Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-02 08:48:16
Milyonlarla məktəblinin uğradığı bəla – 2 Aprel Autizm Günü

Autizm - erkən yaş dövründə başlayan, həyat boyu davam edən, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyro-psixiatrik  pozuntudur.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına əsasən, dünyada 70 milyondan çox autizm xəstəsi qeydə alınıb. Azərbaycanda ilk dəfə autizm diaqnozunun qoyulması 2000-ci ilə aiddir. Qeyri-rəsmi məlumatlara əsasən, hazırda ölkədə, təxminən, 5000 autizmli xəstə var. Təəssüf ki, Azərbaycan autizmli uşaqların sayının artımına görə dünya ölkələri arasında ilk sıralardadır.

XXI əsrin böyük bəlası sayılan autizm daha çox uşaqların nitq və davranışlarındakı pozuntularla müşayiət olunur. Uşaq öz yaşına uyğun olmayan jestlər edir, mimikalardan istifadə edir.

2 Aprel Dünya Autizm Məlumatlandırma Günü BMT-nin 18 dekabr 2007-ci il qərarı ilə Qatar dövlətinin təklifi əsasında təsis olunub. Bütün dünya ölkələrində olduğu kimi artıq bir neçə ildir ki, ölkəmizdə də Autizm Günü geniş miqyasda qeyd edilir.

Paytaxt Bakı 2012-ci ildə Beynəlxalq miqyasda qeyd olunan “Mavi işıqla işıqlandır” aksiyasına qoşulub.

Artıq altıncı ildir ki, həyata keçirilən “Mavi işıqla işıqlandır” aksiyası Azərbaycanda da artmaqda olan autizm xəstəliyi haqqında insanların məlumatını artırmağa yönələn qlobal təşəbbüsdür. Həmin gün Yer kürəsinin müxtəlif ölkələri öz dəstəklərini göstərmək üçün şəhərlərinin nəzərə çarpan binalarının birini mavi işıqla işıqlandırılar.

Autizm sindromu ilə bağlı Azərbaycan Respublikası Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi (ADPYM) İctimai Birliyi təsis edilib. Bu təşkilat autizm sindromu ilə mübarizə yolları, valideynlərə düzgün psixoloji istiqamət göstərmək, autizmli uşaqların sosiallaşmasında cəmiyyətin rolu və s. məsələlər haqda tədbirlər həyata keçirir. 

Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi (ADPYM) İctimai Birliyinin təsisçisi və sədri Çiçək Məmmədli deyir ki, Azərbaycanda autizmli xəstələrin sayı sürətlə artmaqdadır. Onun sözlərinə görə, ölkədə bütün autizmli uşaqlar təhsilsiz qalıb, heç bir effektli sistem yoxdur:

“Autizm üzrə təhsil sistemi Azərbaycanda mövcud deyil. Kimin autizmli uşağı varsa, yardımçı məktəblərə göndərir. Bu məktəblərdə də daun, autizm və digər neyro-psixiatrik  pozuntuları olan uşaqlar birlikdə təhsil alırlar. Psixiatrik pozuntuları olan uşaqların bir arada olması, effekt vermir. Buna görə, ya məktəb rəhbərliyi ya da valideyn öz uşağını məktəbdən çıxarır. Məcbur olub , ev təhsilinə cəlb olunanda da bu yenə nəticəsiz qalır. Ölkəmizdə autizmli uşaqların təhsili bərbad vəziyyətdədir. Biz bununla bağlı dəfələrlə Milli Məclisə təkliflər vermişik. Məsələn, qonşu Türkiyədə autizm məktəbləri var. O məktəblərdə xüsusi proqramla təhsil verirlər, uşaqlar müəyyən reabilitasiyalara cəlb olunur, həm də təhsil alırlar. Azərbaycanda belə məktəblərə ehtiyac böyükdür”.

Xüsusi şərait yaradılmadan təhsil almasında çətinlik yaranan fiziki çatışmazlığı, əqli və ya psixi ləngimələri olan şəxs sağlamlıq imkanları məhdud şəxs hesab olunur. Autizmli uşaqlar da məhz sağlamlıq imkanları məhdud şəxslərdir. Əgər hansısa şəxsdə fiziki, əqli və ya psixi ləngimələr varsa, ona xüsusi təhsil verilməlidir.

Azərbaycanda autizmli uşaqların cəlb olunacağı xüsusi təhsil müəssisəsin olmaması böyük problemdir. İnklüziv təhsilin zəif inkişaf etdiyi bir ölkədə bu problemin həlli üçün ciddi tədbirlərin görülməsi zəruridir.

Qanunvericiliyə əsasən, sağlamlıq imkanları məhdud şəxslərin pulsuz xüsusi təhsil alması üçün çəkilən xərclər tabelik baxımından Təhsil Nazirliyi və rayon - şəhər təhsil şöbələri tərəfindən ödənilir.