Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-18 15:15:00
Azərbaycanda nə qədər şagird məhbus var, onlardan neçəsi qətl törədib?- “Yeraltı dünyada” təhsil

Qətl hadisəsi, ağır xəsarət yetirmə, sağlamlığa zərər vurma, oğurluq və s...

Çox vaxt mediada adları hallanan bu hərəkətlər əslində, bəzi şagirdlərin valideyn və yaxınlarından təcrid olunaraq, uşaq islah koloniyasında cəza çəkmə səbəbləridir.

Deyilənə görə, sevgi görməyən uşaq müdafiəsiz  böyüyə çevrilir. Onların müdafiəsiz böyük olmalarının səbəbi isə adətən ailədaxili münaqişələr, düzgün olmayan tərbiyə metodları və ətrafları olur. Nəticədə “müdafiəsiz böyüklər” bəzən özünü müdafiə etmək, bəzən isə digər səbəblərdən məktəb yaşından cinayətə sövq edilirlər.

Təbii ki, verilən cəza onların şagird olmaq hüququnu əlindən almır.

Bəs, uşaq islah koloniyasında cəza çəkən şagirdlərin təlim-tədrisi necə təşkil olunur?

Öncə bu istiqamətdə şagirdlərin hüquqlarına nəzər salaq:

Azərbaycan qanunvericiliyinə görə, uşaqlar azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdirlər. Müstəsna hal kimi uşağın həbs edilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda yol verilə bilər. Həbs edildikdə isə bu barədə onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal məlumat verilməlidir. Uşaqların hüquq və mənafeləri pozulduqda isə o, müvafiq icra hakimiyyəti orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.

“46 şagird cəza çəkir. 5-6 məktəbli isə adamöldürməyə görə məhkum olunub”

Mövzu ilə bağlı AzEdu.az-a danışan Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin sözlərinə görə, hazırda uşaq islah koloniyasında yetkinlik yaşına çatmayan 46 uşaq cəza çəkir:

“Onlar arasında qətl hadisəsi, oğurluq, soyğunçuluq, sağlamlığa xəsarət yetirmə, seksual hərəkətlərə görə həbs olunanlar var. Qətl törədən şagirdlərin sayı elə də çox deyil, 5-6 nəfərdir.

Araşdırmalar göstərir ki, yeniyetmələr daha çox seksual hərəkətlərlə bağlı cinayətlər törədirlər. Mən hər hansı formada onlara haqq qazandırmıram. Amma bunları nəzərə alaraq hesab edirəm ki, orta məktəblərdə bu istiqamətdə xüsusi işlərin aparılmasına ehtiyac var. Ayrıca dərslər keçmək lazımdır. Onlar azyaşlıdırlar, həyatı tam başa düşmürlər. Bəzi hallarda ümumiyyətlə, etdiyi hərəkətlərin mənasını da anlamırlar. Ona görə də ciddi şəkildə maarifləndirməyə, onları cinayətdən çəkindirməyə ehtiyac var”.

Onlar arasında qızlar varmı?

Əliməmməd Nuriyev onu da qeyd edib ki, cinayət törədənlər arasında 16-17 yaşlı şagirdlər çoxluq təşkil edir. Onlar arasında qızlar yoxdur:

“Yetkinlik yaşına çatmayan qız cinayət törətsə, məhkəmə hökmünə əsasən, cəzasını qadınların koloniyasında çəkəcək. Qadınlar üçün ümumi və xüsusi rejim nəzərdə tutulub. Onlarda daha yüngül rejimdə cəza çəkirlər. Amma hazırda koloniyada hansısa yeniyetmə qız cəza çəkmir”.

Azadlığa qısamüddətli icazə...

Müsahib onu da qeyd edib ki, yetkinlik yaşına çatmayanlara cəza verməyin xüsusiyyətləri var və digər şəxslərlə müqayisədə şərtlər fərqlənir:

“Hər şeydən əvvəl onlar 10 ildən artıq azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilməzlər. Bunu qanunvericilik tələb edir. Digər məhkumlarla müqayisədə yeniyetmələrin rejimi daha yüngüldür. Onlar dərslərinə gedir, müxtəlif peşələr öyrənirlər. Çilingərlikdən tutmuş, xarrat, kompüter mühəndisliyi və digər peşələrə yiyələnirlər. Gələcəkdə azadlığa çıxıb, bu sahələrdə çalışmaları üçün onlara müəyyən sertifikatlar da verilir.

Cəza çəkən şagirdlərə Azərbaycan Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə incəsənətin müəyyən növləri tədris olunur. Heykəltəraşlığa maraqları xüsusilə çoxdur. Maraqlı əl işləri var. Uşaqların inzibati tənbeh tədbirlərinə demək olar ki, heç kim cəlb olunmayıb.

Çünki onlarla tərbiyəvi söhbətlər edilir. Psixoloq  şagirdlərlə  məşğul olur. Bu, onların islah edilməsi prosesinə müsbət təsir göstərir. Koloniyada personalın sayı da yetərincədir. Demək olar ki, hər məhkuma bir personal düşür. Bunlar tərbiyə prosesinə ciddi təsir göstərən amillərdəndir.

Bundan əlavə, mühüm bayramlar ərəfəsində şagirdlərin qısamüddətli şəhərə çıxışına da icazə verilir. Təbii ki, tərbiyəçiləri ilə. Bu, onları qısa müddət də olsa, azadlığa çıxarır və uşaq islah koloniyasının təcrübəsində tez-tez tətbiq olunan üsullardandır. Burada kiçik dərnəklər  fəaliyyət göstərir. Mümkün olan humanist alətlərdən istifadə olunur ki, belə şagirdlərin həyat şəraiti mülki rejimə yaxın olsun”.

O bildirib ki, digər məqamlarda da şagirdlər üçün müəyyən güzəştlər nəzərdə tutulub:

“Şəxs yetkinlik yaşına çatmayıb və törətdiyi cinayət böyük ictimai əhəmiyyətli deyilsə, onlar haqqında ümumiyyətlə, azadlıqdan məhrumetmə cəzası olmur. Hətta ağır cinayət törədən azyaşlılara qarşı belə çox humanist yanaşmalar var. Onlar üçün maksimal cəza müddəti 10 il nəzərdə tutulsa da, ən ağır cinayətlərdə belə aşağı əza verilir. Yəni məhkəmə öz qərarlarında onların yetkinlik yaşına çatmamasını nəzərə alır.

Azərbaycanda bəzi əməllərə görə cinayət məsuliyyəti 14 yaşdan başlanır. Bunlar qətl, xəsarət yetirmə ilə bağlı ağır məsələlərdir. Amma bununla belə, uşaq islah koloniyasında 14 yaşında cinayət məsuliyyətinə cəlb edilən şəxs də yoxdur. Dediyim kimi, əksəriyyət 16-17 yaşlardadırlar”.

Hüquq müdafiəçisi onu qeyd edib ki, şagirdlərin cinayət törətməsində böyük bir inkişaf dinamikası müşahidə edilmir. Vəziyyət digər ölkələrlə müqayisədə daha ümidvericidir.

Qeyd edək ki, şagirdin azadlıqdan məhrum edilməsi müsbət situasiya olmasa da, bu, onun gələcək həyatına təsir etməməlidir. Təsadüfi deyil ki, Qafqazda ən böyük uşaq həbsxanası olan Çar Rusiyasının inşa etdirdiyi Zaqatala qalasında məhbəs həyatı keçirənlər arasında hazırda ziyalılar, hətta bir neçə elmlər namizədləri var. Bu müəssisə 30 il uşaq həbs düşərgəsi kimi fəaliyyət göstərib. Düşərgədə vaxtilə Sovet İttifaqının ayrı-ayrı respublikalarından müxtəlif cinayətlər törədən 1500-dən çox yeniyetmə saxlanılıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları