Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-02 14:12:05
7 dəfə bahalaşan sınaq imtahanları - Problemlər və bunun səbəbləri

 

 

“2016-cı ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv olundu və onun yerinə publik hüquqi şəxs olan Dövlət İmtahan Mərkəzi yaradıldı. Bundan sonra DİM göstərdiyi elektron xidmətlərdə müəyyən problemlər yaşanmağa başladı”.

Bu sözləri AzEDU-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib. Onun sözlərinə görə, bu problemlər əsasən, sınaq, qəbul imtahanları üçün iştirakçıların qeydiyyatdan keçməsi ilə bağlı oldu. “Belə ki, prosedur qaydaları X və XI sinif şagirdlərinin təkbaşına həll edəcəyi səviyyədə deyildi. Kənardan peşəkar kömək olmadan qeydiyyatdan keçmək çox müşkülə çevrildi. Məhz bu amil də sınaq imtahanlarında iştirak edənlərin sayına ciddi təsir göstərdi. Əgər 2015-ci ilin bir sınaq imtahanında 50 mindən çox yer ayrılırdısa, o yerlər bir neçə saatın ərzində tutulurdu. İndi isə 23 min yer ayrılıb, amma 20 gün ərzində o yerlər tam tutulmayıb”.

Ekspert bildirib ki, sınaq imtahanında iştirak edənlərin sayına xidmət haqlarının çoxluğu da təsir göstərir:

“Sınaq imtahanlarında abituriyentlərin qarşılaşdığı başqa bir problem təqdim olunan test tapşırıqlarının qəbul modelində olmamasıdır. Bu imtahanlarda istifadə olunan test tapşırıqları əvvəllər istifadə olunmuş, DİM-in test bankından və ya sinif testlərindən olduğu kimi götürülmüş test tapşırıqlarıdır ki, bu da abituriyentlərə öz biliklərini yoxlamağa imkan vermir. Başqa bir problem isə burada istifadə olunan test tapşırıqları mövzularının may-iyun aylarında tədris proqramında olanlarla eyniliyidir. Nəzərə alaq ki, imtahanda iştirak edənlər əslində, orta məktəb bilikləri ilə iştirak edirlər, repetitorun proqramı ilə yox. Ona görə də DİM sınaq imtahanları zamanı Təhsil Nazirliyinin orta məktəblərdə tədris proqramını nəzərə almalıdır. Keçmədiyi sualı yaza bilməyən şagird az bal toplayır, bu da ona psixoloji təsir göstərir”.

K.Əsədov deyir ki, sınaq imtahanları abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşması üçündür:

“Bu zaman imtahan iştirakçıları təkcə biliklərini yox, eyni zamanda bacarıqlarını, zamanla işləmək qabiliyyətlərini, testin düzgün cavablarının cavab kartına düzgün köçürülməsi vərdişlərini formalaşdırırlar. Ona görə də qəbul imtahanda iştirak edəcək hər bir abituriyentin sınaqlarda iştirakı vacibdir. Lakin müəyyən səbəblərdən bütün şagirdlər sınaq imtahanlarında iştirak edə bilmirlər. Buna qeyd etdiyim kimi sınaq imtahanlarında iştirak etmək üçün tələb olunan vəsaitin çoxluğu, imtahan keçirilən məktəblərin onlardan uzaq məsafədə yerləşməsi də səbəb olur. DİM sınaq imtahanları üçün nəzərdə tutulmuş binaları müəyyən edərkən ilk növbədə o yerlərin mərkəz yer olmasını, o ərazilərdə qəbul imtahanlarında iştirakın kütləvi olmasını nəzərə alır. DİM buraxılış imtahanlarını daha çox imtahan binasında keçirə bilirsə, sınaq imtahanlarının iştirakçılarının da rahat və təhlükəsiz gəlməsi üçün bütün rayon, hətta qəsəbə və kəndlərdə sınaq imtahanı binaları təşkil etməlidir”.

Ekspert bildirib ki, 2016-cı ilə qədər sınaq imtahanlarında iştirak üçün 3 manat tələb olunurdu. Bu ildən sonra isə bakalavr pilləsində keçirilən sınaq imtahanlarında bir nəfərin iştirakı 20 manata, magistr pilləsi üçün isə 30 manat müəyyən olundu:

“Əlbəttə ki, Azərbaycan cəmiyyəti üçün bu rəqəmlər kifayət qədər böyük idi. Nəzərə alsaq ki, DİM publik hüquqi şəxsdir və dövlət büdcəsindən maliyyələşmir, bu zaman bütün xərcləri, sərf etdiyi resursları hesablayıb xidmət haqqı müəyyən edir. Qiymətlərə təsir göstərən amillər əsasən, test tapşırığı yazan, yoxlayan mütəxəssislərə verilən vəsaitlər, sual kitabçası üçün sərf olunan kağız daşıyıcıları və elektron xidmətlərin dəyəri, imtahan nəzarətçisi və rəhbərinə verilən vəsaitlər, nəqliyyat və digər xərclərdir. Yəni DİM bütün xərcləri və özünün büdcəsini formalaşdırmaq üçün lazım olan məbləği hesabladıqdan sonra müəyyən imtahanlar üzrə xidmət haqları müəyyən edir. Nə qədər yüksək görünsə də, əməkdaşların saxlanılması və digər vacib amillər üçün bu vəsait zəruridir”.

Qeyd edək ki, aprelin 1-də I-IV ixtisas qruplarına qəbul üçün DİM-in təşkil etdiyi ilk sınaq imtahanı keçirilib. İştirak üçün 23579 abituriyent qeydiyyatdan keçib.