Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-04 10:00:00
"Azərbaycanda elmi-texniki tədqiqat  mərkəzləri yaradılmalıdır" -Lütfi Zadədən müsahibə

 

“Professor və müəllimlərin maaşlarının artırılması çox vacibdir” – Lütfi Zadədən müsahibə

Bu gün dahi azərbaycanlı, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin doğum günüdür

AzEdu.az bu münasibətlə  Lütfi Zadənin "Azərbaycan müəllimi" üçün müsahibəsini  (26 Dekabr 2015 ) təqdim edir:

Azərbaycan dünya elminə çox görkəmli alim və mütəfəkkirlər bəxş edib. Onlar dünya elm xəzinəsini öz qabaqcıl ideyaları, kəşfləri ilə zənginləşdiriblər. Hazırda Amerikada yaşayan, Kaliforniya Berkli Universitetinin professoru olan Lütfi Zadə də dünya miqyasında tanınan və hörmət edilən nüfuzlu alimlərdəndir ki, hər bir azərbaycanlı onunla fəxr edir. Lütfi Zadə və onun müəllifi olduğu qeyri-səlis məntiq nəzəriyyəsi və bu nəzəriyyənin elmin inkişafına verdiyi töhfələr barədə çox yazılır. Elm aləmi çox haqlı olaraq onu qeyri-səlis məntiqin (Fuzzy Logic) atası hesab edir. Bu dahi alimin adı dünya elminin nəhəng simaları - İsaak Nyuton, Albert Eynşteyn, Ernest Rezerford, Blez Paskal, Norbert Viner və başqaları ilə bir sırada çəkilir. Bu gün dünya elminə L.Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur.

Bu gün dünyanın müxtəlif ölkələrində Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ilə bağlı olan 25-ə yaxın elmi jurnal buraxılır. Bu jurnallarda hər il qeyri-səlis məntiqə dair minlərlə məqalə dərc olunur. Son illərdə ABŞ, Yaponiya, Avropada qeyri-səlis məntiq nəzəriyyəsinin istehsalata tətbiqinə əsaslanan 1300-dən çox patent tətbiq edilib. 1966-cı ildən İngiltərə, Almaniya, Yaponiya və dünyanın bir çox başqa ölkələrində Lütfi Zadənin yaratdığı elmi məktəblər, laboratoriyalar fəaliyyət göstərir. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, siyasətdə, dilçilik, psixologiya, fəlsəfə, sosiologiya, dini məsələlərdə, münaqişəli problemlərdə istifadə olunur. Professor Lütfi Zadə dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin fəxri doktoru adına layiq görülüb. O, həmçinin bir çox milli akademiyaların üzvüdür. Bu vaxta qədər onun əsərlərinə 36 mindən çox istinad edilib. 94 yaşlı alim bu gün də tədqiqatlarını davam etdirir. Bu günlərdə professor üzərində işlədiyi məqaləni başa vurub və elmi jurnala təqdim edib.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində biz də zəmanəmizin ən nüfuzlu azərbaycanlı alimi ilə əlaqə yaradaraq qəzetimizə müsahibə verməyini xahiş etdik. Son günlər səhhəti ilə bağlı tez-tez həkim nəzarətində olan alim vaxtının azlığına baxmayaraq bizi maraqlandıran bəzi suallarımıza lakonik cavablar verdi. Dahi alimlə söhbətimizi oxucularımıza təqdim edirik.

- Siz Bakıda anadan olmusunuz. İlk müəllimlərinizi, o vaxtkı təhsil mühitini necə xatırlayırsınız?

- Mən 1921-ci il fevralın 4-də Bakıda anadan olmuşam. Atam müxbir və biznesmen, anam isə tibb elmləri doktoru idi. O vaxtlar Azərbaycan Sovet İttifaqının tərkibində idi. 1931-ci ildə, 10 yaşım tamam olanda valideynlərim  Sovet İttifaqında vəziyyətin ağır olduğunu nəzərə alaraq İrana getməyə qərar verdilər. Mən onda Bakıdakı 16 nömrəli məktəbin 3-cü sinfində oxuyurdum. İbtidai məktəbdə oxuyanda elmə və kəşflərə marağın daha çox üstünlük təşkil etdiyi bir mühitin təsiri altında idim. Bu mühit mənim bütün sonrakı həyatımın intellektual inkişafını formalaşdırdı. Mən hələ kiçik yaşlarından elmə böyük maraq göstərirdim.

Bakıdakı məktəb illərimlə bağlı çox əziz xatirələrim var. İlk məktəb illərində mənə dərs demiş bütün müəllimlərimin adlarını xatırlaya bilmirəm. Lakin mən müəllimlərimin çox güclü təsiri altında olmuşam.

- Orta məktəbdə siz daha çox hansı fənlərə maraq göstərir və hansı sahənin mütəxəssisi olmaq istəyirdiniz?

- O vaxtlar keçmiş Sovet İttifaqında alimləri və mühəndisləri çox yüksək qiymətləndirir və onlarla fəxr edirdilər. Belə bir mühit məni gələcəkdə alim və mühəndis olmağa həvəsləndirirdi. 1932-ci ildə ailəmiz İrana köçdü. Tehranda valideynlərim məni Amerika Missioner Məktəbinə qoydular. Bu məktəbdə oxuyarkən sovet və Amerika məktəbləri arasında çox böyük fərq olduğunu gördüm. Bu məktəbdə ilk dəfə olaraq Amerika xalqı, Amerika elmi və mədəniyyəti haqqında məlumat əldə etdim. Orada elmin inkişafı üçün yaradılmış şərait məni hələ məktəb illərindən Amerikaya çəkirdi. Missioner məktəbində tədris proqramları ingilis dilində, müəllimlərim isə Amerikadan idilər. Onlar mənim üçün örnək, nümunə oldular. Mən Birləşmiş Ştatları sevdim və qərara gəldim ki, Amerika mənim yaşamaq, oxumaq və işləmək istədiyim bir ölkədir. O vaxt bu mənim ən böyük arzum idi. Missioner məktəbini başa vurduqdan sonra mən Tehran Universitetinə daxil oldum. Universitetdə dərs deyən müəllimlərin əksəriyyəti Fransanın elitar universitetlərindən idi. Fransız dili dominantlıq təşkil edirdi. Dərsliklərimizin, kitablarımızın əksəriyyəti fransız dilində idi. Universitetdə qaydalar çox sərt idi. Artıq 1942-ci ildə elektrotexnika sahəsində ixtisaslaşmış diplomlu mütəxəssis idim. Mən elektotexnika sahəsində aspirant təhsili almaq üçün Massaçusets Texnologiya İnstitutuna müraciət etdim.

-Böyütmək üçün seçin- Amerikada sizi hansı çətinliklər gözləyirdi? Gələcəyin bir çox məşhur alimləri məhz bu ölkədə elmin ən yüksək zirvəsini fəth edə biliblər. Amerika həyatına uyğunlaşmaq çətin olmadı ki...

- Mən heç bir çətinlik yaşamadım. Çünki İranda Amerika missionerlərinin rəhbərlik etdikləri orta məktəbdə təhsil almışdım. Mən ingilis dilini İranda, orta təhsil illərindən öyrənmişdim. Amerikalıların həyat və iş tərzini də onlardan götürmüşdüm. 1944-cü ilin iyulunda Birləşmiş Ştatlara gəldim. Bu, mənim həyatımda yeni mərhələnin başlanğıcı, yeni bir dünya idi və mən tezliklə bu dünyanı sevdim. Massaçusets Texnologiya İnstitutunda (MTU) dərslərin Tehran Universitetindən daha asan olması məni çox təəccübləndirdi. MTU-da öyrəndiklərimin əksəriyyəti mənim üçün yeni idi. Məni Massaçusets Texnologiya İnstitutunun aspiranturasına qəbul etdilər. Bu ali məktəbin kurslarında ən yüksək qiymət aldım və fəlsəfə doktoru kimi elmi fəaliyyət göstərməyimə imkan əldə etdim.

- Amerikada necə dəstək qazandınız?

- Mən elektrotexnika sahəsində ilk magistr dərəcəmi 1946-cı ildə aldım. MTU-da qalıb fəlsəfə doktoru dərəcəsi üzrə təhsilimi davam etdirə bilərdim, lakin valideynlərimə yaxın olmaq üçün Nyu-Yorka köçməyə qərar verdim. Mənə Nyu-Yorkda Kolumbiya Universitetində elektrik mühəndisliyi müəllimi kimi işə düzəlmək xoşbəxtliyi nəsib oldu. 1949-cu ildə Kolumbiya Universitetinin fəlsəfə doktoru elmi dərəcəsini aldım. Mənim akademik karyeramın ilk illəri dünyada kompüter və informasiya texnologiyalarının yaranması ilə eyni vaxta təsadüf etdi. Bu, ABŞ və Sovet İttifaqı arasında rəqabətin xüsusilə kəskinləşdiyi maraqlı bir dövr idi. Kolumbiya Universitetində mənim elmi tədqiqatlarım əsasən sistem nəzəriyyəsi və informasiya sistemlərinə yönəlmişdi. Bu universitetdə mən 1959-cu ilə qədər işlədim, daha sonra isə Kaliforniya Universitetinin elektrotexnika mühəndisliyi fakültəsinə müəllim vəzifəsinə qəbul olundum.

Bu dövrdə ehtimal nəzəriyyəsi elmi işlərimdə mərkəzi yeri tuturdu. Mənim ilk işim 1949-cu ildə “Tətbiqi fizika” jurnalında dərc olunmuş “Ehtimal kriteriyaları” adlı məqaləm idi. 1950-ci ildə adıçəkilən jurnalda “Vinerin proqnozlaşdırma nəzəriyyəsinin genişlənməsi” adlı ikinci məqaləm nəşr olundu. Mənim universitetin riyazi statistika şöbəsi və onun rəhbəri Herbert Robbinc, gözəl riyaziyyatçı və yaxşı dost olan R.E.Bellman ilə sıx əlaqələrim var idı. Kolumbiyada mən tezliklə elmi karyeramı inkişaf etdirərək 1958-ci ildə tam professor vəzifəsinə qədər yüksəldim. Daha sonra isə, 1959-cu ildən Norbert Vinerin təklifi ilə (kibernetikanın atası) Kaliforniyaya köçdüm və bu günə kimi burada işləyirəm. Qeyri-səlis məntiqlə yanaşı, avtomatlar nəzəriyyəsi ilə də maraqlanırdım. Mən ABŞ-ın Prinston, Nyu-Cersi ştatlarında elmi ezamiyyətlərdə olurdum. Prinstonda aparıcı məntiqşünas və filosoflardan Klini, Kuayn, Kreisi və digərləri ilə tanış oldum. Onların seminar və mühazirələri cəlbedici, həm də səmərəli təcrübə idi. Bundan sonra Klini mənim müəllimim oldu, onun tövsiyəsi ilə qeyri-səlis məntiqə dair mühazirələr oxumağa dəvət olundum. 1966-cı ildə Moskvada Beynəlxalq Riyaziyyat Konqresində iştirak edərək qeyri-səlis məntiq nəzəriyyəsini məşhur rus alimi Kolmoqorovla müzakirə etmək imkanı qazandım.

- Siz qeyri-səlis məntiq nəzəriyyəsinin banisisiniz. Lakin bir çoxları hələ də bu nəzəriyyənin həyatda öz təsdiqini necə tapmasından məlumatsızdır. Xahiş edirik söyləyəsiniz, bu nəzəriyyə necə yarandı?

- Bu suala cavab tapmaq üçün mənin sizə göndərdiyim “Fuzzy logic - A personal perspective” (“Qeyri-səlis məntiq-şəxsi perspektiv) məqaləmə baxa bilərsiniz. Qeyri -səlis məntiq nəzəriyyəsinə həsr olunmuş məqaləm ilk dəfə 1965-ci ildə “Information and Control” jurnalında dərc olundu. Çox maraqlıdır ki, ilk vaxtlarda nəzəriyyə etinasızlıq, şübhə və kinayə ilə qarşılandı. Nəzəriyyə barədə müsbət fikirlər olduqca az idi. Mən qeyri-səlis məntiq nəzəriyyəsinə dair fikirlərimi özümün ən yaxın dostlarım olan Herbert Robbins və Riçard Bellmana izah etdim. Çünki onlar riyaziyyat sahəsində məndən çox peşəkar idilər. Lakin onlar öz problemləri ilə məşğul idilər və məni təkbaşına buraxdılar. 1964-cü ildə “Qeyri-səlis məntiq” adlı məqaləmi oxuyub şərh etməsi üçün Riçard Bellmana göndərdim. Lakin bu dəfə də məqaləyə baxmaqdan imtina etdilər. Gözəl proqramçı, mənim həmkarım olan professor Uilyam Kexen bildirirdi ki, “qeyri-səlis nəzəriyyə yanlış, yanlış və çox zərərlidir”. İş otağı mənim kabinetimdən bir neçə addım uzaqda olan Kexen “mən adi bir qeyri-səlis nəzəriyyənin köməyi ilə həllini tapa biləcək bir problem görmürəm” deyirdi. Məqaləmin işıq üzü görməsindən sonra hələ uzun müddət bu nəzəriyyənin əleyhinə çıxanlar var idi. Lakin nəzəriyyənin əleyhinə olan mənfi rəylərin mənim elmi işlərimə hər hansı təsiri yox idi, əmin idim ki, işlərim düzgün yoldadır və qeyri-səlis məntiq artıq geniş şəkildə qəbul olunmaqdadır. Buna baxmayaraq mənim işlərim Yaponiyada alqışlanır və heyranlıqla qarşılanırdı. Mənfi rəylərlə yanaşı, mən tezliklə Yaponiyadan, bu ölkənin sənaye və beynəlxalq ticarət hökumət palatasından məktub aldım. Məktubda nəzəriyyənin maraqla qarşılandığı bildirilir və qeyri-səlis çoxluğun nümunələrin aşkar edilməsi və informasiyaların emalı kimi problemlərin həllində əhəmiyyətli olduğu vurğulanır, adıçəkilən sahələrdə çoxluq nəzəriyyəsinin yaxşı perspektiv vəd etdiyi bildirilirdi. Nəhayət, ötən əsrin 70-80-ci illərində qeyri-səlis məntiq nəzəriyyəsi artıq Avropada da öz tətbiq sahəsini tapmağa başladı. Xüsusən də Şərqi Avropa və Sovet İttifaqında nəzəriyyə qəbul olundu.

Təhsilimə görə riyaziyyatçı olmasam da, mən hər zaman riyaziyyatın üstün olmasına dərindən inanmışam. Ötən əsrin 60-cı illərinin əvvəllərində riyaziyyatın dəqiqliyi ilə real dünyanın qeyri-dəqiqliyi arasında fərqi başa düşməyə başladım. Problem ondadır ki, riyaziyyat siniflərin dəqiq sərhədlərə malik olduğunu irəli sürür, real dünyada isə siniflərin sərhədləri qeyri-səlisdir. “Qeyri-səlis çoxluq” nəzəriyyəsi riyaziyyatın əsaslarının genişləndirilməsi üçün qapılar açır.

- Bir neçə dəfə ölkəmizdə elmi səfərdə olmusunuz. Azərbaycanın elmi potensialını necə qiymətləndirirsiniz?

- Azərbaycanda elm və texnologiyaların inkişafı üçün potensial böyükdür. Lakin texniki universitetlərin məzunlarının işlə təmin olunması məsələsində problemlər var. Azərbaycanda sənaye sahəsinin inkişafına nail olmaq lazımdır ki, gənc mühəndislər özlərinə iş tapa bilsinlər. Amerikaya ali təhsil almağa gələn azərbaycanlı tələbələr universitetləri bitirdikdən sonra Birləşmiş Ştatlarda qalmağa meyllidirlər. Buna görə də Azərbaycanda elmi-texniki tədqiqat işləri daha yüksək səviyyədə aparılmalı, yeni tədqiqat mərkəzləri yaradılmalıdır.

- Tələbələrimizin dünyanın aparıcı universitetlərində təhsil almasına münasibətiniz?

- Müsbət yanaşıram. Xaricdə təhsil məsələsi Azərbaycan da daxil olmaqla bütün ölkələr üçün ən aktual məsələdir. Bunu qloballaşan dünyanın çağırışları tələb edir. Tələbələrin xaricdə təhsil alması aktualdır. Çünki Azərbaycanın mühəndis kadrları hazırlayan universitetlərini bitirən tələbələrin xarici ölkələrin nüfuzlu ali məktəblərində öz təhsillərini artırması çox vacibdir. Tələbələrin xarici ölkələrdə öz ixtisaslarını təkmilləşdirməsi və peşəkar karyeralarını qurması Azərbaycanla yanaşı Rusiya və digər ölkələr üçün də xarakterikdir, bu proses hazırda hər yerdə gedir və onun qarşısını almaq mümkün olmayacaq.

- Azərbaycanın təhsil sistemində aparılan islahatları necə qiymətləndirirsiniz?

- Düzdür, mən islahatların detalları ilə tanış deyiləm, lakin hesab edirəm ki, dəyişikliklər inkişafa aparan mühüm istiqamətdir. Təhsil sahəsi hər zaman yeniləşməlidir. Aparılan müsbət islahatlar çərçivəsində professorların, müəllimlərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılmasını da çox vacib hesab edirəm.

- Fikrinizcə, hansı texnologiyalar yaxın on illiklərdə insanların həyatını dəyişəcək?

- Bəşəriyyətin gələcək inkişafı üçün ən güclü texnologiya - informasiya-kommunikasiya texnologiyaları olacaq. Sonrakı illərdə də həyatımızda bu texnologiyalar həlledici rol oynayacaq. İnformasiya texnologiyaları sahəsində daha çox işlər görülməlidir.

- Siz 60 ildən artıq bir müddətdir ki, Amerikada elmlə məşğulsunuz. İşlərinizi davam etdirən yetirmələriniz varmı?

- Əlbəttə. Bəli, çoxlu tələbələrim var. Onlar qeyri-səlis məntiq nəzəriyyəsi sahəsində çalışır və öz axtarışları, elmi tədqiqatlarını davam etdirirlər. Tələbələrimin bu sahədə elmi nəticələri də var.

- Sonda oxucularımız adından Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir və möhkəm cansağlığı və elmı fəaliyyətinizdə uğurlar arzulayırıq. Oxucularımıza arzularınız?

- Mən də Azərbaycan xalqını, bütün oxucularınızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm. Xalqıma ən xoş arzularımı çatdırıram.