Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-02 15:20:00
Təmirə ehtiyacı olan məktəblər, tələbə köçürmələri və magistraturaya sənəd qəbulu - Həftənin təhsil icmalı

 AzEdu.az həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Təmirə ehtiyacı olan məktəblər növbəti dövlət proqramına salınacaq

Bu  sözləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda deyib.

Ölkə başçısı bildirib ki,  sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək:

"Baxmayaraq ki, 3272 məktəb tikilib və təmir edilib. Bu orta təhsil müəssisələri mövcud məktəb fondunun 73 faizi deməkdir. Ancaq təmirə ehtiyacı olan məktəblər var və bu işlər də növbəti dövlət proqramında nəzərdə tutulacaq".

Nazir müavini Tacikistanın səfiri ilə görüşüb

Təhsil nazirinin müavini, Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Firudin Qurbanov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb.

Firudin Qurbanov ölkələrimiz arasında mövcud olan dostluq, qardaşlıq əlaqələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müxtəlif sahələrdə, o cümlədən elm və təhsil sahəsində inkişaf etdiyini bildirib.

Son illər təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlər, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verən Firudin Qurbanov qeyd edib ki, Dövlət Strategiyasında təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, kadr hazırlığının gücləndirilməsi, müəllim peşəsinin nüfuzunun artırılması, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsi əsas hədəflər kimi götürülür. Strategiyanın reallaşdırılması təhsilin məzmununun mənimsənilməsini təmin edən səriştəli təhsilverənlərin  formalaşdırılmasına, təhsildə nəticələrə görə cavabdeh, şəffaf, səmərəli tənzimləmə və idarəetmə mexanizmlərinin, müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun formalaşdırılmasına zəmin yaradacaq.

Son 10 ildə Azərbaycan təhsilində ciddi islahatların aparılmasına, təhsilin keyfiyyətinin yüksəlməsi naminə görülən işlərə diqqən çəkən Firudin Qurbanov, eyni zamanda, bu il 100 illiyini qeyd edəcək Bakı Dövlət Universtetinin innovasiya, yaradıcılıq, akademik tədqiqata böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu bildirib.

Firudin Qurbanov Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamı qeyd edərək yubiley tədbirlərinin YUNESKO, İSESKO və digər beynəlxalq təşkilatlar tərəfindən keçirilməsi haqqında qərarların qəbul olunduğunu da diqqətə çatdırıb.

Təhsil naziri əmr imzaladı - Şagirdlər arasında müsabiqə keçiriləcək

Təhsil naziri Ceyhun Bayramov ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.

Müsabiqənin keçirilməsində məqsəd Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir.

Müsabiqə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil ediləcək.

“Ən yaxşı təqdimat” müsabiqəsinin ilk mərhələsi 2019-cu ilin fevral-mart aylarında rayon və şəhərlərdə, ölkə mərhələsi isə aprel ayında Bakıda keçiriləcək.

Sabahın alimləri” VIII Respublika müsabiqəsində iştirak edəcək  şagirdlərin sayı açıqlandı

Cari ilin 12-14 fevral tarixlərində “Sabahın alimləri” VIII Respublika müsabiqəsi təşkil olunacaq.

Müsabiqədə iştirak etmək üçün 225 layihə təqdim olunub. Elmi Ekspertiza Komissiyasının rəyi əsasında müsabiqəyə 187 layihə üzrə 311 şagird buraxılıb. Bunlardan 63-ü fərdi, 124-ü isə kollektiv layihələrdir. İştirakçıların  83 nəfəri IX, 120 nəfəri X, 108 nəfəri XI sinif şagirdidir. 

“Sabahın alimləri” VIII Respublika müsabiqəsində Bakı şəhəri üzrə 116, Sumqayıt şəhərindən 34, Balakən rayonu üzrə 8, Ucar rayonundan 6, Abşeron və Şirvan rayonlarının hər birindən 4, Şəki, Qax, Cəlilabad rayonlarının hər biri üzrə 3, Lənkəran rayonundan 2, Gəncə şəhəri, Xaçmaz və İsmayıllı rayonlarının hər biri üzrə 1 layihə təqdim olunub. 

Müsabiqənin keçirilməsinin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara cəlb edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisinə  göndərilməsini təmin etməkdir.

Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.

Həftənin təhsil  informasiyaları

Magistraturaya sənəd qəbulu başladı

Fevralın 1-dən 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu başlayıb.

Bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılacaq. 

İmtahanda iştirak etmək üçün bakalavr fevralın 1-dən 11-dək Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə etməlidirlər.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə fevralın 1-i saat 10.00-dan fevralın 11-i saat 23.59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurub və təsdiq etməlidirlər.

 

Məktəblilərin qış tətili başa çatdı 

Fevralın 1-dən etibarən Azərbaycanın orta məktəblərində qış tətili başa çatıb.

2018-2019-cu dərs ilinin 5 günlük tətili yanvarın 27-də başlamışdı.

Fevralın 1-də isə ümumtəhsil məktəblərində dərslərə start verilib.

Qeyd edək ki, məktəblərdə dərs məşğələləri sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.

Dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

Tələbələrin köçürülməsi başladı 

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkədə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılıb.

Transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu fevralın 7-dək davam edəcək.

Qeyd edək ki, portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdirlər. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.

Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.

Transfer.edu.az portalı vasitəsi ilə köçürülən tələbələr köçürüldüyü ali təhsil müəssisəsindən və yaxud ixtisasından imtina etmək hüququna malik deyil.

Günel Yaşarqızı
Müəllifin digər yazıları