Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-19 17:50:00
Yer orbitindəki tullantılar gələcəkdə qazanclı biznes modeli ola bilər

Yer kürəsi ətrafında minlərlə obyekt hərəkət edir: fəzaya buraxılan raketlərin müxtəlif pillələri, modul və parçaları, toqquşmalar nəticəsində fəzaya səpələnən qalıqlar və ya yanacağı tükənmiş peyklər.

AzEdu.az Azərtac-a istinadən xəbər verir ki, bu sahədə müxtəlif şirkətlər üçün qazanclı biznes layihələri mümkündür. Peyk Sənayesi Assosiasiyasının məlumatına görə, kosmosdakı peyklərin sayı son beş ildə 50 faiz artıb və bu tendensiya yüksələn xətlə inkişaf edir. Fəzaya buraxılan peyklərin sayının sürətlə artması kosmosda onların müxtəlif servis və digər təminatının həyata keçirilməsi, sıradan çıxmış peyklərin orbitdən kənarlaşdırılması və ya təmir edilməsi üçün yeni fəaliyyət imkanları açır.

Almaniyanın n-tv kanalı bu sahədə fəaliyyət göstərən firmalarla bağlı araşdırma aparıb. Kanadanın peyk istehsalçısı SSL (Space Systems/Loral) şirkətindən bildirilib ki, hazırda kosmosdakı bir çox peyklərin istifadə müddəti onların yanacağının tükənməsi ilə başa çatır. “Hesab edin ki, bir təyyarənin yanacağı bitdiyinə görə eyni zamanda onun istifadə müddəti də başa çatır. Yer kürəsində anlaşılmaz olan bu vəziyyət kosmosda onilliklərdən bəri adi haldır”, - deyən şirkətin kosmos infrastrukturu üzrə vitse-prezidenti Al Tadros qeyd edib ki, belə peyklər öz orbitini tərk edir və milyonlarla dollar dəyərə malik bu obyektlər itirilir. Məhz bu kimi peyklərə fəzada xidmət göstərilməsi yeni biznes sahəsinə çevrilməkdədir. SSL şirkəti 2021-ci ildə xüsusi pilotsuz kosmik peyki fəzaya buraxmağa hazırlaşır. “Təcili yardım” funksiyasını daşıyacaq bu kosmik gəmi Yerdən 36 min kilometrədək yüksəkdə hərəkət edən peyklərlə birləşərək onlara yanacaq dolduracaq, təmir edəcək, müvafiq komponentləri dəyişə biləcək. Onlarla peykə belə bir xidməti göstərən kosmik gəmi hər dəfə yeni peyk missiyalarının həyata keçirilməsindən qat-qat ucuza başa gələcək. Hazırda 50-dən çox geostasionar peykə malik telekommunikasiya nəhəngi İntelsat şirkəti artıq SSL şirkəti ilə əməkdaşlığa dair müqavilə imzalayıb. SSL-in göstərdiyi xidmətlər sırasında, həmçinin öz orbitindən çıxmış peykləri “qoşqu” vasitəsilə düzgün hərəkət trayektoriyasına geri qaytarmaq da olacaq.

Yaponiyanın 2013-cü ildə təsis edilmiş Astroscale şirkəti isə Yer kürəsi ətrafında fəzada hərəkət edən tullantıların toplanması üzrə ixtisaslaşıb. Şirkət ilk kosmik aparatı test üçün 2020-ci ildə fəzaya buraxacaq və maqnit sisteminə malik bu aparat fəzada qiymətli tullantıları toplayacaq.

Airbus şirkəti isə “Space Tug” proqramı çərçivəsində 2023-cü ildən etibarən fəzada sıradan çıxmış və təmirə yararsız köhnə peykləri Yer səthinin 200 kilometr yüksəkliyinə qədər hərəkət etdirərək atmosferdə yanıb məhv olmasını həyata keçirməyə hazırlaşır.

Mütəxəssislərin hesablamalarına görə, hazırda Yer kürəsi ətrafında hərəkət edən 23 min obyektdən cəmi 1900-ü aktiv peyklərdir. Mavi planet ətrafında saatda 20-30 min km/saat sürətlə hərəkət edən digər obyektlərin təxminən üç mini qeyri-aktiv peyklər, iki mini raket modulları (müxtəlif pillələr) və ya minlərlə parça və tullantılardır.

Gələcəkdə Yer orbitində müxtəlif məqsədlərə (telekommunikasiya, hərbi və elmi) xidmət edən peyklərin sayının daha artacağını nəzərə alaraq, onlara daha səmərəli xidmət imkanları hazırlanmalı və həmçinin kosmik nəqliyyatın daha yaxşı beynəlxalq nizamlanması həyata keçirilməlidir.