Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-28 14:27:00
Geosistemlərdə təbii-antropogen təsirlər nəticəsində baş verən dinamik dəyişikliklər öyrənilir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda ötən il “Azərbaycanda geosistemlərdə təbii-antropogen təsirlər nəticəsində baş verən dinamik dəyişikliklər və onların proqnozlaşdırılması problemləri” (2017-2021) mövzusu üzrə tədqiqatlar aparılıb.

İnstitutdan AzEdu.az-a bildirilib ki, mövzu üzrə Azərbaycanın arid və semiarid geosistemlərinin təbii dinamikası, antropogen transformasiyası və onların idarə olunmasının landşaft-ekoloji əsasları (Kür dağarası çökəkliyi timsalında) öyrənilib. İlk dəfə arid və semiarid geosistemlərin transformasiyası və dinamikası kompleks-sistemli şəkildə tədqiq edilib, antropogen transformasiya xəritəsi tərtib olunub. Müəyyən edilib ki, geosistemlərin inkişaf tendensiyaları təbii amillərdən asılı olsa da, onların dəyişmə intensivliyi antropogen təsirlərlə bağlıdır. Son 150 il ərzində Kür dağarası çökəkliyində yarımsəhraların sahəsi 1,5; quru və kserofit kolluq bozqırların sahəsi 2,5-3; seliteb-texnogen komplekslərin sahəsi 5,4 dəfə artıb, digər komplekslər isə əksinə - arid meşələr 8,4; tuqay meşələr 5,2; hidromorf landşaftların sahəsi 2,4 dəfə azalıb.

Tərtib edilmiş irimiqyaslı tibbi-ekogeokimyəvi landşaft xəritələrin təhlilindən məlum olub ki, bir sıra xəstəliklərin – bruselyoz, ürək-damar, hipertoniya və s. risk coğrafiyası ekogeokimyəvi şəraitə uyğun olaraq dəyişib.