Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-01 07:44:34
Orta məktəblərdə psixoloq çatışmazlığı var - Səbəblər və çıxış yolları

Bu dəfə toxundığımız mövzu orta məktəblərdə psixoloq çatışmazlığı ilə bağlıdır. Əslində bu məsələ zaman-zaman gündəmə gətirilib. Ancaq medianın əsas işlərindən biri də problem həll edilənə qədər onu diqqətdə saxlamaqdır. Bəs bu məsələni hələ də əsas problem kimi saxlayan məqamlar hansılardı?

AzEDU Publika.az-a istinadən xəbər verir ki, uşaqların yetkinlik və xarakterlərinin formalaşma dövrü məktəb illərinə təsadüf edir.

 Bu ərəfədə nəzarətsiz qalan uşaqlar gələcəkdə çox ciddi həyati səhvlərə yol verə bilirlər. Hətta bu dövrdəki diqqətsizlik həmin şəxsin cəmiyyət üçün təhlükəli birinə çevrilməyinə də əsas yaradır. Ən yaxşı halda isə cəmiyyətimizə fayda verəcək bir fərddən məhrum oluruq. Ölkəmiz üçün faydalı ola biləcək biri diqqətsizlik və nəzarətin olmaması ucbatından ölü canlıya çevrilir.

Mütəxəssislərin fikrincə, dördillik ibtidai təhsildən yeni ayrılan 5-ci, yeniyetməlik dövrünə qədəm qoyan 7-9-cu sinif şagirdlərinə xüsusi diqqət ayrılmalıdır. Həmin ərəfədə onlar kifayət qədər gərgin və həssas olurlar.

Bütün bunları nəzərə alan mütəxəssislər bildirirlər ki, orta ümumtəhsil müəssisələrində psixoloqların aktiv fəaliyyəti vacibdir. Mütəmadi olaraq şagirdlərlə söhbət etməli, onların mənəvi-psixoloji durumunu nəzarətdə saxlamalı, düşdükləri sarsıntılı durumdan çıxmalarına kömək etməlidirlər. Lakin, təəssüf ki, bizdə bunlar olmur.

Bunu Bakıda və bir sıra rayonlarda apardığımız araşdırma da sübut etdi. Məlum oldu ki, məktəblərdə ya psixoloq yoxdur, ya da bu iş qeyri-peşə sahiblərinə tapşırılıb.

Bunu isə hər kəs bir cür şərh edir. Müəllimlər deyirlər, psixoloq ştatına ayrılan maaş o qədər azdır ki, heç kim bu maaşa çalışmaq istəmir. Direktorlar isə deyirlər ki, ölkədə psixoloq yoxdur.

Dünya təcrübəsində məktəblərdə psixoloqların fəaliyyətini təşkil etmək o qədər də sadə proses deyil. Buna səbəb isə ayrı-ayrı ölkələrin müxtəlif regionlarında hökm sürən fərqli mentalitet, hadisəyə yanaşma şəkli, “doğrular” və “yanlışlar”dır. Məsələn, Avropa ölkələrindən bir psixoloqu gətirib ölkə ərazisində hər hansı bir rayon məktəbinə işə təyin etmək olmaz. Həmin psixoloq işlədiyi məktəbdə təhsil alan şagirdlərin ortalama yanaşma tərzini, bölgə mühitini bilməli və buna uyğun istiqamət götürməlidir. Əks halda onun fəaliyyəti qənaətbəxş sayılmır.

Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Nadir İsrafilov vəziyyətin 90-cı illərdən bu günə kimi sistemsiz şəkildə təşkil edilməsinə diqqət çəkib. Bildirib ki, o zamanlar da qeyri-ixtisas və ya belə desək, digər fənn müəllimləri ixtisasartırma ilə psixoloq xidmətləri göstərə bilirdilər:

“O vaxt kadr çatışmazlığı vardı. Belə olan halda da digər fənn müəllimlərini 9 aylıq hazırlıq kurslarına göndərirdilər. Kurs keçmiş müəllimlər isə orta təhsil müəssisələrində psxiloloq ştatına götürülürdülər. Şübhəsiz ki, onlar peşəkar psixoloq hesab edilə bilməz. Amma məsələnin kökü buradan gəlir. 90-cı illərdə Təhsil Nazirliyi elmi-pedaqoji və psixoloji əsaslı, müasir məzmunlu “Tərbiyə konsepsiyası” ideyası əsasında uyğun layihələr hazırlamışdı.

29855107_2074641839480403_502657492_n.jpg

Bir sıra məktəblərdə layihələrlə bağlı təlimlər keçirilsə də, sonralar naməlum səbəblərdən bu istiqamətdə planlaşdırılan işlər dayandırıldı. Məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər maarifləndirici sənədlər vardısa, hamısı dayandırıldı. İndiki dövr üçün tərbiyə işi bir növ məzmun və mahiyyətinə diqqət yetirilməyən dəyərə çevrilib. O vaxtla müqayisə etsək, bu gün ölkədə psixoloqlar yetişir. Bu gün ali təhsil müəssisələrində peşəkar psixoloqların hazırlanması üçün psixologiya fakültələri fəaliyyət göstərir. Artıq bu sahənin peşəkarları yetişməyə başlayır. Əlbəttə ki, 4500 orta ümumtəhsil məktəbinin hər birini psixoloqla təmin etmək asan iş deyil. Bu prosesin tamamlanması üçün müəyyən mərhələlər başladıldı. Əvvəlcə paytaxt məktəblərində bu proses tətbiq edildi. İndi isə psixoloq xidmətlərinin lazımı səviyyəyə qaldırılması vacib məsələdir. Bununla bağlı bir sıra layihələr həyata keçirilməlidir. Eyni zamanda psixoloqlar arasında da maariflənmə aparmaq lazımdır. Bu dəqiqə məktəblərdə psixoloq kimi fəaliyyət göstərən kadrlara qeyri-ciddi yanaşıldığı üçün çox insan bu işdə çalışmaqdan yayınır. Bəlkə də bu bir az da əmək haqqının azlığı, biganə münasibətlə əlaqəlidir. Amma digər tərəfdən də birdən-birə ölkədə təhsil sistemində çalışan 700 mindən çox kadrın əmək haqqısının artırılması da mümkün deyil”.

Son vaxtlar orta məktəblərdə baş verən xoşagəlməz hadisələr də münasibət bildirən ekspert qeyd edib ki, məktəblilərin qeyri-etik davranışlarının, pis vərdişlərinin formalaşması gələcəkdə onları cinayət törətməyə sövq edə bilər:

“Bəzən düşünürlər ki, bütün bu baş verənlər birbaşa psixoloqların olmaması ilə əlaqəlidir. Amma düşünürəm ki, bu bir az da valideynlərin təlim-tərbiyəsi ilə əlaqəlidir. Tərbiyənin yalnız müəyyən bir qismi təhsil müəssisələrinin payına düşür, demək olar ki, 80 faizi sağlam ailə modelindən asılıdır. Çünki məktəblərdə uşaqların sayı ilə psixoloqların sayı da qətiyyən düz gəlmir. Əlbəttə ki, hazırda vəziyyət ürəkaçan deyil. Yaxşı olardı ki, bu məsələ tez zamanda öz həllini tapardı. Şagirdlərlə müəllimlər arasındakı münaqişələrin yaranması isə birmənalı olaraq təktərəfli qiymətləndirilməməlidir. Təbii ki, kiçik bir problemin həlli, onun kənar fəsadlarının həllindən çox daha asan olur. Psixoloq yanaşması fərdi şəkildə aparılmalıdır. Nəinki şagirdlərə, bəzən müəllimlərin özləri də yorğun, gərgin iş rejimindən təsirlənirlər. Ona görə də psixoloji xidmətlər həm şagirdlərə, həm də müəllimlərə gərəklidir. Bizdə hələ ki, bu məsələlər yeni-yeni işlənməyə başlayır. Sistem tamamilə uyğunlaşdırıldıqdan sonra bütün bu problemlər öz həllini tapacaq. 30 il keçməsinə baxmayaraq, təhsil sistemimiz Avropa standartlarına uyğunlaşdırılmağa davam edir. Bütün bu yeniliklər, kadr məsələləri, müəllimlərin diaqnostik qiymətləndirilməsi də proseslərə daxildir. Təhsildə psixoloji xidmət haqqında xüsusi əsasnamə var. Bu əsasnaməyə yenidən baxılmalıdır, burada psixoloq üçün nəzərdə tutulan əsas vəzifələr, səlahiyyətlər dəqiq müəyyənləşdirilməlidir. Hazırki əsasnamə isə sadəcə ümumi müddəalardan ibarətdir. Heç bir fərdi yanaşmadan, iş prosesindən bəhs edilmir”.

N.İsrafilov onu da əlavə edib ki, peşəkar psixoloji xidmət uşaqların gələcək həyatında ciddi travma almalarına da mane ola bilər:

“Məktəblilər arasında depressiyaya düşənlər, intihara meyl edənlərin sayı az deyil. Bu cür neqativ xəbərlər oxuyanda insan istər-istəməz dəhşətə gəlir. Bütün bunlar gərginliyin, güclü stressin və dinlənilməməyin nəticəsi kimi formalaşır. Tutaq ki, bu gün orta məktəblərin hərəsində bir psixoloq fəaliyyət göstərir. Axı bu bir nəfər azı 2000-3000 şagirdin təhsil aldığı müəssisədə nə edə bilər? Hansı keyfiyyətli xidmətdən söhbət gedə bilər? Şagirdlərin sayı ilə psixoloqların sayı mütləq şəkildə uyğunlaşdırılmalıdı. Düşünürəm ki, bununla bağlı da ciddi tədbirlər görüləcək. Sadəcə, dediyim kimi mərhələ-mərhələ davam edir. Əks halda məktəblərdə qeydə alınan neqativ halların sayı arta bilər. Bu isə valideynlərlə yanaşı, pedaqoqları da narahat edən məsələlərdən biridir. Məsələn, son vaxtlar gündəmə gələn “Məktəblinin dostu” layihəsi. Layihə çərçivəsində paytaxt məktəblərində xüsusi staj ayrılıb. Təbii ki, bu davamlı bir şey deyil, bir müddətlik layihədir. Amma düşünürəm ki, bunun yerinə hər məktəbə əlavə bir psixoloq ştatı açılsaydı, daha məqsədəuyğun olardı. Təşkilati məsələ olduğu üçün dərin fikir söyləmək olmur. Yəqin ki, növbəti dəfə hazırlanacaq layihədə bu nüanslar nəzərə alınacaq”.

Psixoloq Vəfa Əkbər də açıqlamasında məktəblərdə psixoloqların olmamasını çox ciddi problem hesab etdiyini vurğulayıb. Söylədi ki, uşaqların zamanında psixoloji dəstək almaları onların problemli şəxs kimi formalaşmalarının qarşısını alır:

“Biz bu məsələ ilə bağlı 2016-cı ildə çoxsaylı işlər görmüşük. Bir çox orta ümumutəhsil məktəblərində olmuşuq. Uşaqlarla (5-7-11 ci sinif şagirdləri ilə) söhbət etmişik. Təbii ki, orta məktəblərin bəzilərində ümumiyyətlə, psixoloq ştatı yoxdur. Psixoloq xidməti göstərənlər isə sadəcə sinif rəhbərləri, ibtidai sinif müəllimləri və ya digər fənn müəllimləridir. Onlar qətiyyən uşaq psixologiyasını bizim qədər anlaya bilməzlər. Necə ki, hər müəllim öz sahəsini incəliklərinə qədər bilir, eləcə də psixoloqlar hər uşağa fərdi şəkildə yanaşaraq, onun problemini öyrənib məsələdən çıxış yolunda kömək edir. Ümumiyyətlə, burada söhbət hər məktəb üçün bir psixoloqdan getmir. Təbii ki, bir psixoloq məktəbdə oxuyan bütün şagirdlərlə maraqlana bilməz. Bu nə fiziki baxımdan, nə də zaman baxımdan mümkün deyil. Məktəblərdə ağır dərs rejimi, imtahan stresi, dərsdən kənar müxtəlif ailə problemləri də uşaqlara ciddi təsir edir. Bəzən onlar özlərinə qapanır, düşüncələrini heç kimlə bölüşmək istəmirlər. Bəzən də ətrafdakı insanlara heç bir tutarlı səbəb olmadan aqressiv münasibət göstərirlər. Bu isə mətbuatda da oxuduğumuz çoxsaylı xoşagəlməz hadisələrin yaşanmasına zəmin yaradır”.

29852769_2074641876147066_1738151623_n.jpg

V.Əkbər bildirib ki, məktəblərdə psixoloq kimi işə götürülən şəxslər bir otaqda əyləşib yalnız çay içib, söhbət etməklə məşğuldurlar:

“Psixoloqlar yaş və sinifə görə qruplaşdırılır. 11-ci siniflərlə daha güclü psixoloqlar işləməlidir. Həm yetkinlik dövrünün müəyyən mərhələsi olduğu üçün, həm də qəbul imtahanları onlarda gərginlik yaradır deyə, bu uşaqlarla ünsiyyət önəmlidir. Peşəkar mütəxəssislər onlara bu problemlərin həllində düzgün istiqamət verə bilir. İlbəil ali təhsil müəssisələrinə qəbulların sayının zəifləməsi də məhz bu problemdən qaynaqlanır. Uşaqlara ruh yüksəkliyi lazımdır. Ailə təbii ki, uşağın qeydinə qalır, lakin, təhsil müəsisəsində pedaqoqun şagirdə münasibəti bir başqa olur. Bəzən uşaqlar məktəbə getmək, dərs oxumaq istəmir. Nə üçün? Çünki onları orada dinləyən yoxdur. Burada bir tərəfdən müəllimlərin də düzgün olmayan davranış şəkillərinin rolu var. Məsələn, biz bir məktəbdə olduq. Uşaqlarla söhbət əsasında onların nə üçün məktəb psixoloquna müraciət etmədiklərini soruşdum. Uşaqlar mənə dedi ki, biz ona problemimizi danışdığımız zaman psixoloq gedir həmin uşağı hər kəsin içində danlayır və ona “nə üçün filankəsə filan sözü demisən” deyir. Bilirsiz, bu qeyri-peşəkar yanaşmadı. Bu gün özünü psixoloq kimi təqdim edən bu şəxslər psixoloqların işini də kölgədə qoyurlar”.

V.Əkbər deyib ki, zamanında müdaxilə edilməyən problem sonradan 6-7 seansa qədər uzana bilir:

“Bilirsiz, uşaqlar çox həssas olurlar. Onların həyəcanlı olması, dərs yorğunluğu, imtahan stresi ilə bağlı məsələlərdən başqa, bayaqda qeyd tdiyim kimi ailə problemləri də ola bilir. Uşaqlar düşünür ki, evdə olan hər hansı məsələni məktəbdə uşaqlar bilə bilər və bu onları stresə salır. Normalda zamanında 3-4 seansa həll olunacaq problemi biz 6-7, hətta daha çox seanslarda həll edirik. Bu isə uşaq psixologiyası üçün zədə deməkdir. Ona görə də yaxşı olardı ki, orta ümumtəhsil müəssisələrində psixoloqların olmasına xüsusi diqqət ayrılsın”.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinə son 2 tədris ili ərzində (2016-2017-ci və 2017-2018-ci tədris ili) 50 psixoloq müsabiqə əsasında işə qəbul olunub:

“Hazırda 8 təhsil müəssisəsində psixoloq vəzifəsi üzrə müəyyən səbəbdən işdə olmayan işçinin yerinə müvəqqəti vakansiya mövcuddur. Qalan vakansiyalar əsasən, ərazilərdə yerləşən məktəblərdə olduğundan müvafiq kadrla təmin edilməsində çətinlik yaranıb. Həmin vakansiyalar isə müsabiqədə iştirak edərək qənaətbəxş nəticə göstərən, lakin müxtəlif səbəbdən işə qəbul oluna bilməyən (digər iştirakçıların daha yüksək nəticə göstərməsi ilə əlaqədar seçdiyi vakansiyalardan heç biri üzrə işə qəbul hüququ əldə edə bilməyən, iş yerinin uzaq olması səbəbindən qazandığı vakansiyadan imtina edən və s.) ehtiyat kadrlar vasitəsilə təmin ediləcək”.