
Yanvarın 29-da Azərbaycanın görkəmli bioloq alimi, “Qırmızı Əmək Bayrağı” ordeni və “Akademik Həsən Əliyev” adına mükafatların laureatı, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Dəmir Hacıyevin anadan olmasının 90 ili tamam olur.
AzEdu.az xəbər verir ki, ömrünün 47 ilini elmə həsr edən alimin tədqiqatlarının istiqamətini paleontologiya, paleobiologiyа, paleoteratologiya və paleopatologiyanın bir çox istiqamətləri, eləcə də zoologiya, stratiqrafiya, tibbi biologiya, tibbi genetika və kosmik biologiya təşkil edib.
1952-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini bitirən alim uzun müddət Avrasiyanın miosen faunasını (hipparion) öyrənib, həmçinin qədim məməlilərin yeni cins və növlərini təsvir edib. Onun rəhbərliyi altında müqayisəli osteologiya, miologiya, odontologiya və arxeozoologiya üzrə tədqiqatlar aparılıb, diş aparatının və skelet sümüklərinin makro və mikrostrukturuna əsasən məməlilərin fərdi yaşının təyin olunmasının kompleks üsulu işlənib hazırlanıb.
Ötən əsrin 60-cı illərində Məmmədəli Hüseynov tərəfindən Dağlıq Qarabağın cənubunda aşkar edilmiş qədim insan məskəninin öyrənilməsində, dünya miqyasına qaldırılmasında D.Hacıyevin böyük rolu olub. O, Azıx mağarasının 5-ci təbəqəsində aşkar edilən daş alətlərin Orta Aşel mədəniyyətinə mənsub olduğunu təsdiqləyib, o cümlədən həmin təbəqədə tapılan ibtidai insanın alt çənə sümüyünün 20-22 yaşlı qadına məxsusluğunu müəyyənləşdirib.
1972-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilən alimin tədqiqatları yüksək qiymətləndirilib və o, “Qırmızı Əmək Bayrağı” ordeninə (1971), “Fədakar əməyə görə” medalına (1970), SSRİ Elmlər Akademiyasının “Akademik S.İ.Vavilov” adına xatirə medalına (1983), “Akademik Həsən Əliyev” adına mükafata və diploma (1996), “Əməkdar elm xadimi” fəxri adına və bir sıra fəxri fərmanlara layiq görülüb.
Dəmir Hacıyev 1999-cu ildə 70 yaşında Bakıda vəfat edib.
Qeyd edək ki, AMEA Rəyasət Heyətinin cari il yanvarın 16-da baş tutan iclasında Dəmir Hacıyevin 90 illik yubileyinin qeyd edilməsi qərara alınıb.
kitabı







