Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-24 21:33:00
Beynəlxalq təhsil resurslarının əlçatanlığı müzakirə edilib

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) təşəbbüsü ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzində “Beynəlxalq təhsil resursları və təhsil təcrübələrinin əlçatanlığı” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Beynəlxalq Təhsil Gününə həsr olunub. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutundan AzEdu.az-a verilən məlumata göeə, tədbirdə beynəlxalq layihələr şöbəsinin müdiri Elçin Sərdarov Beynəlxalq Təhsil Gününün qeyd edilməsinin əhəmiyyətini vurğulayıb.

Diqqətə çatdırılıb ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib. BMT-nin qərarında bildirilir ki, təhsil hər bir ölkədə dayanıqlı inkişafın əsas amilidir. Beynəlxalq Təhsil Günündə təşkilata üzv dövlətlər təhsilin inklüziv keyfiyyətinə diqqəti artırmalı, bu sahədə əlavə tədbirlər görməlidirlər. Təhsil Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda əsas rol oynayır.

Hazırda dünyada 262 milyon uşaq məktəbə getmir, 617 milyon uşaq və yeniyetmə isə oxuma və adi hesablama bacarıqlarına malik deyil. Təxminən 4 milyon qaçqın uşağın məktəbə getmək imkanı yoxdur. Onların təhsil hüququ pozulur. Bu, yolverilməzdir.

UNESCO Beynəlxalq Təhsil Gününün keçirilməsi ilə əlaqəli dünya ölkələrinin hökumətlərini və bütün tərəfdaşlarını keyfiyyətli təhsili əsas prioritet kimi qəbul etməyə çağırıb.

E.Sərdarov Azərbaycanda təhsilə və savada böyük önəm verildiyini qeyd edərək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun müvafiq istiqamətdə reallaşdırdığı tədbirlər, qazanılan uğurlar barədə məlumat verib.

Qeyd olunub ki, TİPİİ-nin direktoru və Assosiativ Məktəblər Şəbəkəsinin Milli Əlaqələndiricisi Vəfa Yaqublunun dəstəyi ilə şöbənin əməkdaşları Assosiativ Məktəblər Layihəsi Şəbəkəsinə (ASPnet) üzv Azərbaycan məktəblərində UNESCO dəyərlərinin və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi və məktəb ASPnet əlaqələndiricilərinin potensialının gücləndirilməsi, “Dünyanın ən böyük dərslərinin” Azərbaycan dilində hazırlanması və müəllimlərin təlimatlarla təmin edilməsi sahələrində faydalı işlər görürlər. “Dünyanın ən böyük dərsləri” ilə bağlı 100-dək təlim, təhsil fəlsəfəsinə və hüquqlarına aid seminarlar keçirilib.

Tədbirdə çıxış edən Mərkəzi Elmi Kitabxananın şöbə müdiri Elnur Eltürk “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən müxtəlif dillərdə, həmçinin Azərbaycan dilində oxuculara ölkəmizlə bağlı məlumatların, tarix, mədəniyyət, təhsil, elm və digər sahələrə aid məqalələr hazırlamasından, habelə bu sahədə keçirilən təlimlərdən danışıb.

TİPİİ-nin beynəlxalq layihələr şöbəsinin əməkdaşları - Yunis Abdullayev təhsilin tolerantlıqla bağlı əhəmiyyəti, Fuad Məmmədov “Uşaq Hüquqları Konvensiyası”, Sevinc Məmmədova və Turan Sadıqlı müasir təhsil təcrübələrinə aid tərcümə edilmiş materiallar haqqında məlumat veriblər.

Dəyirmi masada “Beynəlxalq təhsil resursları və təhsil təcrübələrinin əlçatanlığı” mövzusunda geniş fikir mübadiləsi aparılıb. TİPİİ-nin saytında və “Vikipediya”da “Beynəlxalq Təhsil Günü” ilə bağlı məlumatın yerləşdirilməsi və səhifənin yaradılması qərara alınıb. Həmçinin beynəlxalq təhsil resurslarından istifadə edilərək müəllim və valideynlər üçün TİPİİ-nin hazırladığı və saytında yerləşdirdiyi faydalı materialların linklərinin “Vikipediya”da yerləşdirilməsi təklifi irəli sürülüb.