Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-29 14:48:00
“İraq göz"dən baxış- Əvvəlki nüfuzunu itirən, Sovetdən “yadigar qalan”  universitetlər- RUBRİKA  

AzEdu.az  “İraq göz” lahiyəsi çərçivəsində xaricdə təhsil alan  tələbə və məzun  soydaşlarımızınAzərbaycan universitetləri haqqında qısa fikirlərini təqdim edir.

Yəni, özümüzə bir növ, iraqdan, iraq gözdən baxacağıq...

Qeyd edək ki, müsahiblərə    bir  çox ali təhsil müəssisələrinin adlarını təqdim etsək də, onlar  yalnız  məlumatlı olduqları  universitetlər haqqında danışıblar…

Yəni, hər hansı universitetin  adının  çəkilib-çəkilməməsi redaksiya heyətinin mövqeyini əks etdirmir:

Macarıstanın Szeged Universitetinin tələbəsi Tofiq Bayramov:

ADA Universiteti – Bu ali təhsil müəssisəsini  bakalavr təhsili olaraq seçməyim həyatımda verdiyim ən düzgün qərarlardan biridir. ADA  Universitetində təhsil almaq hər gənc üçün möhtəşəm  şansdır, çünki burada tələbələr öz bilikləri ilə yanaşı, dünyagörüşlərini də zənginləşdirirlər. ADA Universiteti, təkcə savadlı kadr deyil, həm də özünə inanan, hərtərəfli vətənpərvər şəxsiyyətlər hazırlayır. ADA Universitetində öyrəndiyim bilik və təcrübə hazırda oxuduğum Szeged Universitetində çox işimə yarayır. Sadəcə ADA Universitətində təhsil haqqının çox yuxarı olması orta maaşlı və kasıb ailələrin istedadlı uşaqlarının burada oxumasına əngəl yaradır. Ümidvaram ki, gələcəkdə buradakı təhsil ödənişi Azərbaycandakı ailələrin mövcud iqtisadi reallığına uyğun olaraq müəyyən ediləcək.

UNEC – Burada son illər aparılan islahatlar universitetin reputasiyasını müsbət mənada çox dəyişib. Rəhbər işçilərin dəyişilməsindən sonra rüşvət azalıb və daha savadlı kadrlar üçün “Sabah” və “İSE” kimi qruplar yaradılıb. Bu kimi hadisələr çox müsbətdir, çünki bu qruplarda təhsil yüksək səviyyədədir. Qeyd etdiyim qruplarda  həm də tələbələr İngilis dilindətəhsil alırlar. Fikrimcə, adi qruplar üçün dətəhsilin keyfiyyəti daha yaxşı olmalıdır.  Çünki,  qruplar arasında keçirilən tədris çox fərqlidir və belə ayrıseçkilikolmamalıdır. Adi qruplarda da  tədris ən azı  ingilis dilində olmalıdır. Ümumiyyətlə, dəyişikliklər müsbətdir, amma hələ də universitetdə təhsilin strukturunda və müəllim heyətində müəyyən dəyişiklərin edilməsi zəruridir.

Bakı Mühəndislik Universiteti – Əvvəl Qafqaz Universiteti adı ilə tanınan bu təhsil müəssisəsi Azərbaycanın ən güclü təhsil ocaqlarından biri idi. Təəssüf ki, sonradan universitetin reputasiyası zəiflədi: əvvəllər potensial tələbələrin ilk seçimi olan bu təhsil ocağı əvvəlki reytinqini itirdi. Orada tək-tük müsbət məqamlardan biri güclü müəllim heyətinin qorunub saxlanılması oldu ki, keçirilən tədris daha az zərər gördü. Ümidvaram ki, bu universitetdə artıq stabillik bərqərar olar və Bakı Mühəndislik Universiteti, ən azı, sələfi qədər uğurlu olar.

 

Türkiyənin Bilkent Universitetinin tələbəsi  Ayxan Əhmədli:

Azərbaycan-Fransız Universiteti- Bu ali təhsil müəssisəsi fikrimcə, Azərbaycanda ən yaxşı universitetlərdən biridir.  Bildiyim qədəri ilə təhsil sistemi Strasburq Universiteti ilə eynidir.  Tələbələrin Strasburq diplomu alması UFAZ-ı digər universitetlərdən fərqləndirən əsas cəhətdir. Orada oxuyan dostlarım çoxdur və eşitdiyimə görə dərslər nisbətən ağırdır. Türkiyədə oxumaq şansım olmasaydı, UFAZ-da oxumaq istəyərdim.

Bakı Ali Neft Məktəbi- Bu ali təhsil müəssisəsi haqda məlumatım çoxdur. Türkiyədə oxusam da, həm də DİM imtahanından topladığım  bal ilə Bakı Ali Neft Məktəbinə daxil olmuşdum. Fikrimcə, BANM təcrübə cəhətdən Azərbaycanda ən yaxşı universitetdir. Deyəsən, son illərdə universitetdə sponsorlarla əlaqəli biraz problemlər yaranıb. Buna baxmayaraq təhsilin keyfiyyətinə təsir etdiyini düşünmürəm.

 Azərbaycan Dillər Universiteti – Bu ali təhsil müəssisəsi haqda da məlumatım kifayət qədərdir.Universitetin təhsil sistemi fikrimcə, beynəlxalq standartlara heç uyğun deyil. Burada hələ də bilet sistemi ilə imtahan təşkil etməkləri, keçirilən dərslərin bəzilərinin ixtisasdan kənar olması tələbələri biraz yorur.

ADA Universiteti – Bu ali təhsil müəssisəsi Azərbaycanda  çox inkişaf etmiş universitetlərdən biridir. Orada bir neçə dəfədebatlarda iştirak edərək,digər Azərbaycan universitetlərindən nə qədər fərqləndiyini görmüşəm. Fikrimcə, ADA Azərbaycanda birinciliyə namizəd olan 2-3 universitetdən biridir.

Ümumilikdə diqqət yetirsək, dövlət universitetlərinin bəzilərində rektorların səyi nəticəsində irəliləyiş olsa da bir çoxu  sanki Sovet dövründə qalıb. Bu sistemlə yetişən tələbələr də müasir sistemli universitet məzunları ilə heç cür rəqabətə girə bilmir. Beləliklə də onlar üçün diplom dəyərsiz hala düşür.

Günel Yaşarqızı
Müəllifin digər yazıları