Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-07 16:50:32
Qorxudan nitqi pozulan şagirdini xilas edən psixoloq: “Qızına qadağa qoyan ata mənə söz verdi və...” - LAYİHƏ  

Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 

AzEdu.az  “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir. 

Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, dərs şəraiti öyrənilib. 

Budəfəki  müsahibimiz  isə digərlərindən bir az fərqlənəcək. O, məktəbdə müəllim deyil, psixoloq kimi çalışır. Neftçala rayon Şirvanlı kənd məktəbinin psixoloqu Elmir Tağıyev  bütün valideyn, müəllim və şagirdlərin sevimlisidir. Uzun illərdir ki, həmin məktəbdə psixoloq kimi çalışıb və şagirdlər uğruna çox işlər görüb.

Gəlin, bir danışmayaq. Əziz oxucu, sizi Elmir müəllimlə-ucqar kəndin gənc məktəb psixoloqu ilə təkbətək buraxırıq. İnanın, o, bizdən daha yaxşı oxucudur. İnanmırsınızsa, oxuyun:

Ucqar kənd məktəbində psixoloq

-1986-cı ildə Şəki şəhərində anadan olmuşam. Orta məktəbi öz şəhərimizdə oxudum. Bitirdikdən sonra isə Lənkəran Dövlət Universitetinin Pedaqogika və psixologiya fakültəsinə qəbul olundum. Daha sonra da hərbi xidmət...  Birillik hərbi borcdan sonra hazırda çalışdığım Neftçala rayon  Şirvanlı kəndində işə başladım. 

Bilirsiniz, kənd məktəblərində psixoloqa ehtiyac şəhərdəkilərdən daha çoxdur. Mən də bunu nəzərə alıb, bilərəkdən kənd məktəbini seçdim.Kənd mühitində ailədaxili problemlər daha çox olur. Sırf Şirvanlı kəndində də bu problem digər yerlərə nisbətən daha çoxdur.

Buradakı müəllim və  valideynlərin məktəb psixoloquna münasibəti çox yaxşıdır.  Mən hər hansı bir işi yerinə yetirmək istədikdə,  hər hansı test keçirdikdə həmşagird, həm müəllim, həm də valideynlər - hamısı birlikdə dəstək olurlar.

 Bu barədə az sonra danışarıq. Bəlkə, öncə, məktəbə gəldiyim ilk gündən söz açım? Onda, başlayaq:buraya gəldiyim ilk günlərdə şagird və müəllim kollektivi ilə tanış olmağa başladım. Amma sıradan bir insan kimi yox, bir psixoloq kimi... Şagirdlərin hansı psixologiyada olduğunu öyrənməyə çalışdım.

Və... bu arada...

-İşə başladığım il idi... Məktəbimizdə - IX sinifdə Xəyal adlı şagird oxuyurdu: ailəsindən şiddət görmüşdü, atasından da çox çəkinirdi. Çox qabiliyyətli, bacarıqlı uşaq olmasına baxmayaraq, oxuduğu sinifdə dərsə qarşı elə də maraq olmadığına,  rəqabətsizliyə görə dərslərə səthi yanaşırdı. Nə yaxşı hazırlaşar, nə də vaxtında məktəbə gələrdi;intizamsız şagirdlərdən biri idi. Dediyim kimi, mən işə başladıqda o, IX sinifdə oxuyurdu. Bir dəfə eşitdim  ki, dərsə gecikdiyi üçün hərbi rəhbər onu dərsə buraxmayıb və valideynini çağırmasını tələb edib. Daha sonra həmin şagirdləgörüşdüm, bir çox məqamlardan danışdıq. Bu ünsiyyət ona çox təsir etdi  və mənə söz verdi ki, bir daha gecikməyib, dərslərinə daha da çox çalışacaq, qiymətlərini də  düzəldəcək.   Təki valideyni məktəbə  çağırılmasın. Hərbi rəhbərlə danışıb, razı saldım ki,  valideyni çağırılmasın.

İnanın, bundan sonra həmin şagirddə xeyli irəliləyiş oldu. Əvvəllər qiyməti  “3”-“2”  olduğu halda, məktəbi sonda  əla qiymətlərlə bitirdi. Bu, həm də mənim üçün vacib sınaq idi. Mən məhz Xəyaldan sonra işimin necə əhəmiyyətli olduğunu  gördüm.

Məktəb psixoloqunun gündəliyindən...

-Müəllim uyğun saatlarda sinfə daxil olub, dərsini keçir. Bəs, psixoloqun məktəbdəki günlük fəaliyyəti necədir? Gəlin, bir az ondan danışım: hər gün siniflərə daxil olub, davamiyyəti yoxlayıram. Dərsə gəlməyən şagirdlərin ailəsi ilə əlaqə saxlayıb, səbəbini soruşuram. Bəzən, olur ki, uşaqları valideynləri dərsə buraxmırlar. Hər halda, səbəbini öyrənməyə, bir problemin olub-olmadığını bilməyə çalışıram...

Daha sonra.... Daha sonra dərslərdə oturub, müəllim və şagirdlərin  davranışlarıyla maraqlanıram. Müşahidələr aparır, müəllim-şagird əlaqəsini, dərs prosesini izləyirəm. Bəzən də testlər keçirirəm. Məsələn, bu yaxınlarda  ibtidai sinif şagirdləri ilə  “Mənim ailəm”  mövzusunda test keçirdim. Testin məzmunu şagirdlərin öz ailələrinə olan münasibətlərin necəliyinin əksi idi. O testin sonucunda bir neçə vacib nəticəni özüm üçün çıxarmış oldum: məsələn, valideynləri ayrılmış uşaqlar əgər anaları ilə yaşayırlarsa atasını, ata ilə yaşayırsa anasını özündən, ailəsindən kənarda təsvir edir. Bəzən də elə olur ki, öz bacı və ya qardaşı ilə problem yaşayan uşaqlar onları ailədən kənarda təsvir edir.Bütün bu testləri uşaqların hər biri üçün yaratdığım şəxsi qovluqda saxlayıram.

Xilaskar

-Bu yerdə, təcrübəmin  ən əsas və unudulmaz  anlarından birini sizə danışmaq istəyirəm. Bizim məktəbdə bir şagird vardı; çox çalışqan idi. İbtidai sinifdə yaxşı oxuyurdu. Lakin yuxarı siniflərə keçdikdən sonra ailəsində problem oldu və bu uşaqda qorxu səbəbindən kəkələmə yarandı.  Bundan sonra onda kompleks əmələ gəldi ki, bu da dərslərinə təsir göstərdi. Dərslərə səthi yanaşmağa başladı, davamiyyəti zəiflədi. Həmin şagirdin özü və  valideynləri iləgörüşdüm. Loqapedə də müraciət etdim və nəhayət 6 ay ərzindəşagirddəki dil qüsuru tamamilə aradan qalxdı. Hazırda həmin şagird 8-ci sinifdə oxuyur və dərslərə hazırlığı çox yaxşıdır. Yəni, həmin  şagirdi  bir növ,  cəmiyyətə, dərsə, təhsilə qaytardıq. Təvazökarlıqdan uzaq olsa da deyəcəyəm ki, əgər məktəbimizdə psixoloq olmasaydı, o şagird təhsildən, dərslərdən tamamilə uzaqlaşacaqdı.

Yeri gəlmişkən...

-Bir şeyi də qeyd edim ki, Neftçala rayonundan  vaxtilə görkəmli mütəxəssislər çıxsa da, hazırda şagirdlərdə dərsə maraq səviyyəsi aşağıdır. Mən bunun səbəbini uşaqların inkişaf etmiştexnikadan düzgün istifadə etməməklərində görürəm. Şagirdlər kompüterdən informasiya almaq məqsədi ilə yox, daha çox oyun üçün istifadə edirlər.

“TOR”

-Bir daha təkrar edirəm: statistikalar göstərir ki, kəndlərdə psixoloqlara ehtiyac şəhərlərdən daha çox olur. Bunun səbəbi isə kəndlərdə valideynlərin əksəriyyətinin  təhsilsiz olmasıdır. Məsələn, işlədiyim məktəbdəəksər valideyn balıqçılıqla məşğuldur. Uşaq da gözünü açdıqda ancaq balıq toru, balıqçılıqla bağlı əşyaları, işləri görür.  Valideynlərin  fəaliyyəti bu yöndə olduğundan, uşaqları da elə o istiqamətdə yetişdirir, tərbiyə edirlər.  Uşaqda da o psixoloji asılılıq  yaranır ki, onsuz da balıqçı olacaq, oxumağının  heç bir mənası yoxdur.  Rayon məktəblərində kəndlərə nisbətən oxuma faizi daha yüksəkdir. Səbəbi  də bayaq dediyim o, “tor” amilidir. Bu tor təkcə balıq toru deyil. Həm də TOR-du... Tordan isə uşaqları vaxtında çıxarmaq lazımdır...

Yeri gəlmişkən -2

-Kəndlər məktəblərində psixoloq kimi işləmək üçün müraciətlər azdır. Ümumiyyətlə, gənclər  hazırda kənd mühitində çalışmaq istəmirlər.Əvvəllər təyinatla kənd məktəblərinə göndərilmə olsa da, hazırda azad seçim olduğu üçün kənd məktəblərinə tələbat yoxdu. Gənclər bunun səbəbini  kənd məktəblərindəki nüfuzun aşağı olması iləəlaqələndirirlər

Ucqar kənd məktəblərini seçən psixoloqlara onu deyə bilərəm ki, heç nədən çəkinməsinlər. Əksinə, bu addımlarından sevinsinlər. Çünki burada həqiqətən  psixoloqa ehtiyac daha çoxdur.

Psixoloq sevinci haqqında ballada...

-Dəfələrlə şagirdlərin evinə gedib, valideynlərlə görüşmüşəm. Bu da ata-analar tərəfindən müsbət qiymətləndirilib. Seviniblər ki, onlardan  başqa da  övladını düşünən, onunla maraqlanan birisi var. Hətta bəzən dərs oxumaq üçün lazımı şərait olmayan şagirdlərin ailələri ilə görüşüb, dərs üçün uyğun şəraitin yaradılmasına nail olmuşam. Bu kimi işlərdən sonra da həmin şagirdlərin dərsə hazırlıqlarında, davamiyyətlərində yüksək irəliləyişlərini görüb sevinmişəm.  Məktəb psixoloqunun ən xoşbəxt anı da elə o sevinci yaşadığı zamandır...

“Vizit kartı”

-Deyəsən, söhbətimiz alınır, hə? Onda, gəlin, sizə bir maraqlı hadisəni də danışım. Təxminən, 3 il bundan əvvəl uşaqlar  mənim doğum günüm üçün sürpriz hazırlamışdılar: bir gün əvvəldən onlar direktordan otağımın açarını alıb, orada öz ürək sözlərini təbriklərini yazdıqları bir lövhə hazırlamışdılar. Bu mənim üçün unudulmaz bir xatirədir. Bu lövhənin- “arzular-təbriklər stendi”nin-mənim üçün yalnız bir adı var idi: Uğurlu iş... Səmimi uşaq hissləri ilə dolu olan o lövhə mənə görə, neçə illik işimin vizit kartı idi. Bir gün kim olduğumu soruşsalar, həmin lövhəni – “vizit kartını”- göstərməkdən  çəkinmərəm...

Mənim psixoloqum”

-Belə  bir hadisə də olub. Deməli,  bir dəfə IX siniflərlə gələcəkdə hansı peşəni seçməkləri haqda sorğu keçirdiyim zaman, Səbinə adlı şagird psixoloq olmaq istədiyini və  bu peşəyə marağı mənim yaratdığımı dedi. Lakin təkbətək söhbət zamanı o bildirdi ki, valideynləri onun psixoloq olmasına icazə vermirlər. Nəinki  psixoloq, ümumiyyətlə,  heç bir peşəyə yiyələnməsini istəmirlər.

Onların fikrincə, qız uşağının oxuması guya, düzgün deyil:“kənd yeridi,  qız orta məktəbi bitirdikdən sonra ailə qurmalıdı”.

Şagirdlə təkbətək söhbət zamanı o, hətta yaşın uyğun olmayaraq dedi ki, tükənmişlik sindromuna  düşüb. Məlum oldu ki, yaşı az olsa da psixologiyaya  marağıçox olduğu üçün bu sahəylə çox maraqlanır. Daha sonra həmin qızın ailəsi ilə əlaqə saxladım. Düzdür, onlar qızın seçiminə qarışmayacaqları haqda söz verdilər. Lakin  yaranan bəzi maddi problemlərə görə, təəssüf ki, o qız ali məktəbə qəbul ola bilmədi.

Bizdə valideyn və müəllimlərin əsas problemi bilirsiniz nədir? - Onlar uşaqlara yanaşarkən psixoloji yaş məsələsini nəzərə almırlar. Bilirik ki şagirdin fərd olaraq formalaşmasında 3 əsas amil mühüm rol oynayır: irsiyyət, ətraf-mühit və ailə. Mənim əsas iş prinsipim bundan ibarətdir ki,  bu 3 amil vəhdətdə olsun.Lakin kənd həyatında bu çətin olur. Əsas problem bunda olur ki müəllimlər də valideynlər də şagirdlərin irs və yaş xüsusiyyətlərini  nəzərə almırlar.

 

Yaşadığım yer işlədiyim məktəbə uzaq olduğu üçün valideyn və şagirdlər məsləhət üçün evə gəlmirlər. Amma mənim məktəbdəki iş otağıma  istər valideynlər,  istərsə də şagirdlər məsləhət üçün gəlirlər. Təkcə övladları haqda, dərs haqda yox öz  ailə daxili problemləri ilə bağlı  da müraciət edənlər olur.

Mən adətən işdən sonra rayonda olan müəllimlər,  ya da ki psixoloqlar qrupu var ki, onlarla görüşür, bundan sonra öz-özlüyümdə gündəlik gördüyüm işlə bağlı hesabat verirəm və növbəti iş günününn planın  hazırlayıram. 

Oyun laboratoriyası

Türkiyədə məktəbyaşlı uşaqlar üçün müxtəlif zəka oyunlarından ibarət xüsusi laboratoriya quraşdırılır –oyun laboratoriyası. Mən onlarla əlaqə saxlamışam, çox istərdim ki, Neftçalanın ucqar kəndində də bu iş görülsün, oyun laboratoriyası qurulsun. İnanın, bu olsa, təhsilin inkişafına çox töhfə verər. Bunun reallaşması üçün çox çalışıram.

Maaş haqqında və ya epiloq əvəzi...

1992-93-cü illərdə müəllimlər aylarla maaş almayıblar. Amma həmin illərdə müəllimlər çox gözəl uğurlara imza atıblar, təhsildə möhürlər vurublar. Yəni, bizim müəllimlər bu cür çətin situasiyadan çıxıblar. Səmimiyyətimə inanın, bu gün aldığım maaşın miqdarı mən heç  maraqlandırmır. Məni yalnız o maraqlandırır ki, özüm şagirdlərə necə fayda verə bilirəm...

Yox, daha dəqiqini deyim: bu gün məni o maraqlandırır ki, bayaq dediyim o “arzular lövhəsini” –“vizit kartımı” necə böyüdə biləcəm...

Elmin Nuri

Rəna Nəbi