Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-16 09:40:00
“Son vəsaitim qalana qədər bu məktəbi yaşadacağam” - Şərqiyyə Məmmədova

Böyük Mustafa Kamal Atatürk müəllimlərə müraciətində belə deyirdi: “Cümhuriyyət sizdən fikri azad, vicdanı azad, irfanı azad nəsillər istəyir”.

O, başqa çağırışında isə müəllimlərin qarşısına belə hədəf qoyurdu: “Müəllimlər hər fürsətdən istifadə edərək xalqa doğru getməli, xalq ilə bərabər olmalı, xalq müəllimin uşağa təkcə əlifba öyrədən bir varlıqdan ibarət olmadığına inanmalıdır”.

... İstanbulda yüzlərlə azərbaycanlı uşaq yaşayır ki, heç bir sənədləri yoxdur, nə Türkiyə, nə də Azərbaycan vətəndaşıdırlar. Bu isə kifayət qədər problem deməkdir. Bu problem genişdir, bir yazıda təsviri imkanımız xaricindədir. Amma ortada acı bir reallıq var ki, artıq burada yazıb-oxumağı bilməyən, hərf tanımayan 15-30 yaş arası bir nəsil var. Hətta ad və soyadlarını da yaza bilmirlər.

Azərbaycan xalqı həmişə təhsilə önəm verib. XIX əsrin maarifçi-demokratları - Cəlil Məhəmmədquluzadə, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Üzeyir bəy Hacıbəyli, Hüseyn Cavid, Sultan Məcid Qənizadə və digərlərinin millətimizin maariflənməsi üçün hansı fədakarlıqları etdikləri göz qabağındadır. Qürur duyulası haldır ki, həmin maarifçilərin davamçıları indi də var.

Azərbaycanda 44 illik pedaqoji fəaliyyəti olan bir xanım vəziyyəti öyrəndikdən sonra Bakıdan İstanbula gəlir, çətin şərtlər altında problemi araşdırır və müəyyən qədər həll edilməsinə nail olur. Şərqiyyə xanımı bu vəsilə ilə tanıdım. Atatürkün yuxarıda bəhs etdiyimiz fikirlərindəki müəllimi!

“Maarifçi Qadınlar” İB-nin sədri Şərqiyyə Məmmədova böyük fədakarlıq göstərərək İstanbulda təhsilsiz qalan azərbaycanlı uşaqlara məktəb yaradıb. Necə deyərlər, bayraqdarlıq edərək yoxdan bir məktəb qurub. Bugün həmin məktəbdə iki yüzdən çox uşaq təhsil alır. Öz ana dillərində, öz dövlətlərinin tədris proqramında. 
Ötən günlərin birində həmin məktəbdə olduq. Eynilə Azərbaycanda bir orta məktəb necə təşkil edilibsə, eynisi İstanbulda da yaradılıb. Azərbaycanlı müəllimlər, azərbaycanlı uşaqlar.

Bir neçə sinifdə olduq. Uşaqların üzündəki sevinci, qəlblərindəki coşqunu hiss etdim. Şeir demək, dərsə cavab vermək uğrunda əllərini qaldıraraq bir-biri ilə yarışırdılar. Müəllimlər də eyni həvəslə, Şərqiyyə xanımdan aldıqları enerji ilə dərs deyir, cəmiyyətə faydalı insan yetişdirməklə məşğul idilər.

Həmin gün başda Şərqiyyə xanım olmaqla, bu fədakar müəllimlərlə qürur duydum. Necə duymayasan axı... Yoxdan yaradılan bir məktəb və təhsil alan iki yüz otuz Azərbaycan övladı.

Əgər bugün Azərbaycanda təhsil sahəsində bir müəllimə mükafat verilməlidirsə, o, ancaq Şərqiyyə xanım ola bilər.

Bu məktəb necə quruldu, Şərqiyyə xanım bu qərara necə gəldi?

AzEdu.az xəbər verir ki, Teleqraf.com-a istinadən İstanbuldakı Hüseyn Cavid adına Azərbaycan məktəbinin direktoru Şərqiyyə Məmmədova ilə müsahibəni təqdim edir:

- Şərqiyyə xanım, uzun illərdir pedaqoji fəaliyyətlə məşğulsunuz. İstərdik, bir qədər keçmişə qayıdaq. Bu məktəbin direktoru olana qədər hansı vəzifələrdə çalışmısınız?
- Universiteti bitirdikdən sonra təyinatla Naxçıvanın Şahbuz rayonunda, doğulduğum kənddə müəllim kimi fəaliyyətə başlamışam. 44 ildir ki, bir gün də fasilə vermədən müəllim işləyirəm. Paralel olaraq həm orta, həm də ali məktəbdə çalışmışam. Naxçıvanda 18 il məktəb direktoru işləmişəm. Qızlar liseyinin də direktoru olmuşam. Naxçıvan Təhsil Departamentində inspektor kimi də çalışmışam. Daha sonra həyat yoldaşımın işi ilə əlaqədar Bakı şəhərinə köçmüşəm.

Burada Nərimanov rayonunda Bağça-məktəb lisey kompleksində müəllim, direktor müavini, paralel olaraq BDU-da 4 il müəllim, sonra Azərbaycan Dillər Universitetində Azərbaycan dilçiliyi kafedrasında müəllim işləmişəm. Sonra 193 saylı məktəbdə müəllim olaraq çalışmışam. Həmçinin elmi fəaliyyətlə məşğul olmuşam, 2007-ci ildə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışam. Elmi fəaliyyətimi davam etdirirəm. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantıyam. Hazırda gördüyüm işlər elmlər doktoru doktorluq dissertasiyamın gecikməsinə səbəb olur. Amma olsun, bağrıma basıb, dibi görünməyən quyudan çıxardığım dünyalar qədər qiymətli bu uşaqların hər biri mənim üçün bir doktorluq dissertasiyasıdır.

- Müəllimliklə yanaşı, sizin ictimai fəaliyyətiniz də olub. 
- Bəli, ictimaiyyətçilik mənimlə qoşa doğulub. Bakıya köçən kimi Zemfira xanım Verdiyevanın sədri olduğu Respublika Qadınlar Şurasında üzv kimi fəaliyyət göstərdim. Zemfira xanım kimi qadınlar, əfsuslar olsun ki, indi çox azdır. Amerikada, İngiltərədə təhsil almış ilk xanımlarımızdan olub. Mən onun yanında bir məktəb keçmişəm. 2005-ci ildə ictimai fəaliyyətimə görə “Sülh səfiri” mükafatı almışam. Daha sonra Zemfira xanım məni özünə müavin təyin etdi, sonra Bakı şəhəri Qadınlar Şurasının sədri oldum. Zemfira xanım vəfat edənədək orada çalışmışam, sonra gördüm ki, Zemfira xanımsız çətindir, Azərbaycan Maarifçi Qadınlar İctimai Birliyini təsis etdim, təhsillə bağlı hər il layihələr həyata keçirirəm.

- Azərbaycandakı 44 illik pedaqoji fəaliyyətdən sonra sizi İstanbulda məktəb açmağa nə vadar etdi?
- Mən müəlliməm, bu sənəti çox sevirəm, o qədər bağlıyam ki, yenidən sənət seçmək gərəkərsə, yenə də müəllimliyi sevə-sevə seçərdim. Bu, uca tanrının mənə verdiyi əvəzolumaz bir keyfiyyətdir. Həm də sevdiyim, seçdiyim peşəni, müəllim adının dəyərdən düşdüyü bu zamanda ləyaqətlə yerinə yetirməlisən ki, arxanca gözəl iz buraxasan. Önəmli olan budur. Bu yaxınlatda Azərbaycanın tanınmış iş adamı hörmətli Mübariz bəylə görüşmüşdüm. Mübariz bəy səhifəsində mənim haqqımda fikir yazmışdı. İnsanlar bu fikrə münasibət bildirdilər. Sözsüz ki, bu fikirlər mənim üçün çox önəmli idi.

İş yoldaşlarım, məni tanıyanlar gözəl şeylər yazırdılar. Amma tələbələrimdən Səfurə İbrahimovanın yazdığı statusu oxuyanda “mən dəyərimi aldım” deyə gözəl duyğular yaşadım. Səfurə BDU-nun Şərqşünaslıq fakultəsini bitirib. Nərimanov rayonu 193 saylı məktəbdə 11-ci sinfi bitirənə qədər onun dil-ədəbiyyat müəllimi olmuşam. O, belə yazır: “Bizə bu Vətənimizi, millətimizi sevdirən, vicdanlı, dürüst olmağı öyrədən və ən əsası öz dəyərlərimizi anlamaqda əvəzsiz rolu olan gözəl insan – Şərqiyyə müəllimə, uğurlarınız daimi, yolunuz hər zaman açıq olsun. Sizinlə qüruru duyuruq”. Bilirsiniz, mən həyatda bundan böyük mükafat istəməmişəm. Mənim belə yetişdirmələrim minlərlədir. İnsanı yaşadan ona verilən dəyərdir. Belə şərəfli bir ömür yaşamaq hər kəsə nəsib olmur. Yəni həyatım qədər sevdiyim uşaqları oxutmaq üçün daim axtarışda olmuşam.

Azərbaycanda “Maarifçi qadınlar” İctimai Birliyinin sədri olaraq Xaçmazda, Masallıda, Cəlilabadda və başqa böılgələrdə təhsildən yayınan uşaqları axtarıb tapmaq, onları təhsilə cəlb etmək mənim amalım olub. 
Türkiyədəki uşaqları da axtarıb tapmaq bu fəaliyyətimdən biridir.

Bir gün televiziya kanallarının birində bir erməninin kilsədə 16 uşağı toplayıb dərs keçməsi ilə bağlı xəbəri izləyəndən sonra, fikirləşdim ki, bizim də Naxçıvandan Türkiyəyə gedən ailələrin uşaqları var, görəsən, onlar oxuyurmu? Axtarışa başladım. Beləcə, Halkalıya gəlib çıxdım.

- Söhbətimizdən əvvəl sinif otaqlarını gəzəndə müəllimlərdən biri Axilles dabanı – insanın ən zəif yeri ilə bağlı məlumat verirdi. Mən üç ildir İstanbuldayam. Gəldiyim ilk gündən gördüm ki, burada yaşayan azərbaycanlı ailələrin zəif həlqəsi təhsilsizlikdir. Bu baxımdan sizin İstanbula gəlməyinizi daha detallı danışmağınızı istərdik.
- Mən İstanbulda heç olmamışdım. Fikrimi qətiləşdirəndən sonra həyat yoldaşımın vasitəsilə Mikayıl adlı İstanbulda yaşayan bir azərbaycanlının telefon nömrəsini əldə etdim. Naxçıvana gəldim. Məqsədim Naxçıvandakı İstanbulu yaxşı tanıyan qohumlarımdan biri ilə İstanbula gəlmək idi. Söz verdilər, amma məsələ çox uzandı. Naxçıvanda 10 gün qaldıqdan sonra qərara aldım ki, artıq zamanım yoxdur, İstanbula getməliyəm. Naxçıvandan İğdır avtovağzalına gəldim.

Avtovağzalda gördüm ki, 4 nurani qadın əyləşib, onlara yaxınlaşdım, məramımı izah etdim. Dedim ki, mən İstanbulu tanımıram, orada da heç kimim yoxdur. Sizinlə birgə gedə bilərəmmi? Mənə yol göstərə bilərsinizmi? Dedilər, əlbəttə ki. Avtobusda yer də yox idi, bu qadınlar sürücüdən xahiş etdilər ki, müəlliməyə yer verin. Sürücü kiçik bir stul gətirdi, növbə ilə stulda otura-otura. İstanbula gəldik. Həyat yoldaşımın nömrəsini verdiyi Mikayıl bəyə zəng etdim.

Onunla görüşdük. Mikayıl bəy məni Sevda müəllimlə ilə tanış etdi. Baxdım ki, müəllimə çox narahatdır, ora-bura baxır. Soruşdum ki, nə olub, niyə narahatsınız? Dedi ki, biz burda “qaçaq” yaşayırıq, qorxuram birdən jurnalist olarsınız, bizi deport etdirərsiniz. Dedim, narahat olmayın, mənim xeyrim dəyməsə də, ziyanım heç dəyməz. Soruşdum ki, burada yaşayan azərbaycanlıların uşaqları məktəbə gedirlərmi? Cavab verdi ki, nə oxumaq, elə dörd uşaq mənim var, heç biri də oxumayıb. İndi bir nəvəm var, istəyirəm o oxusun, amma məktəb yoxdur. Bir Azərbaycan əsilli qadının “Zəhra Ana” dərnəyi var, o məktəb açmaq istəyir, amma çətinlikləri var. Yəni kitabların əldə edilməsi, proqramın hazırlanması və s. Dedim ki, məni o qadınla görüşdür. Məftunə xanımla beləcə tanış oldum, ona dedim ki, sizə nə lazımdır, mənə deyin, Azərbaycandan gətirərəm. Dedilər ki, 75 uşaq toplamışıq. Azərbaycana qayıtdım, 15 dəst kitab aldım, amma gördüm ki, bunu çatdırmaq olmur. Təhsil Nazirliyinə müraciət etdim.

Orada Faiq Şahbazovla görüşdüm, vəziyyəti izah etdim, kitabları verdilər. Eləcə də proqramlar, bayraqlar, müxtəlif materiallar da topladıq, 4 müəllimlə birlikdə yenidən İstanbula döndük. 2013-cü ildən 2017-ci ilə qədər Halkalı məktəbinin şagirdlərinin dərsliklərlə və digər tədris ləvazimatları ilə təmin olunmasını mən təkbaşına yerinə yetirmişəm. Sevda müəllimənin də burda əməyi çox olub. Öyrəndim ki, İstanbulun Qazi Osmanpaşa, Bayrampaşa, Sultan Qazi və bölgələrində də təhsil almaq imkanından məhrum olan çoxsaylı azərbaycanlı uşaq var. Müvafiq orqanlara dönə-dönə müraciət etdim.

Bütün müraciətlərim Təhsil nazirliyinə göndərilirdi. 2016-cı ildə təhsil nazirinin müavini (indiki təhsil naziri) hörmətli Ceyhun Bayramovla görüşdüm. Ceyhun müəllim haqlı olaraq dedi ki, o insanların Türkiyədə qeydiyyatı yoxdursa, bizim kömək etməyimiz birbaşa çətindir. Mənim rəhbəri olduğum “Maarifçi Qadınlar” İctimai Birliyinin nizamnaməsində qeyd olunmuşdu ki, başqa ölkələrdə də şöbə aça bilərəm. Bunu rəhbər tutaraq İstanbul Valiliyi sivil toplumla iş üzrə idarəyə müraciət etdim. Mənə dedilər ki, şöbə açmaq uzun sürər, ən yaxşısı İstanbulda yeni dərnək yaradın. Beləcə, Azərbaycan Eğitim-Kültür-Sosial Dayanışma Dərnəyini qurduq. Təşkilat qeydiyyata alındı və mənə böyük hörmət göstərildi. Bu işlərdə Sevda müəllimə mənə yaxından kömək edib. Ofis kirayələdim, bir illik kirayəsini ödədim, bildiriş kartları hazırladım. Müraciət yaydıq ki, uşaqlarını oxutmaq istəyənlər şənbə günləri bu ünvana müraciət etsinlər. Mən ilk olaraq 40 uşaq nəzərdə tutmuşdum, amma 100 müraciət oldu. Bunları dildə demək asandır, külli miqdarda vəsait lazım idi. Masalar, stullar, lövhələr və s. aldım. Bir il özüm Bakıda olsam da, dərnəyin ofisinin kirayə haqqını ödədim. Sonra dərnək otaqlarına uşaqların sığışmadığını görüncə başqa yer kirayələməli oldum. O zaman 10 min lirəyə yeni bina kirayələdim. Bina qəzalı olduğu üçün başqa yerə köçməli olduq.

Kirayə üçün verdiyim 10 min lirəni də geri ala bilmədik. Min cürə zəhmətə qatlandıq. İnsanları inandırmaq mənim üçün çətin oldu. Deyirdilər ki, hələ səni araşdıraq ki, siz kimsiniz. Mən də arxayın idim ki, gedin araşdırın. Çünki əmin idim ki, tanıyandan sonra çox rahat şəkildə gəlib etibar edəcəklər. Burada Kəmaləddin adlı soydaşımız mənə çox kömək etdi, insanlarla əlaqədə, yer tapmaqda dəstək oldu.

- Hazırda məktəbdə neçə uşaq var?
- 230-a yaxın uşaq var, 10 sinif var. 1 hazırlıq sinfi, 4 birinci sinif, 2 ikinci sinif, 1 üçüncü sinif, 1 dördüncü sinif, 1 beşinci sinif var. 10 müəllimimiz var. Müəllimlərimizin hamısı Azərbaycanda dövlət universitetlərini bitirmiş şəxslərdirlər.

- İstanbulda sizə maddi-mənəvi dəstək olan şəxslər varmı? 
- Açığını deyim ki, İstanbulda maddi dəstək heç kimdən istəməmişik. Sənədlərimizin nizama salınmasında və başqa məsələlərdə Azərbaycan Kültür Evinin sədri Hikmət Elp bizə hər zaman mənəvi dəstək olub.

- Şərqiyyə xanım, bir az etik olmasa da, oxucularımız üçün soruşmaq məcburiyyətindəyəm. Burada 10 müəllim işləyir, eləcə də buranın kirayəsi, texniki təchizatı və s. məsələlər aylıq müəyyən məbləğ deməkdir. Bunu necə qarşılayırsınız?
- Əksinə, çox yerində verilmiş sualdır. Ailəm kömək edir. Çünki dediyiniz kimi hamısı xərcdir. Elə ay olurdu ki, mən 3 dəfə İstanbula gedib qayıdırdım. Eləcə də ailələrlə razılığa gəldik ki, valideynlər müəyyən qədər təhsil haqqı ödəsinlər. Çünki binanın kirayəsini, müəllimlərin əməkhaqqısını vermək lazımdır. Bəzi xain, iblis xislətli insanlar – bunlar iki nəfərdir – “uşaqları pulla oxudurlar” deyə sosial şəbəkələrdə dönə-dönə yazırlar. Mən öncəki sualınıza cavab olaraq söylədim ki, 2013-cü ildən bu problemlə bağlı İstanbulda 4 il Halkalıdakı uşaqlara dərs kitabları, bədii ədəbiyyat, müəllimlər üçün metodik vəsaitlər, proqramlar, nə varsa hamısını gətirmişəm.

Dərslikləri “Maarifçi Qadınlar” İctimai Birliyinin tələbnaməsi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyindən almışam. Çatmayanları isə şəxsi vəsaitim hesabına almışam. Hamısının videoları, rəsmləri əlimdədir. “Zəhra Ana” dərnəyinin nəzdində olduğu üçün onlardan ora hər nə verdimsə, pulsuz verdiyim haqqında arayışlar almışam. Bu 6 ildə təkcə təyyarə bileti və digər xərclərə bir ev ala bilərdim, bəlkə də artıq. Bir il dərnək yaratmaq üçün İstanbulda oturma izni almaqla məşğul olmuşam. Bir ay ərzində 3 dəfə İstanbula gəldiyim zamanlar olub. Sonra dərnək qurmaq üçün ofis kirayələmək lazım olub. Bir il 1200 lirə ofis kirayəsi vermişəm. Bu bəlgələrin hamısı əlimdədir. 2017-ci ildə 100 uşaqla məktəbi açmağa nail oldum. 80 uşaqdan 100-150 lirə valideynlər məktəbin binasının kirayəsini ödəməyə pul toplayırdılar. Bəzən 12 min, bəzən 12 min 500 toplayırdılar. 6500 məktəb binasının və dərnək ofisinin kirayəsinə, 6 nəfər müəllimə isə 6.600 lirə maaş veririk. Xadimə 1000 lirə, mühasib xərci, digər ölçüyəgəlməz xərclər var. Mən 15-16 min lirəlik xərcin 4-5 minini ailəmin, uşaqlarımın köməkliyi ilə idarə etmişəm. Burada hər şey insanların gözləri önündə baş verir. Bu il hazırda dərsə davam edən 225 uşağın valideynləri 100-150 lirə verir.

Yardım etmək imkanı olmayan 20-yə yaxın uşaq var. Biz 12 nəfər işçi üçün 20000 lirədən çox əməkhaqqı veririk. Valideynlər imkansızdırlar. Biz çətinliklə idarə edirik. Kimsə bugünədək 1 manat da dəstək olmayıb. Yalnız millət vəkili Adil Əliyevin dəstəyi olub. Dostu Ufuk Aydın binamızın iki aylıq kirayə haqqını ödəyib. Birbaşa bina sahibinin hesabına köçürüblər.

- Dediniz ki, ən yuxarı sinif 5-ci sinifdir. Bu şagirdlər məktəbi bitirdikdə onlara hansı sənədi verəcəksiniz?
- Bizim bütün sənədlərimiz Azərbaycan dövləti tərəfindən verilib. Azərbaycan Təhsil Nazirliyi tərəfindən hər bir uşağın adına şəxsi iş verilib. Uşağın sənədi budur. Bu şəxsi işlə həmin şagirdlər bugün Azərbaycana dönsələr, qaldıqları yerdən istədikləri məktəbdə davam edəcəklər. Ötən il Azərbaycana qayıdan ailələrin 10 uşağı həmin şəxsi iş əsasında Azərbaycanda təhsillərinə davam ediblər.

- Sinifləri gəzdikcə hiss etdim ki, şagirdlər sizi çox sevir. Belə başa düşdüm ki, direktor olsanız da, özünüz də bilavasitə şagirdlərin dərsləri ilə müntəzəm maraqlanırsınız.
- Mən bütün günü onlarla birlikdəyəm. Özüm dərslərdə iştirak edirəm, müəllimlərin və uşaqların dərsə hazırlıqlarını yoxlayıram. Məsələn, riyaziyyat dərsində gördüm ki, 3 uşaq yaxşı cavab verə bilmir. Gecə valideynləri ilə danışdım, razılaşdıq ki, səhər müəllim onlarla əlavə 4 saat məşğul olacaq. Məktəbin iki müəllimi zəif oxuyan şagirdləri hazırlaşdırmaqla məşğuldur. Nəzərə alın ki, bizim bu uşaqların valideynləri təhsilsizdirlər, evdə uşaqları ilə məşğul ola bilmirlər. Üstəlik ağır işdən sonra axşam 8-dən sonra evə gəlirlər. Buna görə də bütün yük bizim üzərimizdədir. Həm də bu uşaqlar Azərbaycanı görməyiblər, çöldə ancaq türkcə danışırlar. Amma buna baxmayaraq onlara Azərbaycan dilini çox gözəl öyrətmişik. Mənim təcrübəmdən müəllimlərimiz də istifadə edir. Şagirdlər sizi qəfil gördülər, bir az həyəcanlı idilər. İşimiz çox ağırdır, müəllimlərimizə təşəkkür edirəm. Son vəsaitim qalana qədər mən məktəbin fəaliyyətini davam etdirəcəyəm.

- Məktəbə Hüseyn Cavidin adını verməyiniz də çox yerinə düşüb. Bilirsiniz ki, Cavid də İstanbulda təhsil alıb, türk ədəbiyyatının böyük nümayəndələrindəndir. 
- Cavid böyük türkçü idi. Onun adını vermək bizim üçün şərəf idi.

- Bayaq Mübariz Mənsimovun fəaliyyətinizlə bağlı Feysbukda gözəl sözlər yazmasından bəhs etdiniz. İstərdik ki, sonda bu görüş haqqında danışasınız.
- Mübariz müəllim məndən nəyə ehtiyacımız olduğunu soruşdu. Mən də məktəb binasına ehtiyacımız olduğunu, bu məsələdə kömək etməsini xahiş etdim. İnşallah, gözləyirik.

- Məktəb binası ilə bağlı başqa müraciət etdiyiniz ünvan varmı?
- Əlbəttə ki, mən Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinə, Diasporla iş üzrə Dövlət Komitəsinə müraciət etmişəm. Onlar da bu işlə məşğuldurlar. İnşallah, kömək edəcəklərinə əminəm. Çünki istədiyim hər şeydə ehtiyacımız olan nə varsa, qanun çərçivəsində hamısına dəstək olublar. Ən son Azərbaycan Respublikasının I vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya da müraciət etmişəm. Mehriban xanıma yazdığım məktublara hər zaman müsbət cavab almışam. Buna da müsbət cavab alacağıma əminəm.