Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-27 09:34:00
“UNEC kitabxanası bir faiz tələbə üçün də yetərli deyil” - Məşhur İnstagram hesabının sahibi, Finlandiyada oxuyan həmyerlimiz

O, 10-dan çox ölkədə nüfuzlu treyninqlərin, həm Azərbaycan,  həm də İtaliya adından aktiv iştirakçısıdır. Eyni zamanda  ölkəmizdə çox populyar olan “maraqlı tv” adlı İnstagram hesabının qurucusudur.

Bu gənc İtaliyada təhsil alan həmyerlimiz Kənan Səlimovdur.

Orta təhsilini Binəqədi rayonu 217nömrəli məktəbdə alan Kənan, bakalavr səviyyəsini UNEC –in SABAH qruplarında alıb. Hazırda isə İtaliyanın Boloniya  Universitetində magistr səviyyəsində təhsil alır. Həmçinin Finlandiyanın nüfuzlu Tampere Universitetində yarımillik Erasmus mübadilə proqramını da başa vurub.

AzEdu.az K.Səlimov ilə müsahibəni təqdim edir:

-Kənan, son zamanlar gənclərin xaricdə təhsil almağa marağı artıb. Bəs səndə bu maraq necə yarandı?  Bir az xaricdə təhsil almağının səbəblərindən danışaq…

-Gənclərin xaricdə təhsil istəyinə bir sıra amillər təsir edə bilər. Ancaq gənclərin xaricdə oxumasının  ən əsas səbəblərindən biri daha keyfiyyətli təhsil almaq istəyidir. Gəlin razılaşaq ki, Azərbaycanda verilən təhsil Avropanın  bir sıra ölkələrindən geri qalır. Ancaq bir məqamı unutmayaq ki,  bu, bütün universitetlərdə eyni deyil. Hesab edirəm, UNEC-də SABAH qruplarındakı şərait Avropanın orta səviyyəli universitetlərindən heç də geri qalmırdı.

-Mümkünsə, universitetə qəbul qaydalarından danışardın: hansı proseduralardan keçdin?

-Avropa universitetlərinə qəbul qaydaları eyni deyil. Yəni, müxtəlif universitetlər fərqli tələblər irəli sürə bilər. Lakin  əsas tələb, adətən  üç mərhələli seçimdən ibarət olur: onlayn müraciət, müsahibə və final seçim mərhələsi. Seçimlər zamanı adətən müxtəlif meyarlar dəyərləndirilir. Burada vacib hesab edilən motivasiya  və referans məktubları, CV,  IELTS və ya TOEFL balıdır.  

-Finlandiyanın Tampere Universiteti ilə  Azərbaycan  ali təhsil müəssisələrininin müqayisəsi zamanı hansı fərqləri müşahidə etmisən?

-Azərbaycanla müqayisədə xidmət keyfiyyətində fərqlər çoxdur. Məsələn: UNEC-də oxuyarkən bir transkripti əldə etmək üçün evdən universitetə gəlirdim. Ancaq Finlandiyanın Tampere Universitetində bütün işlərimi onlayn şəkildə həyata keçirirdim. Məhz bu da universitetin tələbə üçün yaratdığı  yüksək xidmətin göstəricisidir. Fikrimcə, bu sahədə Avropadan geri qalırıq. Doğrudur, Avropada təhsil aldığım hər iki universitet yüksək reytinqə malikdir. Ona görə də apardığım müqayisə, bəlkə də ədalətsizdir. Ancaq irəli getmək üçün irəlidəkiləri örnək almaq lazım olduğunu düşünürəm.

-Müəllimlərinin əcnəbi tələbələrə münasibəti necədir?

-Müəllimlərimin əcnəbi tələbələrə münasibəti normaldır. Onlar bizi yerlilərdən fərqləndirmirlər.

-Finlandiya və Azərbaycan… Bu iki dövlətin mədəniyyəti, adət-ənənələri arasında  nə kimi oxşar və fərqli məqamlar var? Adətlərindəki hansı maraqlı məqamların şahidi olmusan?

-Azərbaycan Avropadan uzaqda olduğu üçün istər-istəməz regionlar arasındakı  fərqlərdən  dolayı  mədəniyyət və adət-ənənə də  fərqlənir. Məsələn: İtaliyada adətən tələbələr klublarda  görüşür bizdə isə klublara getmək faizi olduqca aşağıdır. Finlandlar da gecə klublarını sevirlər, lakin onlarda kiçikdən böyüyə hər kəsin ayrıca görüş yeri də var. Onlar saunada görüşür yeyib içirlər. Düzdür bizdə də oxşar hamam ənənəsi var. Lakin adətən kişi və  xanımlar üçün  ayrıdır. Onlarda isə belə adət yoxdur.

-Oxumaq üçün getdiyin ilk zamanlarda hansı çətinlikləri gördün. Mühit,din,dil fərqi necə təsir etdi?

-İtaliyada insanlar yerli dilə çox bağlıdırlar. Bəzən elə düşünürəm ki, onlar özlərini  ali irq hesab edirlər. Ona görə də ingilis dilində danışmağı sevmirlər.  Fikrimcə, bu, çətinlik yaradır.  Finlandiyada isə az qala hər kəs ingilis dilini  bilirdi. Ona görə də orada evdə olduğum kimi rahat idim.

-Təhsil aldığın müddətdə hansı fərqliliklər ölkəmizdə də tətbiq olunsa, təhsilimiz daha yaxşı inkişaf edər deyə düşünmüsən?

-24 saatlıq  kitabxanaların olmasını çox istəyirdim. Artıq UNEC-in bazasında  belə bir kitabxana var. Ancaq “bir gül ilə bahar  olmaz” deyirlər. Onu da qeyd edim ki, təkcə UNEC-in bir faiz tələbəsi üçün o kitabxana yetərli deyil. Bu sahədə əsaslı işlər görülməlidir. Həmçinin müəllim tələbə münasibətləri çox fərqlidir. Bizdə isə müəllim içəri daxil olanda birinci sizin adınızla  maraqlanır.  Hətta “haralısan?” deyən müəllimlər də görmüşəm. Fikrimcə, bu kimi suallar lazımsızdır. Artıq  Avropada iki ildir təhsil alıram ancaq heç bir müəllim adımı soruşmayıb.

-Universitetdə keçdiyin dərs sistemini təsvir edərdin…

-Tələbələrin dərslərdə mütləq şəkildə iştirakına nə İtaliyada, nə də Finlandiyada tələb var. Ümumiyyətlə, adətən, müəllimlər tələbələrin davamiyyətini yoxlamırlar. Onu da qeyd edim ki, Finlandiyada imtahan əvəzinə   fənlərdən yazılı tapşırıqlar tələb edirlər. Düzdür, həmin yazılar adətən imtahandan daha çətin olsa da  ən azından  stress yaşamırıq.

-Təhsil aldığın ölkədə xarici tələbələrə iş izni verilirmi?

-İşlə maraqlanmamışam. Ancaq müəyyən saat limitləri olduğunu bilirəm.

- Səncə, hazırda təhsilimizin durumu necədir?

-Təhsilimiz keçid dövründədir. Gənc müəllimlərin gəlişi  ilə dəyişən sistem müşahidə edirəm. Ancaq  kadr çatışmazlığı çox hiss olunur. Kəmiyyət çoxdur ancaq keyfiyyət aşağıdır.

-Kənan, bəs, oxuduğun universitetdə əcnəbi tələbələr çoxluq təşkil edirmi? Hansı  ölkələrdən gələnlər daha çoxdur?

-Təhsil aldığım universitetdə əcnəbi tələbələr çoxdur. Amma daha çox çinli tələbələr üstünlük təşkil edir.

 -Finlandiyada hansı dildə təhsil daha rahatdır?

-Finlandiyada əhali arasında ingilis dili geniş yayılıb. Ancaq İsveç dili ölkədə ikinci dil hesab edilir.

-Oradakı yaşam şərtləri-  qida, nəqliyyat eləcə də əcnəbilərə münasibət - necədir?

-Finlandiyada qida həddən artıq bahadır.  Məsələn: ölkənin ən məşhur marketlər şöbəsində  yarım litr “cola” bizim pulla 7 manata satılır. Halbuki eyni qablaşdırma və eyni dada malik “cola” Azərbaycanda 50 qəpikdir.  Bu nümunəni ona görə bildirirəm ki, fərqin necə ciddi olduğunu görmək asan olsun. Finlandiyada nəqliyyat  olduqca baha olsa da tələbə endirimləri bir az kömək olur.

-Azərbaycanla müqayisədə yaşam tərzində, cəmiyyətin fikrində hansı fərqləri gördün?

-Azərbaycanda  hər kəs bir-birinə qarışıb digərlərini mühakimə edirlər.  Lakin finlandları digərləri maraqlandırmır. Burada  hər kəsin fikirlərinə  hörmət bəsləyirlər. Çünki bilirlər ki, hər kəsin öz həyatı var və insanların azad yaşamaq haqları var.

-Finlandiyalılar bizim ölkəni necə tanıyırlar?

-Fikrimcə finlandlar Azərbaycanı tanımır. Sadəcə məlumatları var ki, belə bir ölkə mövcuddur. Necə ki, biz Afrikada Mali adında ölkə olduğunu eşitmişik, onlar da elə…

-Təhsildən başqa hansı fəaliyyətlərin var?  

-Ali təhsildən əlavə 10-dan artıq  ölkədə nüfuzlu treyninlərin həm ölkəmiz,  həm də İtaliya adından aktiv iştirakçısıyam. Hazırda Budapeştdə qeyri-hökümət təşkilatında işləyirəm. Bundan başqa ölkəmizdə çox populyar olan “maraqlı tv” adlı Instagram hesabının qurucusuyam. Həmçinin boş vaxtlarımda  youtube-da da fəaliyyət  göstərirəm. Düşünürəm ki, youtube gələcəyin televiziyasıdır.

 -Xaricdə təhsil almaq istəyən  gənc həmyerlilərimizə  nə kimi tövsiyə edərdin?

-Xaricdə təhsil almağın üstünlüklərini gördükləri kimi, çətinliklərə də hazır olmalarını tövsiyə edərdim.

Günel Yaşarqızı
Müəllifin digər yazıları