Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-02 06:17:27
Üşütmə və qızdırma zamanı uşaqlara yardım üsulları

Uşaqlarda bədən temperaturunu 37,5 və daha yüksək rəqəmlərə qədər artması onun xəstələndiyini göstərir. Uşaqda üşütmə və ya əksinə, istilik hissiyyatı, əllər və ayaq pəncələri soyuq və ya isti, həmçinin üzün dərisinin solğun və ya açıq qırmızı olması yüksək temperaturun əlamətləri sayılır.

AzEDU xəbər verir ki, bu barədə məlumat verən paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova deyib: “Bədən temperaturunun yüksək olması xəstəliyin törədicisindən, orqanizmin müqavimətindən və xəstənin yaşından asılıdır. Çünki temperatur orqanizmin infeksiyaya qarşı mərkəzi sinir sisteminin iştirakı ilə verdiyi cavab reaksiyasıdır. Mövsümi xəstəliklər, məsələn, virus xəstəlikləri və həyat üçün daha təhlükəli xəstəliklər bədən temperaturunun yüksəlməsi ilə yanaşı gedir. Lakin temperaturun yüksəkliyi heç də həmişə xəstəliyin ağır və təhlükəli olmasını göstərmir. Bir yaşından beş yaşına kimi uşaqlarda angina, soyuqdəymə, kəskin virus infeksiyaları: qrip və s. kimi adi xəstəliklər zamanı və daha ciddi xəstəliklərdə temperatur 40 dərəcəyə kimi, bəzən daha yüksək ola bilər. Təhlükəli infeksiyalarda əksinə, temperatur 38, bəzən daha az olur. Adətən uşaqda temperatur bir az yüksələn kimi valideynlər onu aşağı salmağa çalışırlar, halbuki yüksək temperatur zamanı xəstənin qanında əmələ gələn interferon viruslara öldürücü təsir göstərir. Ona görə də xəstəlik zamanı temperaturu salmağa tələsmək düzgün deyil. Yalnız temperatur 38,5 və daha yüksək olanda onu aşağı salmaq məsləhətdir. Uşaqda nə vaxtsa, bir dəfə olsa da, yüksək temperatur zamanı qıcolma tutması baş veribsə, ona ciddi nəzarət etmək və 37,5-dən yüksək olmasının qarşısını almaq lazımdır. Çox vaxt uşaqlarda yüksək qızdırma zamanı bəzi valideynlər, xüsusən gənc analar onunla necə mübarizə aparmağı bilmirlər”.

Həkim-pediatrın dediyinə görə, qızdırma ilə mübarizə üsulları onun növündən asılıdır. Üşütmə olması, dərinin solğunluğu, əl və ayağın soyuqluğu ağ hipermiya və ya ağ qızdırma adlanır. Belə halda uşağı yatağa uzatmaq, üstünü yorğan və ya odeyalla örtmək, ayaqlarına isti corab, əllərinə əlcək geyindirmək, soyuq olan ətraflarını açıq qırmızı rəng alınana qədər intensiv şəkildə ovxalamaq, limon və ya moruqla isti çay, itburnu dəmləməsi və s. vermək lazımdır. Həmin dövrdə bədəni nəm əski ilə sürtmək və soyuq islatmalar qoymaq olmaz!

“İstiləşmə zamanı dəri qırmızı və ya açıq qırmızı rəngdə olursa, ayaq pəncələri və əllərin istiliyi varsa, buna qırmızı hipermiya və ya qırmızı qızdırma deyirlər. Bu zaman uşağı yüngül geyindirmək, yataqda uzanarkən üstünü nazik odeyal və ya mələfə ilə örtmək, yel çəkməmək şərtilə otağın pəncərəsini və ya nəfəsliyini açmaq, havanın kifayət qədər nəmliliyini təmin etmək üçün döşəməni tez-tez silmək və ya otağa nəmləndirici qoymaq lazımdır. Xəstə uşağa daha çox sərin maye - su, kompot, limonlu çay, itburnu dəmləməsi içirmək məsləhətdir. Tez-tez sidik ifrazı temperaturun enməsinə səbəb olur.

Temperatur zamanı iştahanın olması çətin məsələdir, lakin uşağı zorla yedizdirmək də məsləhət görülmür. Xəstə uşağa kifayət qədər maye içirilməsi intoksikasiyanın, yəni halsızlıq və başağrısının aradan qaldırılması üçün vacibdir. Kiçik yaşlı uşaqlarda temperaturu aşağı salmaq üçün fiziki üsullardan – sərin su ilə imalə, islatma, bədəni nəm dəsmalla sürtmə və s. kimi üsullardan istifadə etmək olar”,- deyə həkim tövsiyə edib.