Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-15 17:14:00
“Tələbələr onlara aid olmayan vərəqlərə görə də imtahandan çıxarılıb” – Universitetlərdə sessiya həyəcanı –SORĞU  

Hazırda Azərbaycanın ali məktəblərində qış sessiyası imtahanları davam edir.

Artıq, demək olar, bütün universitetlərdə cari sessiyanın imtahanlarının yarısı başa çatıb. Həmişə olduğu kimi tələbələr elə bu il də sosial şəbəkələrdə davamlı paylaşım edərək, imtahanlardakı nəzarətçilərdən narazılıqlarını bildirirlər.

AzEdu.az semestr imtahanlarındakı nəzarətlə bağlı tələbələr arasında sorğu keçirib: 

Azərbaycan Dillər  Universitetinin tələbəsi Paşayeva Aysel qeyd edib ki, rektorun imtahan nəticələrinin bir günə çıxması ilə bağlı qərarı olsa da, cavablar gecikir: 

“Yaxşı hazırlaşdığımız üçün imtahan vermək elə də çətin olmur. Bizim universitetdə imtahanlar yazılı təşkil edilir. İmtahan vaxtı 3 saata qaldırıldığı və digər universitetlərdən fərqli olaraq istədiyimiz qədər əlavə vərəq ala bildiyimiz üçün öyrəndiklərimizi rahat formada yaza bilirik. Hər fənn üzrə proqramlar tərtib olunur və tələbə unutduğu mövzuları bu proqram vasitəsilə yadına sala bilər.

Bununla yanaşı imtahan müddətində bəzi xoşagəlməz məqamlar da olur. Misal üçün, biz əlavə vərəq istədikdə nəzarətçilər buna etiraz edir ya da imtahan müddətinə axıra kimi dözə bilməyib tez çıxmağımızı istəyirlər.

Rektorun imtahan nəticələrinin bir günə çıxması ilə bağlı qərarı olsa da cavablar gecikir. Digər universitetlərdə elektron ünvan var, ora daxil olub imtahan nəticələrini öyrənə bilirsən. Bizdə də belə bir sistemin yaradılması çox yaxşı olardı”. 

Bakı Mühəndislik Universitetinin I kurs tələbəsi Aqşin Rüstəmov: 

“İmtahanlara nəzarət  çox ciddidir. Bəzi fənlərin, xüsusilə də fizika imtahanı daha ciddi təşkil olunur, yəni nəzarət güclü olur”.

Azərbaycan Texniki Universitetinin tələbəsi Turan Paşayev bildirib ki, o, köçürmə halları ilə rastlaşmayıb: 

“İmtahanlararası vaxt 7 gün olduğu üçün hazırlaşmaq elə də çətin deyil. Bizdə imtahanlar həm yazılı, həm də kompüterlə olur. Yazılı olduqda da suallar bilet formasında yox, kompüterlə verilir. Nəzarət kamerayla olduğu üçün nə nəzarətçilər bizə mane olur, nə də köçürmə halları baş verir”.

Azərbaycan Dillər Universitetinin tələbəsi Niftiyeva Kübra bildirib ki, universitetdə kamera nəzarəti olmadığı üçün imtahanlar o qədər də şəffaf keçmir: 

“İmtahanlar yazılı, həm də onlar arasındakı vaxt az olduğu üçün hazırlaşmaq bir az çətin olur. Universitetdə kamera nəzarəti olmadığı üçün imtahanlar o qədər də şəffaf olmur. Belə ki, bir tələbə nəzarətçinin diqqətindən yayınıb “şparqalka”dan istifadə edə bilir. Eyni zamanda, nəzarətçilər də imtahan müddəti bizə mane olurlar. Rektorun qərarı ilə istədiyimiz sayda vərəq götürə biləcəyimiz halda bəzi nəzarətçilər buna mane olur. Bir də imtahandan azca gec çıxan tələbələri tələsdirirlər”.

Bakı Dövlət Universitetinin III kurs  qrupu tələbəsi Novruzlu Nilufər müşahidə edib ki, masanın altında tələbəyə aid olmayan vərəqlərə görə imtahandan qovulanlar olub: 

Bizdə imtahana nəzarət çox ciddidir. Bütün imtahan otaqlarında kamera olduğu üçün köçürmə, telefon və şparqalkadan istifadə halları olmur. Hətta masanın altında onlara aid olmayan vərəqlərə görə belə imtahandan çıxardılan tələbələr olub.  Auditoriyalar böyük olduğu üçün təbii ki, bir yerdən durub nəzarət etmək mümkün deyil. Nəzarətçilər partaların arası ilə gəzişirlər, amma elə də mane olmurlar. 

Azərbaycan Dövlət Pedoqoji Universitetinin tələbəsi Hüseynova Ziba imtahanlarda nəzarətin güclü olduğunu bildirib: 

“İmtahanlarda nəzarət çox güclü olur. Köçürmə və şparqalkadan istifadə mümkün deyil. Bunlardan istifadə bir yana, cəhd edənlər belə imtahandan kənarlaşdırılır».


Rəna NƏBİ