100 il öncə 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında baş verən hadisələrdə, Bakıda erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlarda dağıntılara məruz qalmış binalardan biri Müsəlman Xeyriyyə Cəmiyyətinin qərargahı kimi istifadə olunan İsmailiyyə sarayı (hazırda AMEA Rəyasət Heyətinin yerləşdiyi bina) olub. Binanın daha çox interyeri və şərq fasadı dağılıb və sonradan bərpa edilib. “İstiqlal” küçəsindəki əsas fasadı isə nisbətən az zədələnib. Sovet rejiminin ilk işi bu fasadın künclərinə həkk edilən Quran ayələrini qızılı ulduzlarla əvəz etmək olub.
Quranın tərcüməçisi, tanınmış şərqşünas Nəriman Qaslmoğlu AMEA-nın Rəyasət Heyətinin binası haqqında AzEDU-ya açıqlamasında maraqlı faktı qeyd edib: “Yaxşı xatırlayıram, məktəbli və tələbə illərimdə hər gün bu binanın qarşısından keçərkən gözüm o güllə-baran dəliklərinə sataşırdı. İrili-xırdalı güllə dəlikləri son zamanlara qədər o məşum qanlı hadisələrin xatiratı kimi qalırdı. Hətta sovetlər belə onun qayğısına qalmamışdı ki, fasada sığal çəkib bu izləri itirsin. Həmin dəlikləri yalnız yaxından aydın görmək olurdu deyə bunlar binanın ümumi gözəlliyinə heç də xələl gətirmirdi. Tarixi yaddaşın əyani bəlirtilərinin bir hissəsi kimi həmin dəlikləri necə vardı eləcə də saxlamaq lazım idi”.
Binanın tarixi barəsində əlavə maraqlı məqamları qeyd edək: İsmailiyyənin əsası tanınmış Azərbaycan milyonçusu Musa Nağıyev tərəfindən 1907-ci ildə qoyulub. Binanı dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirib. Milyonçunun oğlu Ağa İsmayıl vərəm xəstəliyindən vəfat edir. 1905-ci ildə Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri Hacı Zeynalabdin Tağıyev Bakı Şəhər Dumasına rəsmi məktubla müraciət edərək cəmiyyət üçün qərargaha ehtiyac olduğunu bildirir. Ərizədə Xeyriyyə Cəmiyyətinin binaya ehtiyacı olduğu əsaslandırılır. Ona görə də “Kaspi” redaksiyası ilə (o dövrdə “Kaspi” qəzetinin redaksiyası indiki Sabir bağının yerində idi) Müsəlman qız məktəbi (indiki Əlyazmalar İnstitutu) arasındakı boş torpaq sahəsinin Xeyriyyə Cəmiyyətinə verilməsi xahiş olunur. 1918-ci ilin Mart hadisələri zamanı Bakıda nəzarəti ələ keçirən ermənilər şəhərin əhalisi ilə yanaşı binalarına da ziyan vurmağa çalışırdılar. Bu zaman böyük zədə almış binalardan biri də İsmailiyyə sarayı olur. Saray əvvəlcə qarət edilir, daha sonra isə yandırılır. Sarayda törədilən yanğın zamanı binaya dəyən zərərlə yanaşı, sarayda fəaliyyət göstərən qurumların, o cümlədən öz arxivi yanaraq məhv olub. Binanın həyətə yarımsirkulyar çıxıntısında yerləşən mərkəzi giriş pilləkəni tamamilə uçur. Dəmir-beton pilləkənlər və tirlər onların üzərinə tökülən tavanın və yuxarı meydançanın dəmir tirlərinin ağırlığına davam gətirməmişdirdi. Salonların döşəməsinin tirləri hərarətdən əyilmişdir və döşəmənin düz səthi bütövlükdə çatlarla dolu dalğavarı görünüş ifadə edirdi. Salonun, foyenin və pilləkənin yapma naxışlı kirəc bəzək işləmələri alovun hərarətindən və divar daşlarının alışmasından aralanıb qopur. Əsas korpusun divarlarının hər iki tərəfdən alovun hərarətinə məruz qalmış yerlərində ”“ daşın keyfiyyətini o dərəcədə dəyişmişdir ki,artıq tikinti materialı kimi istifadə olunmaz hala düşür.