Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-06 09:27:00
Uşaqlarımız yerli animasiya filmlərinə baxmalıdır – Mütəxəssis

Dünyaya gəldiyimiz andan etibarən gördüklərimiz, eşitdiklərimiz bizim şəxsiyyət kimi formalaşmağımızda özünəməxsus rol oynayır. Bu formalaşma dövründə qazandığımız təcrübə istər pozitiv, istərsə də neqativ olsun, ömür boyu bizi müşayiət edir. Belə təcrübələrdən biri də hələ erkən yaşlarımızdan izlədiyimiz animasiya filmləridir.

Animasiya yalnız əyləncə deyil, eyni zamanda bizim şüurumuza kifayət qədər ciddi təsir edən fəaliyyətdir. Animasiya filminin psixikamızın şüursuzluq (şüuraltı) səviyyəsinə ötürdüyü məlumatlar zaman keçdikcə bizim davranışımızda, həyata reaksiyamızda özünü büruzə verir. Modern.az xəbər verir ki, mövzu ilə bağlı anima.az terapevt və konsultant Süleyman Məmməd-zadənin fikirlərini öyrənib.

– Nəzərə alsaq ki, uşağın şəxsiyyəti altı yaşına kimi inkişaf edir, uşaqların psixoloji inkişafında animasiyanın rolunu necə dəyərləndirərdiniz?

– Psixologiya elmi 6 yaşa qədər olan dövrdə uşaqların inkişafında oyunu aparıcı fəaliyyət  kimi müəyyən edir.  "Aparıcı fəaliyyət" dedikdə, məhz bu fəaliyyətin uşağın şəxsiyyətinin inkişafına və onun bütün psixiki proseslərinə əsas təsir göstərməsi nəzərdə tutulur. Animasiyada baş verənlər isə uşağa müşahidə etməyi, animasiyanın qəhrəmanları ilə birgə eyni hissləri keçirməyi öyrədir.  Uşaq müşahidə  zamanı fikrini təmərküzləşdirir  və daha çox şey onun nəzərinə çarpır. Daha sonra özünə qəhrəmanlar seçir və onları özündə proyeksiya edir.

Əgər dostluq qalib gələrsə,  uşağın, mənfi və ya müsbət olmasından asılı olmayaraq, hansı obrazı özünə seçdiyi əhəmiyyət kəsb etmir. Mənfi obraz nəticədə barışır və o da həmçinin müsbət obraza çevrilir. Bu,  reallıqda öz mənfi davranışını yenidən nəzərdən keçirmək və ya onu dəyişmək üçün şansı artırır.

 – Siz, əsasən, yaşca böyük olan pasiyentləri müalicə edirsiz. Animasiyanın  bu yaş qrupuna aid olan şəxslərin psixoloji vəziyyətinə olan təsiri haqqında qənaətiniz necədir?

– Hər bir böyük adamın içində uşaq var. İnsan öz daxilində o uşağı qoruyub saxlayır. Cizgi filmlərini izlədikdə şüursuzluqda öz uşaqlıq illərimizi xatırlayırıq. Belə olduqda, çox zaman, bu, bizdə sevinc və qayğısızlıq hissləri doğurur. Uşaqlıq filmlərimizə dönə-dönə baxırıq və zövq alırıq.  Terapiya zamanı bu xatirələr pasiyentin pozitiv resursları (ehtiyatları) ilə kontakt yaratmağa, ona pozitiv təsir etməyə kömək edir. Bu tip təsəvvürlər pasiyentdə rahatlıq yaradır. Nəticədə, bu hal onun bədəninə təsir göstərir və terapevt onun neqativ enerjisinin üzərində işləyərək, həmin enerjini pozitivləşdirir. Bir sözlə desək, yaddaşımızın, xatirələrimizin vizualizasiyası  bir növ animasiyaya bənzəyir.

– Bildiyimə görə, EMDR terapiyasında seans zamanı pasiyentin şüursuzluq (şüuraltı) səviyyəsindən onun gözləri qarşısında şəkillər canlanır. Bu, bütün həyatı ərzində insanın animasiyaya olan tələbatı və ya meylliliyi olmasına dəlalət edirmi?

– Animasiya da nağıllar kimi təsəvvürümüzü, xəyal dünyamızı genişləndirir. Təsəvvürü, xəyal dünyası geniş olan insan qarşısına yüksək hədəflər qoyur və onlara nail olacağına inanır. Bu, ona yüksək nəticələr əldə etməyə kömək edir. Animasiyanı şəkillərin canlanması kimi başa düşürüksə, o zaman, əlbəttə, EMDR terapiyası vizual (görüntülü), audial (eşitmə) və emosional olaraq keçmiş xatirələri canlandırır ki, xəyal qüvvəsindən istifadə edərək, terapiya əsnasında  keçmiş travmatik hisslər pozitivə transformasiya olunur.  Bu keçmiş xatirələr, narahatlıqlar isə, əsasən, pasiyentin uşaqlıq dövrü ilə bağlı olur. EMDR terapiyası həmin travmatik xatirələri canlandıraraq, yuxarıda qeyd etdiyimiz kimi xəyal qüvvəsinin vasitəsilə onların səbəb olduğu əziyyəti, narahatlıqları aradan qaldırır.

– Bəs, necə düşünürsüz, nə üçün öz yerli animasiya filmlərimizin çəkilməsi labüddür?

– Cizgi filmləri uşaqların yaddaşına həkk olunur.  Bu filmlər uşaqlarımıza mentalitetimizi, mədəni dəyərlərimizi ötürməlidir. Milli folklorumuzdakı qəhrəmanlarla onları tanış etməli, nümunəvi olmalı, həmçinin, yeni qəhrəman obrazları yaratmaqla, milli ideoloji prinsiplərimizi çatdırmalıdır. Cizgi filmləri, həmçinin, bizim milli musiqi, ornament, geyimlər, atalar sözləri, söz birləşmələri, fikir ifadələrini də uşaqların şüursuzluğuna (şüuraltına) ötürməlidir.

Uşaq böyüyür və animasiyadan aldığı məlumatlar toplusu onda qorunub saxlanılır. Şübhəsiz, yerli cizgi filmləri milli dəyərlərimizin davamlı olaraq yaşamasına xidmət etməlidir.