Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-03 13:42:59
Orta məktəb bufetlərindəki bəla - Şagirdləri asılı edən enerji içkiləri...

Son vaxtlar cəmiyyətdə, xüsusilə də gənclər arasında enerji içkilərinə meyllilik artıb. Hətta bir çox şagird və tələbələr, bu içkilərdən asılı vəziyyətə düşüblər. Gündə bir dəfə də olsa onlardan istifadə etmədikdə dərsdə uğurlu olmadıqlarını düşünən tələbə və məktəblilər heç də az deyil.

Mütəxəssislər məktəblilərin qidalanmasının balanslaşdırılmalı olduğnu vurğulayırlar. Məktəblinin menyusuna mütləq tərkibində zülallar, karbohidratlar və yağlar, amin turşuları, vitaminlər, minerallar və mikroelementlər bol olan məhsullar daxil olmalıdır. Bu komponentlər orqanizmdə sərbəst sintez olunmur, buna görə də onları müxtəlif qida məhsullarının tərkibində qəbul etmək inkişafda olan orqanizm üçün vacibdir.

Qidanın hazırlanması prosesi elə aparılmalıdır ki, məhsullarda qida maddələri maksimal dərəcədə saxlanılsın. Bu məqsədlə, yeməklərin qaynadılması və ya pörtlədilməsi məqsədəuyğundur.

Dietoloqların fikrincə, məktəbli uşaq gündə 4 dəfədən az olmayaraq qidalanmalıdır və onların səhər, nahar və şam yeməyində mütləq isti xörək olmalıdır. İnkişafda olan orqanizmə kəsmik, pendir, kalsium və zülal mənbəyi olan ağartı məhsulları da zəruridir. Gün ərzində məktəblilər ən azı 1-1,5 litr maye qəbul etməlidirlər. Maye seçimində də diqqətli olmaq lazımdır. Belə ki, məktəblilər qazlaşdırılan və energetik sulara deyil, təbii və mineral sulara üstünlük verməlidirlər.

Professor Adil Qeybulla AzEDU-ya mövzu ilə bağlı açıqlamasında enerji içkilərinin zərərlərindən danışıb. O qeyd edib ki, bu mövzuda məktəbli valideynləri daha diqqətli olmalıdırlar:

“Enerji içkiləri məktəblilərə olduğu kimi, elə yaşlı adamlar üçün də ziyanlıdır. Belə içkilər ürəyin fəaliyyətini gücləndirməklə, onu yorur. Böyüyən orqanizmə, yəni uşaqlar üçün bunların istifadəsi, ümumiyyətlə, qorxuludur. Təəssüf  ki, indi məktəblilərin bufetlərində enerji içkiləri sərbəst satılır. Uşaq evdə valideynindən pul alaraq, bufetdə enerji içkisinə xərcləyir.  Müşahidələrə əsasən, bir uşaq gün ərzində 2-3 butulka energetik içki içir. Bu uşaqların ürəyinə həddən artıq ziyandır. Bəzən, bu stuasiyada ürək əzələsinin həddən ziyadə yorulması nəticəsində ürək əzələsinin torbalanması baş verə bilər. Bu, çox ağır xəstəlikdir. Belə içkilərin istifadəsi qaydası haqqında məktəbli və tələbələr də təlimatlandırılmalıdır. Əslində, istehsal olunmazsa, daha yaxşıdır, çünki xeyrindən daha çox ziyanı var. Hər-halda istehsal olunursa, heç olmazsa, təhlükəsi haqqında məlumatlandırma icra olunmalıdır”.

Ümumilikdə, enerji içkiləri Avropada 1987-ci ildə, Amerikada isə 1997-ci ildə istifadə olunmağa başlayıb. Azərbaycana isə enerji içkiləri 2000-ci ildən etibarən daxil olub. Bu içkilərin əsas tərkib hissəsi su və şəkərdən ibarətdir. Enerji içkilərinin tərkibində, təxminən 80 mq kofein var. Kofein az miqdarda olduqda, bu maddə sinir sisteminə mənfi təsir göstərir. Böyük dozalarda olduğu halda isə başgicəllənmə, yuxusuzluq və əsəbilik yaradır. Enerji içkilərində kofein həm sərbəst halda, həm də herbal komponentlərin tərkibində olduğundan onun dəqiq miqdarını bilmək çətindir. Bu içkilər Danimarka, Norveç, hətta Fransa da belə qadağan edilib.

foto-img-6421.jpg

Bakının Nizami rayonunda yerləşən super marketlərdən birinin satıcısı deyir ki, gün ərzində, təxminən 100-dən çox enerji içkisi satılır. Satıcının sözlərinə görə, enerji içkilərinə daha çox məktəblilər və tələbə yaşında olan gənclər meyl edir:

“Oğlanlar enerji içkilərinə çox meyllidirlər. Olur ki, fikir verirəm, eyni adam gündə bir neçə dəfə gəlib enerji içkisi alır. Günorta saatlarında dərs çıxışında oğlan uşaqları gəlir, alıb içirlər. Çantalarından bilirəm ki, məktəblidirlər. Enerji içkiləri çoxaldıqca, pivəyə maraq azalıb.

Amma çipsi, “krax”, suxarı kimi qidalara tələbat isə daha qızlar tərəfindəndir. Həmçinin, qızlar daha çox fanta, cola kimi şirin qazlı sular alırlar”.

Adil Qeybulla açıqlamasında qeyd edib ki, məktəblilərin qida rasionunda vitamin və mineralla bol məhsulların olması uşaqlar üçün vacibdir. Onun sözlərinə görə, universitetlərdə satılan dönər və hamburgerlər sağlam inkişafa mane olur:

“Həm boy artımı, həm intellektual inkişaf üçün vitaminli məhsulların qəbulu zəruridir. Ona görə, uşaqlar nə qədər sağlam qidalanar və idman məşğul olarlarsa, gənc nəsil daha sağlam yetişər.

Universitetlərdə dönər, hamburger kimi “fast food”ların satışının əleyhinəyəm. Bu qidalardan tələbələrin istifadəsini məsləhət görmürəm. Yaxşı olardı ki universitet bufetlərində daha ucuz qiymətə sərfəli və keyfiyyətl yeməklər olsun. Bu məsələlər bütün dünyada bu cür həll olunur”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, ali təhsil ocaqlarına hər cür zərərli məhsulların daxil olması istisna olunmur. Onun sözlərinə görə, ümumiyyətlə, universitetlərin yeməkxanalarında heç bir yoxlama işləri aparılmır:

“Orta məktəblər üçün 4 il əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məktəb bufetləri standartı yaradılıb. Məktəblilərin qidalanması üçün yaradılan yerlərdə xeyli məhdudiyyətlər nəzərdə tutulub. Energetik içkilərin və bir sıra kolbasa növlərinin, çipsilərin və s. bu kimi məhsulların satışı qadağan edilib. Lakin ali məktəblərdə hələ bu standart müəyyən olunmayıb. Sovet dövründə həm məktəbəqədər təhsil müəssisələri, məktəblər, həm də ali məktəblərdə mərkəzləşmiş şəkildə bunlara nəzarət olunurdu. Lakin indi bu sahədə böyük problemlər yaşanır. Demək olar, orta və ali məktəb yeməkxanaları biznes qurumuna çevrilib. Adətən, ali məktəblər başqa bir adamlarla rəsmi və ya qeyri-rəsmi olaraq əməkdaşlıq edərək, biznes fəaliyyəti ilə məşğul olurlar. Ali məktəb bufetlərində heç bir yoxlama aparılmır. Nə gəldi, xeyirli, zərərli-hər şey satılır.

Enerji içkilərinin orta məktəblərdə satışı qadağan olunsa da, bölgə məktəblərində hələ də satılır. Baxmayaraq ki, içkilərin üzərində gün ərzində bir dəfədən çox içilməsinin zərərli olduğu qeyd edilir, lakin yenə də məktəblilər günə bir neçəsini istifadə edirlər. Dövlətin müəyyən qanunları, tapşırıqları var, amma, təəssüflər olsun ki, yerinə yetirilmir. Ölkədə ictimai nəzarət lazımdır. İctimai nəzarət edən qurumları və şəxsləri də bəzən susdurmaq istəmələri yolverilməzdir”.

Qeyd olunduğu kimi uşaqlar üçün gün ərzində üç dəfə isti yeməklərin yeyilməsi vacib şərtdir. Nəzərə alsaq ki, məktəblilərin səhər və nahar yeməkləri, adətən, məktəb olduğu müddətə düşür, deməli bu həm də pedaqoqları narahat etməlidir. İsti yeməklər sağlamlığın qorunması və uşaqların daha keyfiyyətli təhsili üçün vacib şərtlərdəndir. Məktəbdə qidalanmanın düzgün təşkili əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşmasına gətirib çıxarır. Təəssüf ki, ekspertlərin də qeyd etdiyi kimi, orta və ali məktəblərin yeməkxana mövzusuna diqqət hələ də yetəri qədər deyil. Paytaxtın orta məktəblərində enerji içkiləri və bu kimi zərərli qidalar qadağan olunsa da, bölgə məktəbləri və ümumi universitetlərdə buna əməl olunmur. “Qidalanmanın təşkili” mövzusu isə pedaqoji təhsil müəssisələrində də keçirilmir, valideyn və təhsilalanlar məlumatlandırılmır.

Nəzrin Cavid