Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-27 16:20:00
Nazir müşaviri seçilən müəllim, qanun layihəsi və Dünya Təhsil Forumu –Həftənin təhsil icmalı

AzEdu.az həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Prezident İnstitutun açılışında olub

Yanvarın 24-də Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında iştirak edib.

Kənd təsərrüfatı naziri İnam Kərimov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Bildirildi ki, ərazidə inzibati-laboratoriya binası, yeməkxana, toxum saxlanma anbarı, toxum emalı məntəqəsi, toxum təmizləmə sexi, istixanalar kompleksi, toxum satış mərkəzi yaradılıb. Burada ümumilikdə, 16 hektar sahədə tikinti, abadlıq və yaşıllaşdırma işləri görülüb.

Prezident İlham Əliyev institutun binasının rəmzi açılışı bildirən lenti kəsdi.

İnstitutun laboratoriyalarında ən müasir cihaz və avadanlıqlar quraşdırılıb. Bu avadanlıqlar torpaq, su, pestisid, virus, azot-protein, nişasta və bir sıra digər analizlərin həyata keçirilməsinə imkan verir. Burada, həmçinin virussuz kartof toxumçuluğunun müasir səviyyədə təşkili üçün biotexnologiya laboratoriyası da qurulub.

Qeyd edək ki, bu institut Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 6 may tarixli qərarına əsasən tərəvəz, bostan və kartof bitkilərinin seleksiyası, toxumçuluğu, aqrotexnikası, bitki mühafizə tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi məqsədilə yaradılıb. “Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 iyul tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq bu toxumçuluq kompleksi inşa olunub.

Təhsil naziri Dünya Təhsil Forumunda çıxış etdi

Təhsil naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 20-23 yanvar 2019-cu il tarixlərində Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edir. AzEdu.az xəbər verir ki, təhsil naziri Forumun ikinci günündə "Təlim və tədris keyfiyyətinin yaxşılaşdırılması imkanları” adlı sessiyada çıxış edib. Nazir ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlar barədə ətraflı məlumat verib. Ceyhun Bayramov müəllim peşəsinin nüfuzunun artırılmasının sözügedən strategiyanın əsas hədəflərindən biri olduğunu diqqətə çatdırıb. Həmçinin, ali məktəblərə qəbul imtahanında yüksək nəticə qazanan məzunları müəllimlik ixtisasına təşviq edən  təqaüd proqramı, modul üzrə ixtisasartırmanın təşkili, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılmasının bu sahədə keyfiyyətcə yeni mərhələnin başlandığından xəbər verdiyini vurğulayıb.

Ceyhun Bayramov eyni zamanda Təhsil Nazirliyi tərəfindən təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər və həyata keçirilən pilot layihələrə dair məlumatı iştirakçıların nəzərinə çatdırib.

Daha sonra nazir sessiya çərçivəsində Forum iştirakçılarının suallarını cavablandırıb.

Azərbaycanlı  tələbə Avropa Kosmos Həftəsində iştirak edib 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin 3-cü kurs tələbəsi Leyla Mehdiyeva 3-6 dekabr tarixlərində Fransanın Marsel şəhərində Avropa Kosmos Həftəsində iştirak edib.

Azərbaycan-Fransız Universitetinin (UFAZ) “TensorScience” komandasının tərkibində tədbirə qatılan Leyla burada “İnterconnectivity” panelində təqdim olunan layihənin dizayneridir. Onu da qeyd edək ki, “Geospinner” adlanan  bu layihə ötən ilin mayında Azərbaycanda ilk dəfə keçirilən və UFAZ-ın ev sahibliyi etdiyi ActinSpase beynəlxalq müsabiqəsində nümayiş olunub və 2-ci yerə layiq görülüb.

5 gün davam edən konfransda dünyanın müxtəlif ölkələrindən 800-ə yaxın qonaq, 30-a yaxın spiker iştirak edib. Panelin rəsmi qonaqları və eyni zamanda spikerləri arasında Fransanın Ali Təhsil, Araşdırma və İnnovasiya naziri, Fransanın Kosmik tədqiqatlar Mərkəzinin prezidenti və Avropa Kosmik Agentliyinin baş direktoru olub. Onu da qeyd edək ki, “TensorScience” komandasının üzvləri konfransda çıxış edən spikerlər arasında ən gənc iştirak çılar olublar. Azərbaycanı təmsil edən yeganə startap layihəsi olan “Arteve” konfrans iştirakçıları tərəfindən də böyük maraqla qarşılanıb. Belə ki, artıq həyata keçirilmiş və fəaliyyət mərhələsində olan digər layihələrdən fərqli olaraq “ARteve” paneldə prototip şəklində təqdim olunub.

 

Bizimlə söhbətində Leyla qeyd edir ki, böyük investorların iştirak etdiyi bu tədbirdə layihələrinin gerçəkləşəcəyinə maliyyə yatırmaq istəyən iş adamlarının olacağına inanırlar. O, bundan sonrakı hədəflərinin layihənin mobil tətbiqetmə versiyasını yaratmaq olduğunu bildirib.

 “Ümumi təhsil haqqında” qanun layihəsində YENİLİK    

Milli Məclisin Elm və təhsil komitəsinin parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı yanvarın 24-də ilk iclası keçirilib.

Komitə sədri İsa Həbibbəyli bildirib ki, “Ümumi təhsil haqqında” qanun layihəsinin ikinci və üçüncü oxunuşlarda müzakirəsi və qəbulu nəzərdə tutulur.

“Yaxşı olardı ki, yaz sessiyası dövründə ali təhsillə bağlı qanun layihəsinin ilkin sxemini, müddəalarını formalaşdıraq. Eyni zamanda, yay ərzində onun üzərində işlərimizi davam etdirək, kimlərin təklifləri olsa, hamısını yaradacağımız İşçi Qrupuna versin. Çünki biz bunu sentyabr ayına, payız sessiyasına planlaşdırırq. Yəni, onu sentyabr ayında ilkin variantda komitə səviyyəsində müzakirə edib, payız sessiyasına tövsiyə etməyi düşünürük. Ona görə də aprel ayından hazırlıqlara başlamalıyıq”-deyə İ. Həbibbəyli sözlərinə əlavə edib.

Sonra “Ümumi təhsil haqqında” qanun layihəsindən danışan komitə sədri bildirib ki, sənəd hələ birinci oxunuşda müzakirə olunarkən, millət vəkilləri tərəfindən təklif olunurdu ki, sənəddəki “tədrisi dili” məsələsinə yenidən baxılsın:

“Belə təkliflər verilirdi. Ancaq qeyd edim ki, təhsillə bağlı çərçivə qanunumuzda da “tədris dili” sözü özünün əksini tapıb. Dünya qanunverciliyində də məhz belədir. “Tədris dili” tədris prosesinin dildir. Burada tərbiyədən, başqa məsələlərdən söhbət getmir. Ona görə də bunu qanun layihəsində saxlamağı məqsədəmüvafiq bildik”.

Deputat deyib ki, o, icbari təhsilin saxlanılmasının və peşə təhsili sisteminin genişləndirilməsinin tərəfdarıdır:

“Ona görə qanun layihəsindəki müddəanın məhz belə qalmasını məqsədəuyğun saydıq. Bu gün onu da deyim ki, Azərbaycanda peşə təhsili sahəsində böyük irəliləyiş var. Peşə təhsilinə, peşə ixtisalarına böyük maraq və həvəs hiss olunur. Çünki bu gün peşə sənəti sahiblərinə, mütəxəssislərə böyük ehtiyac var. Odur ki, həm peşə təhsili ilə bağlı qanun, həm də müzakirə etdiyimiz sənəd bu məsələdə özünün böyük töhfələrini verə bilər və verəcək”.

Xarici dillərdə oxuyan, oxumaq istəyən Azərbaycan vətəndaşları məsələsinə gəlincə, komitə sədri həmin şəxslərlə bağlı qanun layihəsində tənzimləyici müddəanın da nəzərdə tutulduğunu deyib:

“Bu, yeni müddəadır. Yəni, xarici dillərdə tədris alan vətəndaşlarımız, uşaqlarımız öz dillərini, dövlət dilini mütləq şəkildə bilməlidirlər. Onlarla bir-iki sınaq müsabiqələrinin aparılması nəzərdə tutulur. Qanun layihəsində də bununla bağlı tənzimləyici yeni müddəa özünün əksini tapıb”.

Universitet müəllimi nazir müşaviri təyin olundu

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir gətirilib.

Nazirin yeni müşaviri Mustafa Abbasbəyli yanvarın 21-dən öz vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov faktı təsdiqləyib.

Xatırladaq ki, 1980-ci il təvəllüdlü Mustafa Abbasbəyli 2003-2018-ci illərdə Standard İnsurance, Standard İnsurance Georgia, Toyota Azərbaycan, Caspian European Club, Beyli Group kimi şirkət və qurumlarda rəhbər vəzifələrdə çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur. 50-dən artıq elmi əsərin, o cümlədən 2 kitabın müəllifidir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, eyni zamanda Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür. Azərbaycan Dövlət İqtisad Universitetin İqtisadiyyat və İdarəetmə kafedrasında müəllimdir.

Həftənin təhsil  informasiyaları

Azərbaycanın 6 məktəbi beynəlxalq mükafat layiq görüldü    

Yanvarın 21-də Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, məktəb direktorları və müəllimlər iştirak edib.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, son illər təhsil sahəsinin inkişafı və maddi-texniki təminatı istiqamətində mühüm addımlar atılıb. Nazir müavini təhsil prosesində müasir informasiya texnologiyalarının sürətli tətbiqi ilə əlaqədar həyata keçirilən layihələr arasında “eTwinning Plus” layihəsinin xüsusi rol oynadığını qeyd edib.  Layihə çərçivəsində azərbaycanlı şagirdlər Avropadan olan həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq, onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanıblar. Layihəyə qatılan müəllim və şagirdlər həmçinin XXI əsr bacarıqlarının artırılması istiqamətində beynəlxalq səviyyəli təlim və kurslarda iştirak ediblər.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov 2005-ci ildə yaradılan layihənin Avropa İttifaqının Təhsil Proqramının tərkib hissəsi olduğunu diqqətə çatdırıb və bildirib ki, Azərbaycan 2013-cü ildə bu layihəyə qoşulub. “eTwinning Plus” layihəsi çərçivəsində indiyədək 438 məktəbdən 1166 müəllimin iştirakı ilə 1065 layihə həyata keçirilib.

Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, Avropa ölkələrindən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək və əməkdaşlıq üçün şərait yaratmaqdır. 

Tədbirdə bildirilib ki, 2017-ci ilin fevral ayında “eTwinning”in Avropa mərkəzi layihəyə qoşulmuş bütün ölkələrin məktəbləri arasında müsabiqə elan edib. Müsabiqədə iştirak edən məktəblər tədris prosesində rəqəmsal texnologiyadan effektiv istifadənin və informasiya təhlükəsizliyinin təmin edilməsi, yenilikçi və yaradıcı yanaşmanın olması, müəllimlərin davamlı peşəkar inkişafı və digər meyarlar üzrə qiymətləndirilib. Qiymətləndirmənin nəticəsi olaraq, bütün Avropa üzrə 1210 məktəb Beynəlxalq “2018-2019 eTwinning Məktəbi” mükafatına layiq görülüb ki, bunlardan 6-ı Azərbaycan məktəbidir. Azərbaycan qalib gələn məktəblərin sayına görə layihəyə qoşulmuş 41 ölkə arasında 5-ci yeri tutub. Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülən məktəblər Bakı, Sumqayıt şəhərləri və İsmayıllı rayonunda yerləşir.

Tədbirdə müsabiqədə qalib olmuş məktəb direktorlarına və müəllim heyətinə mükafat və sertifikatlar təqdim olunub. Eyni zamanda müsabiqə qaliblərinə cari ildə Avropada təşkil olunacaq qısamüddətli təlim və onlayn peşəkar inkişaf proqramlarında ödənişsiz iştirak hüququ verilib.

Ötən il Bakıda bu qədər məktəb binası istifadəyə verilib

Ötən il Naxçıvan Muxtar Respublikasında 1726 şagird yerlik 6 ümumtəhsil məktəb binası, Bakı şəhərində isə 3500 şagird yerlik ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.

Bundan əlavə, Şəki şəhərində, Abşeron, Balakən, Qobustan, Sabirabad, Şamaxı və Tovuz rayonlarında 3432 şagird yerlik 7 ümumtəhsil məktəb binası, Yevlax şəhərində, Ağcabədi, Ağdaş, Astara, Bərdə, Biləsuvar, Cəlilabad, Gədəbəy, İmişli, Qəbələ, Qobustan, Oğuz, Lerik, Saatlı, Şəmkir, Tərtər, Tovuz və Zərdab rayonlarında 1530 yerlik 18 məktəbəqədər təhsil müəssisəsi tikilib.

Günel Yaşarqızı
Müəllifin digər yazıları