Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-04 20:18:00
Alimlər nəhəng Yer tipli planetlərlə toqquşmaları tədqiq edir

Güclü toqquşmalar digər ulduzlar ətrafında aşkar olunan nəhəng daş planetlər arasında fərqliliyi izah edə bilər. Yeni tədqiqatda göstərilir ki, kosmik cismin planetlə toqquşmasından meydana gələn istilik planet atmosferinin bir hissəsinin və ya tamamının yoxa çıxmasında mühüm rol oynayır.  AzEdu.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytında məlumat verilib. Qeyd edilib ki, NASA-nın Kepler (Kepler Space Telescope) və “Planet Ovçusu” (Planet Hunter) adlanan kosmik teleskopları kiçik dar orbitlərdə ana ulduzların ətrafında fırlanan, ölçüsü Yer və Neptun ölçüsü arasında olan çoxlu sayda planet aşkar edib. Bu planetlərin sıxlıqlarını hesablayan alimlər belə nəticəyə gəliblər ki, bir çox planet massiv helium-hidrogen atmosferinə malikdir. Lakin bu atmosferlərin müxtəlif xüsusiyyətlərə malik olması planet formalaşdıqdan sonra onların təkamülündəki fərqliliyi göstərir.

 

Tədqiqatçılar yeni işdə kompüter simulyasiyasının köməyi ilə aydınlaşdırıblar ki, cavan planetin atmosferinin tamam yoxa çıxması üçün çox massiv nüvə tələb olunmur.

 

Astronomlar müxtəlif toqquşma variantlarını modelləşdirərək belə nəticəyə gəliblər ki, cavan ekzoplanet atmosferinin 50-100 faizinin yoxa çıxması üçün planet kütləsinin onda birindən böyük olmayan kütləli obyekt də kifayət edir.

 

Beləliklə, cavan planetdə bir qayda olaraq bərk qabığın hələ də formalaşmaması və planetin dərin qatlarından çıxan istiliyin səth vasitəsilə sürətli udulması hesabına atmosferin əlavə qızması kimi faktlar da onun itməsinə gətirib çıxarır.

 

Qeyd edək ki, tədqiqat işi elmi preprintlərin arxiv.org serverində yerləşdirilib.

 

Aparıcı müəllif Con Biyerstekerdir (John Biersteker).