Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-22 14:23:57
“Şagirdlərin yol boyu vəhşi heyvanlarla qarşılaşma ehtimalı var” – Ucqar kənd müəllimlərinin narahatlığı  

Azərbaycanda icbari təhsil müddətinin doqquz il olmasıhamıya məlumdur. Bu, şagirdlərin 11 il məcburi, könülsüz oxuyub,sonda məktəbdən nəticəsiz ayrılmasındansa, doqquzillik icbari təhsilini başa vurub, özünə uyğun peşə seçməsinə xidmət edir.

Amma bəzi ucqarlardakı şagirdlərin 11 il təhsil almaq imkanı xeyli məhdudlaşır. Çünki onlar doqquzillik natamam orta məktəblərdə təhsil alırlar. Bu, tam orta təhsil almaq istəyən şagirdləri xeyli çətinliklərlə üz-üzə qoyur.

Onların tam orta təhsil almaq üçün hansı çətinliklərlə mübarizə apardıqlarını isə ən real şahid olan müəllimlərdən eşidək:

“Şagirdlərin yol boyu vəhşi heyvanlarla qarşılaşma ehtimalı var”

Gənc müəllim Posu Mansırlı Yardımlı rayonu Şıxhüseynli kənd ümumi orta məktəbində dərs deyir. İşlədiyi məktəb birvaxtlar ibtidai orta təhsil müəssisəsi olub. Sonradan ümumi orta məktəbə çevrilib. Onun çalışdığı məktəb natamam orta olduğundan, IX sinfi bitirən şagirdlərintam orta təhsildən məzun olmaq üçün oxumaq üçün apardıqları mübarizəni görür. Onların çəkdiyi zəhmətləri belə izah edir:

“İşlədiyim məktəb ucqar dağ kəndindədir və dəniz səviyyəsindən 1900 m. yüksəklikdə yerləşir. Məktəb doqquzillik olduğundan şagirdlər X-XI siniflərdə digər tam orta məktəblərə getməli olurlar. Kəndimizə ən yaxın olan tam orta məktəb Yardımlı rayon Alar kənd tam orta məktəbidir. Həmin kəndlə aradakı ən qısa məsafə 3.5 km-dir. IX sinfi bitirən əksər şagirdlərim sonradan təhsillərini davam etdirmək üçün həmin məktəbə gedirlər.

“2 saat erkən oyanmalıdırlar ki, dərsə vaxtında çata bilsinlər”

Həmin enişli-yoxuşlu dağ yolunu getmək şagirdlər üçün çox çətinlik yaradır. Yolun uzaq, çətin olduğunu nəzərə alan şagirdlər dərsə vaxtında çata bilmək üçün səhər tezdən yola çıxırlar. Onsuz da çətin olan yolda onların vəhşi heyvanlarla qarşılaşma ehtimalı da var. Yaz aylarında bu kimi problemlər az olsa da, qışda çoxalır. Şaxtalı hava, qarlı yollar və vəhşi heyvanla qarşılaşmaq təhlükəsi… Şükür ki, hələ ciddi bir hadisə baş verməyib.

Yolun uzaq və təhlükəli olması qız uşaqlarının təhsil almasını çətinləşdirir. Amma qızlardan da təhsilini davam etdirənlər az deyil. Onlar valideynləri və ya böyük qardaşları ilə məktəbə gedirlər.

Ən böyük çətinliklərindən biri də səhər tezdən durmalarıdır. Həmin kənddəki sinif yoldaşları ilə müqayisədə ən azı 2 saat erkən oyanmalıdırlar ki, dərsə vaxtında çata bilsinlər. Qar yağanda isə vəziyyət lap çətin olur. Dağ yollarını qar tutur. Yol getmək müşkülə çevrilir”.

Müəllim qeyd edib ki, öhdəsindən gəlmək nə qədər çətin olsa da,uzaq yol şagirdlərəstimul verir:

“Bir dəfə belə şagirdlərimdən biri ilə söhbət edəndə dedi ki, “müəllim, bu qədər əziyyət çəkib gedib-gəlirəm. Bu qədər əziyyətin qarşılığında mütləq dərslərimi yaxşı oxuyub universitetə qəbul olmalıyam. Əziyyətlə qazanılan uğur daha gözəl olur”. Həmin şagird indi XI sinifdə oxuyur və universitetə qəbul olacağına inanıram.

Üstəlik,hər səhər o yolu gedən şagird bir növ səhər idmanı etmiş olur. Bu, onların fiziki inkişafına kömək edir”.

“Qonşu kənd məktəbi arasında 10 kilometrlərlə məsafə var”

Astara rayon Qapıçıməhəllə məktəbinin müəllimi Həbib Əlizadənin çalışdığı məktəb də doqquzillik natamam orta təhsil müəssisəsidir. Müəllim bildirir ki, şagirdlərin X-XI siniflərdə çəkəcəkləri çətinliklər əraziyə görə dəyişir. Məsələn, kəndin ucqar olması, aran ərazidə yerləşməsi buna təsir edir:

“Tutaq ki, çox ucqar bir yerdə natamam orta məktəb yerləşir. Məlumdur ki, təhsilini burada başa vuran şagird  XI və XI sinfi qonşu kənddə oxumalıdır. Sadəcə qonşu kənd məktəbi arasında 10 kilometrlərlə məsafə var. Avtobus isə yoxdur. Qar, yağış yağdıqda uşağın məktəbə getməsi çətinləşir. Əgər ikinci növbədə oxuyursa, gecəyə qalmalı olur. Beləcə, məktəbdən yayınma başlayır. Hətta hava yaxşı olanda da, şagirdə məktəbə getmək problem yaradır. Çünki məsafə çoxdur, şagird yorulur.

Bundan əlavə kənd yerlərində təsərrüfat işlərinə yuxarı sinif şagirdlərini daha çox cəlb edirlər. Bu səbəbdən də uşaqların təhsilini davam etdirməsi çətinləşir. Ucqar kəndlərdə belə çətinliklər çoxdur”.

“Övladını evləndirmək, onun əməyini istismar etmək istəyən valideyn üçün bu, göydəndüşmə fürsətdir”

Müəllimin sözlərinə görə, məktəb 11 illik olmadığı üçün çoxları bu sinifləri oxumağı heç düşünmür də. Əksəriyyəti elə IX sinifdən çıxıb kollecdə oxumağa üstünlük verir və bu, onların ali təhsil almaq bacarıqlarını məhdudlaşdırır. Bacara biləcəklərindən qat-qat aşağısını əldə etmək məcburiyyətində qalırlar:

“Valideyn məsuliyyətsizliyi də uşaqların məktəbdən yayınması kimi problemlərə yol açır. Düzdür, bu ciddi problemdir. Amma yalnız valideyn məsuliyyət  daşımır, məktəbin də məsuliyyəti var. Əgər normal tədris verirsə, məktəbi qınamaq olmaz. Şagirdi məktəbə gətirmək çətinləşir. Bunun səbəbkarı yalnız valideyn deyil. Oradakı yol, infrastrukturdur. Əgər hər şərait olmasına rəğmən getmirlərsə, bu, valideynin vəziyyətdən sui-istifadəsidir. O, övladını işə göndərir, nişanlayır, 1-2 ilə də evləndirməyi düşünür.

Bu, o demək deyil ki, eyni problemlər 11 illik məktəblərdə olmur. Sadəcə, məktəbin 9 illik olması valideynlərin əlinə bəhanə salır. Övladını evləndirmək, əməyini istismar etmək istəyən valideyn üçün bu həm də göydəndüşmə fürsətdir”.

“Əksər ucqar məktəblərin doqquzillik olması da adi hal kimi qarşılana bilər. O şərtlə ki…”

H.Əlizadə digər problem kimitəmayülləşmə işlərinin yetərli olmamasını qeyd edib. Bildirib ki, əslində,icbari təhsilin natamam olması normal haldır:

“IX sinfi bitirən şagirdin məcburi  X, XI sinfə gətirilməsi, heç bir peşə seçmədən dərslərini məcburi davam etdirməsi faydalı hesab edilməməlidir. Çünki bu, vaxt itkisidir.  Kifayət qədər uşaq var ki, peşə məktəbinə gedə, uğur qazana bilər.

Bu gün əksər ucqar məktəblərin doqquzillik olması da adi hal kimi qarşılana bilər. O şərtlə ki, orada hər 3-5 təhsil müəssisəsindən biri təmayülləşən güclü məktəblər olsun və valideynlər seçim edə bilsinlər. Bölgələrdə həm peşə məktəblərinin, həm də təmayülləşmənin  zəif olması IX sinifdən sonra yaranan problemlərdir. Bu problem  yalnız natamam təhsilə aid deyil. Çünki tam orta təhsil müəssisəsində də IX sinifdən sonra kifayət qədər təhsildən yayınmalar olur. Valideyn artıq övladını həmin məktəbin X-XI siniflərində oxutdurmağı faydalı hesab etmir. Valideyni inandırmalıyıq ki, ali məktəb istəmirsənsə, övladını peşə məktəbinə göndər. Əslində, bu, valideyn üçün yaxşı seçim ola ilər.

İstər 11 illik olsun, istər  9. Bu uşaqları məlumatlandırmaq lazımdır. Onlar ixtisas seçimində çətinlik çəkirlər, dünyagörüşləri yetərli olmur. İnternetdə ixtisasları araşdırmasına şərait yaratmaq lazımdır. Özlərini hansı peşədə uğurlu görəcəklərin qərar verməlidirlər”.

Məktəbin doqquzillik olmasının nəyə əsasən müəyyənləşdirilməsi məsələsinə gəlincə isə müəllim bildirib ki, bu, həmin ərazidən asılıdır:

“Bir kənddə şagird sayı azdır, məktəblinin X, XI sinfi davam etdirməsi faydasız hesab olunursa, əlavə xərcin qarşısını almaq üçün orada kadr əskikliyi yaşanır və həmin məktəb natamam olur. Buradakı şagird azlığı,  IX sinifdən sonra ümumiyyətlə şagirdləri cəlb etməyin çətinliyi, kadr problemləri, maddi texniki baza və s. həmin məktəbin 9 yoxsa 11 illik olmasını müəyyənləşdirir.

Məsələn, hazırda işlədiyim məktəb doqquzillikdir. Burada yaxşı kadrlar var. Yəni, 11 illik də ola bilərdi. Amma siniflər yetərli deyil. X, XI sinif  üçün ümumiyyətlə  otaq yoxdur. II, III  siniflərlə bağlı komplektləşdirilmə aparılıb. Yəni 2 sinif birləşib bir sinif olub. Çünki uşaq azdır. IX sinifdə təhsil alanların sayı  səhv etmirəmsə 8, ya 9 nəfərdir. Bu halda X, XI sinif açmaq insanları ora cəlb etmək çətin olduğu üçün bu məktəb natamam olaraq qalır və 11 illik sistemə keçirilmir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları