Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-14 14:59:00
Xoşbəxt Yusifzadənin məhsuldar elmi fəaliyyəti – Kəşflər, əsərlər və tədqiqatlar  

Bu gün tanınmış mühəndis-geoloq, geologiya-mineralogiya elmləri doktoru , professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin doğum günüdür.

AzEdu.az tanınmış alimin elmi fəaliyyətini təqdim edir:

Xoşbəxt Yusifzadə 1930-cu ildə Bakıda anadan olub.

1947-ci ildə orta məktəbi bitirərək, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geoloji-kəşfiyyat fakültəsinə daxil olub. Universiteti 1952-ci ildə “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” üzrə bitirərək “dağ mühəndisi-geoloq” ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı “Dövlət xüsusi neft layihə” kontorunda başlayıb, lakin az sonra o vaxt təzə təşkil olunmuş “Dənizneft” Birliyində işə qəbul edilib, burada böyük mühəndis və bölmə rəisi vəzifələrində çalışmışıb.

1954-cü ildə indiki “Neft Daşları” NQÇİ birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilib. Elə ovaxtdan dəniz neft yataqlarının kəşfiyyatının məşhur iştirakçı və rəhbərlərindən biri kimi tanınıb.

1960-cı ildə “Neft quyularının və laylarının tədqiq edilməsi və Neft Daşları yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək geologiya-minerologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.

1987-ci ildə Moskvanın Yanar Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda doktorluq dissertasiyası müdafiə edib, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 2005-ci ildə “Professor” elmi adı alıb. 2007-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Xoşbəxt Yusifzadənin iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf edilib. 1988-ci ildən demək olar ki, xarici şirkətlərlə birgə aparılan  bütün işlərdə, o cümlədən “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsində, “Əşrəfi”, “Qarabağ”, nəhəng “Şahdəniz”, iri “Abşeron” kimi yataqların, eləcə də 2010-cu ildə ARDNŞ-nin öz gücü ilə açdığı ”Ümid” yatağının kəşf edilməsində əvəzedilməz rolu olub. Rəhbərliyi və bilavasitə iştirakı ilə aparılan elmi-tədqiqat işlərinin nəticələri bu məşhur alimin və görkəmli istehsalat təşkilatçısının nəşr olunmuş 188 elmi əsərində, o cümlədən 12 monoqrafiyasında və 8 ixtirasında öz əksini tapıb.

Azərbaycan Milli Elmlər Akademiyasının, Rusiya Beynəlxalq Mühəndislər Akademiyasının fəxri, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki; Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin üzvü,“Azərbaycan Neft Təsərrüfatı” və ”Azərbaycanın geofizika yenilikləri” jurnalları, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətlərinin üzvü, Azərbaycan Geofizikləri Milli Komitəsinin, Azərbaycan Neftçi-Geoloqları Cəmiyyətinin, Amerika Neftçi-Geoloqları Assosiasiyasının, Avropa Alim-Geoloqları və Mühəndisləri Assosiasiyasının, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvüdür.

 

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları