Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-31 09:39:48
Kolumbiya Universitetinin professoru: “Təhsildə daha çox kasıblar rüşvət verir” – MÜSAHİBƏ

 

Amra-Sabik-El-Rayess:  "Azərbaycandakı kurrikuluma yenidən baxmaq lazımdır”

26-30 mart tarixlərində “Təhsil Siyasəti və Sosial Təhlildə Təcrübə” üzrə ixtisaslaşan beynəlxalq dərəcədə tanınmış Kolumbiya Universitetinin professoru Amra-Sabik-El-Rayess ADA Universitetində, Bakı Mühəndislik Universitetində, Xəzər Universitetində və Bakı Dövlət Universitetində ictimai mühazirələr və seminarlar təşkil edib.

O həmçinin Azərbaycanda təhsil siyasətini müzakirə etmək üçün Təhsil Nazirliyinin əməkdaşları ilə də görüşüb.

Professorun təhsil sahəsində tədqiqatlar, təhsilə dair sübuta əsaslanan siyasətin formalaşdırılması, ölkədə təhsilin inkişafı problemləri və tədqiqatın kəmiyyət metodları üzrə seminarlarında əsas iştirakçılar doktorantlar, təlimçilər və universitet şurasının üzvləri olub.

Professor Amra-Sabik-El-Rayess Kolumbiya Universitetində Təhsil Siyasəti və Sosial Təhlildə Təcrübə üzrə Dosentdir. O, ictimai hərəkətlilik, təcrid olunma, elit qrupun formalaşması, korrupsiya, təhsil liderliyi və təşkilatı, keçid ədaləti və müəllim keyfiyyəti kimi suallar da daxil olmaqla təhsil sahəsində bir sıra məsələlər üzrə tədris edib. Həmçinin tədqiqatlar aparıb və onlar dərc edilib.

Xanım Amra-Sabik-El-Rayess Bakıfa səfəri zamanı AzEDU-ya müsahibə verib. Onunla söhbəti təqdim edirik.

 29855250_1600185516683263_1888593074_n.jpg

- Bakıya səfəriniz zamanı Azərbaycanın müxtəlif təhsil qrupları ilə görüşdünüz. Bizim müəllimlər, tələbələr sizə hansı təsiri bağışladı?

- Mən tədqiqatçıyam. Tədqiqatçı kimi bir şey haqqında qəti fikir bildirmirəm Burada olduğum qısa müddət ərzində deyə bilərəm ki, insanlar çox qonaqpərvər və mehribandırlar.  Onlardan pozitiv enerji  aldım.  Təhsil sektorundakı indiyə qədər olan müşahidələrimə əsasən  deyə bilərəm ki, inkişaf və təhsilin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün çox işlər görmək olar.

 - “Təhsilin inkişafı üçün çox işlər gömək olar” deyə vurğuladınız. Bəs Azərbaycanın təhsil sistemini inkişaf etdirmək üçün hansı kateqoriyadan olan işlər görülməlidir?

-İndiyə qədər olan müşahidələrimdən belə başa düşdüm ki, Azərbaycanda təhsil sektorunda tədqiqat azlığı var. Təhsil  sahəsində tədqiqatlar az aparılır. Bura gəlməyimin səbəblərindən biri tələbəm Aytac Paşayevanın məni Azərbaycana dəvət etməsidir.  O, mənim Azərbaycandan olan ilk və yeganə tələbəmdir. Görüşlərdən bu qənaətə gəldim ki, çox adam  bu istiqamətdə tədqiqat aparmır.

- Azərbaycan öz təhsil sistemini necə təkmilləşdirməlidir ki, tamamilə Qərb təhsil sisteminə inteqrasiya olunsun?

- Mən düşünmürəm ki, Azərbaycan Qərb üsullu bir təhsilə yaxınlaşmalı və Qərb təhsil sistemini özünə götürməlidir.

Mən hesab edirəm ki,  Azərbaycan yüksək keyfiyyətli təhsil verməlidir. Elə bir təhsil ki, o, qlobal bazarda iştirak etmək üçün  insanlara  bilik və bacarıqlar verəcək. Ümid edirəm ki, gələcəkdə Azərbaycanın təhsil  siyasətçiləri  təhsilə ayrılan investisiyaları artırmağı düşünərlər.

Bununla da daha çox tədqiqat aparılar ki, inkişaf üçün hansı işlərin görüləcəyi müəyyən olunsun  və  təhsildə tətbiq edilsin.  Ali təhsildə daha çox tədqiqata ehtiyac var. Azərbaycan gələcəkdə başqa ölkələrlə rəqabət aparmaq istəyirsə, lazımi bilikləri verə bilməlidir.

- Test üsulu Azərbaycan təhsil sistemində dominantdır.  Lakin bəzi ekspertlər iddia edirlər ki, test sistemi şagirdlərin, tələbələrin danışıq qabiliyyətinə, nitqinin inkişafına mane olur. Yüksək səviyyəli ekspert kimi, sizin bu məsələdə mövqeyiniz necədir?

 29745366_1600185350016613_135647374_n.jpg

-Təhsildə qiymətləndirmə çox vacib bir şeydir.  Ancaq nəyi qiymətləndirdiyimizə fikir vermək lazımdır. Əsas şərt odur ki,  şagirdlər nə öyrənirlər və biz onların nə öyrənməklərini istəyirik. Çox hallarda qiymətləndirmələrin, testlərin problemləri ondan ibarət olur ki, bir müddət sonra müəllimlər yalnız test üçün öyrədirlər.  Lakin şagirdlərə bilik və bacarıqlar verilməlidir  ki, gələcəkdə ondan istifadə edə bilsinlər.

Ona görə də Azərbaycandakı kurrikuluma yenidən baxılmalıdır. Müəyyən olunmalıdır ki, biz nəyi qiymətləndirmək istəyirik. Şagirdlərin nə öyrənməli olduqlarını, nəyi qiymətləndirəcəyimizi bilməliyik. Bunun üçün isə tədqiqat aparmaq lazımdır. Birdən-birə dəyişiklik etmək olmaz. Tədqiqatlar aparılmalıdır və kurrikulumda bu tədiqaqatlar yerləşdirilməlidir. Təhsildə tədqiqat hissəsi hələ də geridə qalan  mövzudur.

- Siz tədqiqatların genişləndirilməsinin vacibliyini qeyd etdiniz. Bəs söhbət hansı növ tədqiqatlardan gedir?

- Mən sizin dövlət universitetlərindən birində idim. Orada mənim apardığım tədqiqatların birindən danışırdım. Tədqiqatın mövzusu isə ali təhsildə korrupsiya ilə bağlı idi. Reaksiyalardan və verilən cavablardan belə başa düşdüm ki, korrupsiya Azərbaycanda da tez-tez rast gəlinən haldır. Baxmayaraq ki, mənim tədqiqatım Bosniyadakı korrupsiya ilə bağlı idi.

Heç kim tədqiqat aparmayıbsa, ali təhsildə korrupsiya və rüşvətin olduğunu deyə bilməz. Nə qədər ki, tədqiqat aparılmayıb, söylənilən fikirlər əsassız olaraq qalacaq. Təhsildə bir şeyi dəyişmək üçün öncə belə tədqiqatları aparmaq lazımdır. Dəqiq bilik əldə olunmalıdır ki, tədrisin, kurrikulumun, müəllimlərin keyfiyyətinə təsir göstərən işlər görülsün.

- Biz dünyadakı təhsil sistemində korrupsiya indeksləri haqda məlumat əldə etməkdə maraqlıyıq. Dünyada bu sahədə mənzərə necədir?

- Təhsildə bir neçə növ korrupsiya halı müşahidə etmişəm. Onlardan biri pul mübadiləsidir, yəni rüşvət. Pul verirsiniz ki, imtahandan keçəsiniz, yaxşı qiymət alasınız.

Bəzən pulla bağlı korrupsiyada elə hallar olur ki, şəxsi mənafe üçün maliyyə fondundan istifadə edilir. Müxtəlif ölkələrdə insanlar  korrupsiya, rüşvətlə bağlı çox kreativ ola bilərlər. Elə insanlar var ki, korrupsiyanı təhsilə necə  gətirəcəkləri barədə düşünürlər.  Ona görə də hər ölkədə müxtəlif cür korrupsiya halları var.

Təhsildə başqa tip korrupsiya halı da var. Düşünürəm ki, bu, yetərincə vacib bir diqqət ediləsi faktordur. Burada pul mübadiləsi yoxdur. Buna adətən tanışlıq və ya yaxşılığın mübadiləsi deyirlər. Yəni mən fiziki olaraq pul verib p diplom almıram, imtahandan keçmirəm. Sadəcə tanışlıqlardan istifadə edərək kiminsə yaxşılıq  etməsini gözləyirəm.

Məsələn, kimsə tanınmış bir ailənin övladıdırsa, tanışlıqlara əsasən imtahandan keçir, ona diplom verirlər. Professorlar bunu ona görə edir ki, bu yaxşılığın qarşısında sabah onun ailə kontaktlarından istifadə edə bilsinlər.  Müşahidələrim və tapıntılarım göstərib ki, təhsildə daha çox kasıblar rüşvət verirlər.  Varlılar isə daha çox tanışlıqlardan istifadə edirlər.  Kasıb bir kəndli, fermer inəyini sata bilər ki, oğlu və ya qızı imtahandan keçsin.  Fikirləşirəm ki, bu, pul rüşvətindən də pis bir şeydir. Çünki siz təhsilin keyfiyyətini korlayırsınızsa, ikinci tərəfdən onun əsas vəzifəsinə imkan vermirsiniz. Təhsilin bir nömrəli vəzifəsi insanların öz bilik və bacarıqları sayəsində sosial pillə üzrə yüksəlməsidir.

29856068_1600185450016603_1499547567_n.jpg

- Siz dünya təhsil sistemindəki rüşvət və korrupsiya hallarını ətraflı araşdırmısınız. Bəs sizcə, Azərbaycanda hansı növ korrupsiya və rüşvət halları mövcuddur?

 - Tədqiqatçı olduğuma görə, bir suala cavab vermək üçün o haqda  araşdırma aparmalıyam.  Ümumiyyətlə, Azərbaycanda bu mövzuda heç bir tədqiqat aparmamışam.  Buna görə obyektiv olaraq heç bir cavab verə bilmərəm.  Amma insanlar bunu  öz aralarında danışırlarsa, problem hesab edirlərsə, ümid edirəm ki, təhsil  siyasətçiləri bunu araşdırarlar.

- Bizim ölkədə çoxları belə iddia edir ki,  Amerika təhsilində korrupsiyaya rast gəlinmir. Şəxsən sizin dilinizdən bu barədə eşitmək maraqlı olardı – Amerikada təhsil sistemində rüşvət, korrupsiya varmı?

- Başqa ölkələrlə müqayisə etdikdə, Amerikada  korrupsiya nadir hallarda ola bilər. Ancaq Amerikada bunun cəzası var. Yəni, insan etdiyi işə,  öz vəzifəsindən sui-istifadə etdiyi üçün cəza alacaq.

Lakin başqa ölkələrdə korrupsiya sistemin bir hissəsinə çevrilir, sistematik bir hala keçir. Məsələn, Bosniyada deyirlər ki, hətta qəbiristanlıqda yer almaq üçün də rüşvət verirlər. Heç bir ölkə, eləcə də Amerika mükəmməl deyil. Əsas şərt odur ki, qanuni sistem varmı ki, rüşvət və korrupsiyanın qarşısını alsın. Bu hallar baş verəndə insanlar cəzalandırılırmı – bu əsas məsələdir.

29745834_1600185393349942_167887132_n.jpg

- Səfəriniz zamanı Təhsil Nazirliyinin əməkdaşları ilə görüş keçirmisiniz. Onlarla hansı məsələləri müzakirə etdiniz?

- Gəlməmişdən əvvəl elə böyük bir planım yox idi. Məqsədim o idi ki, görüşdüyüm insanlarla apardığım tədqiqatları paylaşım. Qısa görüş oldu. Görüşdə Təhsil Nazirliyinin prioritetləri haqqında öyrəndim. Təhsil Nazirliyinin əsas prioritetlərindən biri  təhsilə olan çıxışı genişləndirmək,  məktəbəqədər təhsilin səviyyəsini yüksəltmək,  bu təhsildə şagirdlərin sayını artırmaqdır.

Onu  da öyrəndim ki, Təhsil Nazirliyi son zamanlar müəllimlərin peşəkarlığını artırmaq üçün çox işlər görür.

Mən onlara bu istiqamətdə, bu prioritetlərin üzərində işləmək çün kömək edə biləcəyimi çatdırdım. Təkliflərdən biri o idi ki, Təhsil Nazirliyi öz rəhbər işçilərindən bəzilərini Kolumbiya Universitetinə göndərsin. Özüm də maraqlıyam ki, Təhsil Nazirliyi ilə bu sahə üzrə işləyək, onlar bizim universitetdə öyrənib, müşahidələr aparsınlar.  Mən də istərdim ki, gələcəkdə bura gələrək  ali təhsil müəssisələrində hansısa mövzu üzrə tədqiqatlara,  tədqiqat metodologiyasının qurulmasına, araşdırma aparılmasına  yardım edim. Amma bu qərarı Təhsil Nazirliyi verir.

- Ən yaxşı tədqiqatlar həm də müəllimlərin maaşlarından asılıdır. Amma Azərbaycanda müəllimlərin əməkhaqqı  Amerika və Avropa ilə müqayisədə çox aşağıdır. Bəs sizin müqayisənizin metodologiyası necədir?

29751038_1600191316682683_239274739_n.jpg

 

- Düzünü desəm, heç bir ölkədə müəllimlər yüksək maaş almırlar. Bir çox ölkələrdə müəllimlər digərlərinə nisbətən daha az məvacib alırlar. Burada Finlandiya istisna ola bilər. Amma ümumiləşdirmək çox çətindir.  Bir çox ölkədə müəllimlər böyük pullar qazanmırlar.

Əsl müəllim ona görə müəllim olmur ki, pul qazansın.  İnsan müəllim ona görə olur ki, onun bu peşəyə marağı, həvəsi var.  Mən əvvəllər “Voll Strid”də işləmişəm .  İndi dəfələrlə az maaşa universitetdə müəllim işləyirəm, çünki buna öz marağım var. Müəllimlərin keyfiyyətinə gəldikdə onu demək istəyirəm ki, onların təlimi çox vacibdir. Müəllimlər yalnız universitetdə,  diplomları almaq üçün yox,  bütün karyeraları müddətində təlim keçməlidirlər.

 

Aqşin KƏRİMOV

Əsmər QABİL