Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-22 12:35:00
Dövlət qulluğu üzrə müsahibədə iştirak etmək üçün 42 nəfər ərizə verib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən altı dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə yanvarın 4-də elan olunmuş ümumi müsahibədə iştirak üçün namizədlərin ərizə qəbulu davam edir.

DİM-dən AzEdu.az-a bildiriblər ki, yanvarın 22-nə olan məlumata görə, artıq 42 nəfər qeydiyyatdan keçib. Ən çox müraciət İqtisadiyyat Nazirliyində (5 vakant yerə 21 müraciət) qeydə alınıb.

Namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə fevralın 4-ü saat 18.00-dək DİM-in internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli Fərmanına əsasən Müdafiə Sənayesi Nazirliyinin ləğv edilməsi ilə əlaqədar ümumi müsahibəyə Müdafiə Sənayesi Nazirliyi tərəfindən təqdim edilmiş vakant vəzifələrə qeydiyyat dayandırılıb və həmin vəzifələr üzrə müraciət etmiş namizədlərin qeydiyyatı ləğv edilib. Ləğv edilmiş dövlət orqanı üzrə qeydiyyatdan keçmiş şəxslər müvafiq elan çərçivəsində digər vakant vəzifələrə aid müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 yanvar tarixli Fərmanına əsasən nazirliyin strukturuna daxil olan bir çox qurumlar ləğv edilib. Bununla əlaqədar ümumi müsahibə elanı çərçivəsində Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti, Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi və Ətraf Mühitin Mühafizəsi Departamenti üzrə vakant vəzifələrə qeydiyyat dayandırılıb və həmin vəzifələr üzrə müraciət etmiş namizədlərin qeydiyyatı ləğv olunub. Ləğv edilmiş dövlət qurumları üzrə qeydiyyatdan keçmiş şəxslər müvafiq elan çərçivəsində digər vakant vəzifələrə aid müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.