Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-04 17:30:47
“İmtahan nəticələri universitetimizdəki xüsusi radio ilə səsləndirilir” - Ali məktəblərimizdəki  fərqlər - SORĞU    

“Bizim universitetdə  mühazirə seminar bölgüsü, ayda bir dəfə keçirilən kollekviumlar yoxdur. Tələbə dərs ili ərzində 5 bədii əsəri oxuyaraq təhvil verir”.

AzEdu.az tələbələr arasında sorğu keçirərək, onlardan  oxuduqları universitetlərin digər ali məktəblərdən fərqləndirən xüsusiyyətlərini öyrənməyə çalışıb.

Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi Məmmədzadə Könül  digər universitetlərdən fərqli olaraq, ADU-da  kollekvium imtahanı olmadığını və  hər dərs ilində 5 bədii əsər oxuyaraq təhvil verdiklərini bildirib:

“Bizim universitetdə imtahanlar yazılı formada verilir. Nəticələr qane etmədikdə, tələbənin haqlı iradları nəzərə alınaraq, qiymətləri mümkün qədər qaldırılır.

Rektorumuz Kamal Abdulla, sözün əsl mənasında, tələbələrin dostudur. Digər rektorlardan fərqli olaraq, daim tələbələrin yanında olub, onların xeyrinə qərar verməyə çalışır. Başqa universitetlərdən fərqli olaraq, tələbə imtahan zamanı istədiyi sayda əlavə vərəq ala bilir.

ADU-da mühazirə seminar bölgüsü, ayda bir dəfə keçirilən kollekviumlar yoxdur. Eyni zamanda, mütaliəyə də böyük önəm verilir. Belə ki, tələbə bir dərs ili ərzində 5 bədii əsəri oxuyaraq, təhvil verir ki, bu da hər halda onun xeyrinədir.  Həmçinin, bizdə dərs müddəti  90 deyil, 80 dəqiqədir.

Əsas fərqlərdən biri də, burada qızların sayının nisbətən çox olmasıdır. Təbriz korpusunda yerləşən oxu zalında tələbələr çox rahat formada oturub, istədikləri kitabları oxuya bilirlər. Əsas korpusun həyətini keçən il bizlərin ixtiyarına verdilər və tələbələr ərazini öz zövqlərinə uyğun boyadılar. Universitetimizin yataqxanası var. Düzü, mən yataqxanada qalmasam da, bildiyim qədəriylə, orada tələbələr üçün lazımı şərait yaradılıb”.

Bakı Avrasiya Universiteti III kurs tələbəsi Rəsulzadə Zəhra oxuduğu universitetdən tam razıdır:

“Bu gün cəmiyyətdə nədənsə, hər kəs özəl təşkilatlara üz tutur. Amma, nədənsə, özəl universitetlər bəyənilmir. Halbuki, əksər xarici ölkələrə baxsaq, ən çox müraciət edilən, ən yaxşı təhsil verən də məhz özəl universitetlərdir. Elə mənim oxuduğum Bakı Avrasiya Universiteti də təhsilin səviyyəsinə görə bəzi dövlət universitetlərdən qat-qat yüksəkdə dayanır. Burada oxuyan tələbə üçün hər cür şərait yaradılıb. Ən əsası da müəllimlərin davranışları... Hər müəllim içəri girərkən üzündən bizə çəkdiyi əziyyət hiss olunur. Bir məsəl var “Yaxşı müəllimdən yaxşı dərs alan, həyatda heç vaxt büdrəməz”. Hər şey müəllimdən başlayır. Bir məkanın ki, öyrədəni yaxşı olur, ora haqqında mənfi fikir söyləmək düzgün deyil. 3 ildir, burada oxuyuram. Qrupda heç birimizin kəsri olmayıb, bütün qiymətlərimiz də yüksəkdir (A,B). Universitetimizdə təhsil səviyyəsi çox yüksəkdir. Ayda 3 dəfə sərbəst iş veririk, hər ay yazılı formada kollekviumlar keçiririk. Bunlardan əlavə, digər özəllərdən fərqli olaraq, universitetimizdə qızlar üçün yataqxana var. Oğlanlar üçün də bu yaxınlarda tikilməlidir”.

 Bakı Mühəndislik Universitetinin III kurs tələbəsi Əliyeva Ləman tipik Azərbaycan universitetlərindən fərqli dərs keçdiklərini deyir:

“Bizdə ilk növbədə hər ayın üçüncü həftəsi imtahanlar keçirilir. Bu imtahanda tələbədən bir ay  ərzində öyrəndikləriylə bağlı soruşulur və bunlar ciddi imtahanlardır. Nəticələri birbaşa bizim sistemimizə yazılır. Daha sonra il sonunda bizdə layihələr olur ki, bu da 10 bal kimi qiymətləndirilir. Bu layihələrdə  hər ixtisasın özunə uyğun layihələr olur. Məsələn, mən tərcüməçilik ixtisasında oxuyuram,  bizdə layihələr lüğətlərin, jurnalların hazırlanması, kitab və filmlərin tərcüməsi və s.-lə bağlı olur.  Bunlar üçün bizə bir ay vaxt verilir və bu vaxt ərzində hazırlayıb təhvil verməliyik. Daha sonra, “Deadline”lər də var ki, bunlar da çox vacibdir.

Universitetdə müxtəlif  istiqamətli klublar var. Doğrudur, bu, bir çox universitetdə  var, amma tipik Azərbaycan universitetindən fərqli olaraq, bizdə klublardakı fəaliyyəti tələbənin qiymətləndirilməsinə təsir göstərir. Belə ki, klublardakı fəaliyyətinə görə tələbəyə bal yazılır. Universitetimizdə radio var ki, imtahan nəticələri, klubların fəaliyyəti onların vasitəsilə deyilir. Sentyabrın sonunda ildə bir dəfə təntənəli şəkildə klubların açılış mərasimi keçirilir, müğənnilər çağırılır. Bir sözlə, universitet klubların fəaliyyətini yüksək qiymətləndirir. Hətta klublar üçün ayrıca bina da var və bina internet və kompüterlə tam təmin olunur.

Universitetin hər il universitet birincisi seçilir. Bu birincinin adı rektorun otağına yaxın bir otaqda xüsusi yerdə qızılı hərflərlə yazılır”.

 Odlar Yurdu Universitetinin I kurs Tələbəsi Abdullayeva Fatimə  də oxuduğu universitetdən tam razıdır:

“Əvvəlcə imtahanlardan başlayım: İmtahanlar kompüterlə keçirildiyi üçün kəsilmək, rüşvət kimi hallar olmur. Müəllimlər təhsil səviyyəsi çox yaxşıdır, bir az çalışmaq kifayətdir ki, normal qiymət alasan. Oxuyanı irəli çəkirlər. Belə ki yaxşı oxuyan tələbələr sertifikatlarlarla, artıq yuxarı kurslarda universitetdə müəyyən işlə təmin olunurlar. Universitetin daxilində, elə öz həyətində kolleci və “British School” var. Şəhərin mərkəzində yerləşir, həyəti çox genişdir, bina olaraq çox gözəl tikilisi var. Yeddimərtəbəlidir və bina internetlə tam təmin olunub. Rektorumuz da yaxşıdır. Klassik rektorlar kimi ancaq ofisində oturmur, ya bufetdə, ya həyətdə həmişə bizim yanımızda olur”.

Azərbaycan Memarlıq və İnşaat Universiteti III kurs tələbəsi Rəsul Hacıyev  universitetin onlara xaricdə təhsil və ikili diplom üçün şərait yaratdığını deyir:

“Universitetimin gözəçarpan əsas xüsusiyyətləri, savadlı və təcrübəli müəllim heyətinin olması, onların  tələbələrlə xoş münasibəti, müəllimlərin dərsə ciddi və tələbkar yanaşması və imtahanların şəffaf keçməsidir. Bizdə digər universitetlərdən ixtisas fərqlərimiz var. Məsələn,  bizim inşaat mühəndisliyi ixtisası tələbələri ilə ara-sıra inşaat sahəsinə, beton zavoda və digər yerlərə öz ixtisasları ilə tanış olmaq üçün ekskursiyalar təşkil olunur. Yuxarı kurslar üçün isə inşaat şirkətləri universitetə dəvət olunur, dəvət olunan şirkətlər çox zaman yüksək bal alan tələbələrlə söhbətləşdikdən sonra onları öz şirkətlərində iş təklifi edirlər. Digər semestrləri xaricdə oxumaq istəyən tələbələr üçün isə xarici universitetlərlə əlaqələr qurularaq onlara ikili diplom qazanmaq şansı yaradılır”.

Azərbaycan Texniki Universitetinin I kurs tələbəsi Hacırzayev Əkbər universitetlərindəki əsas fərqlərdən birinin də oğlanlarının sayının çox olmasını deyib:

“Hazırda əksər universitetlərdə imtahanlar yazılı formada olsa da, də bizdə testlə keçirilir. Digər ali məktəblərdən qaib limitinə görə fərqlənir: başqa universitetlərdə qaib 90 dəqiqəlik dərsə aid olub 5-6 qaib limiti olsa da, bizdə 45 dəqiqəlik dərsə aid olub 15-20 qaib limiti var. Binanın təmiri yaxşı vəziyyətdədir. Buyaxınlarda, da 2-ci korpus təmirdən çıxmalıdır. Universitetin əsas fərqi qızların sayının az olasıdır. Məsələn, bizim qrupda cəmi bir qız var.