mövzunu izah edirdi və sonra bunların lazım olmadığını deyirdi. Gələn dəfə həmin mövzunu yenidən başa salırdı.

Tərs psixologiyanın effekti: “Əldə etmək istədiyiniz bir şey varsa, onun əksini iddia edin. Bu sayədə qarşınızdakı sizin əslində, istədiyiniz fikir üzərində dayanacaq

-Bir neçə ay öncə, məktəblərdə dini dərslərin tədrisi gündəmdə idi. Səncə, orta təhsil müəssisələrində dini dərslərin keçirilməsi nə dərəcədə düzgündür?

-Düşünürəm ki, ayrıca dərs kimi deyil, İnsan və cəmiyyət dərsliyinin tərkibində din mövzularının keçirilməsi pis addım olmaz. İstər-istəməz  uşaqlarda əvvəlcədən dini təsəvvür yaranar və dünyagörüşləri formalaşar.

-2 il öncə Türkiyə Burslarına da sənəd vermisən. Amma...

-Bəli, vermişdim. Amma istədiyim yerə qəbul oluna bilmədim. Əvvəlcədən bəzi universitetlərə müraciət etmədiyimə görə peşmanam. Magistratura üzrə xaricdə təhsil almağı düşünürəm.

-Qabil, boş zamanlarını necə dəyərləndirirsən?

-Boş zamanlarımda daha çox futbol oynamağı xoşlayıram. Demək olar, hər həftə futbol oyanıyıram və digər idman növlərinin əksəriyyəti ilə maraqlanıram. Universitetdə olan hər cür yarışlara da qatılıram.

Eden Hazard “Chelsea”dən gedərsə...

-Hansı futbol klubuna azarkeşlik edirsən?

-“Chelsea” klubuna daha çox Eden Hazarda görə azarkeşlik edirəm.

-Hazard komandasını dəyişsə, necə?

- Hazard komandasını dəyişsə də, yenə“Chelsea”yə azərkeşlik edəcəyəm. Amma eyni zamanda Hazardın olduğu komandanı da dəstəkləyəcəyəm.

-Səncə, futbolda ədalətlilik prinsipi nə dərəcədə qorunur?

-Ədalətliliyi qorumaq üçün videohakim texnologiyasını tətbiq edirlər. Sistem bəzi səhvlərin qarşısını alsa da, tam nəticə vermir. Bunu da düzəltmək məncə, mümkün deyil. Oyunu insanlar idarə edir və insan amili olan yerdə səhvlər gözləniləndir.

Vunderkindin təəccübü: “Riyaziyyat müəllimim məni 1 dəqiqəyə mat etdi”

Amma….

Amma 2019-cu ildə keçirilən qəbul imtahanlarında  700 bal toplayan 3 nəfəri də, məhz Qabil mat edib.

-Şahmatın zəkayla bağlılığı nə qədərdir?

-Şahmatın zəkayla bağlılığı çox böyükdür. Riyaziyyatçılar bu oyunu daha güclü oynayırlar. Müəllimimlə şahmat oynamışdım və iki oyunu da bir dəqiqədən tez bitirmişdi. Onlarda şahmat bacarığının güclü olduğunu çox görmüşəm. Atdığın gedişi yox, ondan 3 gediş sonranı da düşünməli və həm öz, həm də rəqibinin gedişini analiz etməlisən.

 - Şahmatda real həyatın özündə tətbiq edə biləcəyimiz strategiya varmı?

-Şahmatda kiçik fiqurlar olan piyadalar addım-addım irəliləyərək vəzir ola bilirlər. Bu o deməkdir ki, önəmsəmədiyimiz kiçik addımlarla böyük uğura nail ola bilərik.

-700 bal toplayanlardan kimisə mat etmisən?

-Bu ilki 700 bal toplayan 3 nəfərlə şahmat oynadım. Üçünə də qalib gəlmişəm.

 - Abituriyentlər arasında baş verən intiharların çoxalmasında əsas səbəb kimi medianın 700 bal toplayanları hədsiz reklam etməsi də göstərilir...

- Abituriyentlərin intihar etməsiylə 700 bal toplayanların heç bir əlaqəsi yoxdur. Mediada bu cür uğurların paylaşılması intihara əsas ola bilməz. Belə hadisələr, əsasən, ailədaxili problemlərdən qaynaqlanır. Müsahibə almaq üçün ən real namizəd 700 bal toplayan gənclərdir. Hamıdan bir-bir müsahibə alınsa, fikirlər çox qarışacaq. Məncə, media düzgün olanı edir.

-Qabil, maksimum və yüksək nəticə göstərənlərin içərisində “əzbərçi”olanlarla rastlaşmısanmı?

-Kiminsə haqqına girmək istəmirəm. Bütün imtahanlarda sualların əksəriyyəti işlədiklərimiz olur. Yeni sual tipi az olur. 2017-ci ildə 2 yeni sual tipi var idi. Yəni imtahanda əzbərçilik də çox rol oynayır. Bəzən elə situasiyalarla qarşılaşıram ki, təqaüdçülərin necə təqaüdə düşdüklərini anlamıram. Liseydə oxuduğum müddət ərzində ətrafımda, yalnız yaxşı oxuyanlar olub. Ona görə də hazırda kimlərin daha yaxşı və ya nisbətən daha zəif zəkaya sahib olduğunu ayırmaq olur.

“VIII sinifdə Kimya üzrə qəbul proqramını bitirmişdim”

-Problem bütün qruplar üzrə olsa da, nədənsə sadəcə III ixtisas qrupuna hazırlaşan abituriyentlər yüksək nəticə göstərəndə “əzbərçi”adlandırılırlar… 

 -III ixtisas qrupunun məqsədi elə əzbərçilikdir. Tarixi əzbərləmədən necə yazmaq olar? Məncə, bunun başqa yolu yoxdur.

-Səncə, imtahanlarda yüksək bal toplayanlar beynəlxalq olimpiadalarda da bu uğuru davam etdirə bilərlərmi?

-Respublika olimpiadasında iştirak etmişəm. Belə yarışlarda bizim bildiklərimizdən çox daha artığını bilmək lazımdır. Bu, hələ  respublika olimpiadasıdır. VIII sinifdə oxuyan zaman Kimya olimpiadasına hazırlaşırdım və həmin vaxt, artıq qəbul proqramını bitirmişdik. Beynəlxalq olimpiadalara xüsusi hazırlaşmaq lazımdır.

“Sessiya imtahanlarında bütün qiymətlərinin “A” olması savad göstərici deyil”

-Sessiya imtahanlarında qiymətlərin necədir?

-Birinci il qiymətlərimin hamısı “A” idi. İkinci kursun birinci semestrində bir fənn üzrə qiymətim “B” oldu. 

-“A”-nın təqaüdə düşə bilməkdən başqa bir önəmi varmı? 

- Bütün qiymətlərinin “A” olması savad göstəricisi  sayılmır. İşə qəbul olunanda heç kim qiymətə baxmır. Əsas insanın bacarığıdır.

Ali məktəblərdəki imtahan sistemi düzgün deyil. Oxuduğumuz məlumatları sırf imtahana görə oxuyuruq. İmtahandan əlavə nəsə oxumağa vaxtımız qalmır. Sistem insanı bir cür sıxışdırır və beynini genişləndirməyə qoymur.

-Yeni qaydalara əsasən, kolleci bitirənlər universitetlərə imtahansız daxil ola biləcəklər. Gəl, təsəvvür edək ki, hansısa texniki ixtisaslı kollec tələbəsi BANM-a daxil olub. Gözlərinin önündə hansı mənzərə canlandı?

-Çox acınacaqlı mənzərə yaranar. Kollec tələbələri də BANM-a daxil olsa, universitet bir növ qarışacaq. BANM-da tələbə sayının azlığı keyfiyyətin yüksək olmasına xidmət edir. Say çoxalsa, yaxşı və nisbətən zəif oxuyan tələbələr bir araya gəlsə, vəziyyət qarışacaq.

-Gördüyüm qədərilə özünə inamlı birisən…

-Bəli, qəbulda 700 bal toplamağımın əsas səbəbi budur. Aşağı qiymət alanda da çox vaxt birinci olmağa çalışıram. Ona görə özünəinam məndə güclüdür. İnsanın inamlı olmağı ona hərtərəfli kömək edir.

-Orta məktəb dərsliklərindəki problemlər demək olar ki, hər gün sosial şəbəkələrdə müzakirə edilir. Zamanında bu dərsliklərdən istifadə edən biri kimi sənin məsələyə münasibətin necədir?

-Dərsliklərdə məlumat çox azdır və qəliz tərzdə verilib. Müəllimlərin konspektlərinə baxıb, müqayisə edəndə xeyli fərq görünür.

Kitabları elə də çox oxumurdum. Əsasən, müəllimlərimin izahına qulaq asırdım. Onları dərk edəndə oxumağa çox da ehtiyac qalmır. Dərsləri vaxtında dinləyərək lazimi məsələləri həll edirdim. 

-Hazırki şəraitdə repetitor yanına getmədən ali məktəbə qəbul olunmaq mümkündür?

-Bəli, sadəcə bu riski edən yoxdur. Hazırlığa getməsəydim, bəlkə də 700 bal toplamazdım. Amma 680-dən yuxarı nəticə göstərərdim.

-Abituriyentin qəbul imtahanlarına hazırlaşmasında yad təsirlərin rolu nə qədərdir?

-Abituriyent olan zaman sosial şəbəkələrdən istifadə etmişəm. Dərsi çox oxumaq da lazım deyil. Kəmiyyət yox, keyfiyyət önəmlidir. 1 saat vaxt ayırmaqla başqasının 4-5 saata oxuduğunu öyrənmək olar.

-Bəs şəxsi həyatında xanım olsaydı, yenə də bu nəticəni göstərəcəyindən əmin olardın?

-Bu barədə heç düşünməmişəm. Amma ola bilərdi ki, təsir etsin. Çünki istər-istəməz insan dərs oxuyan zaman fikri dağıla bilər. Buna görə uzaq durmağa çalışmışam.

-Bu qədər lakonik olmağın və düşüncələrini qısa ifadə etməyin sənə çətinlik yaratmır?

-Mənfi tərəfi odur ki, hansısa forma dolduranda, özüm haqqında məlumat yazanda çox qısa yazıram. Hərtərəfli lakonik biriyəm. Hər şeyi qısa zamanda bitirməyə çalışıram. Tək danışanda yox, düşünəndə də belə düşünürəm.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları