Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-31 06:19:52
31 Mart faciəsində dağıdılan bu bina hazırda əsas elmi müəssisədir

 

100 il öncə 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında baş vermis hadisələrdə, Bakıda erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlarda dağıntılara məruz qalmış binalardan biri Müsəlman Xeyriyyə Cəmiyyətinin qərargahı kimi istifadə olunan İsmailiyyə sarayı (hazırda AMEA Rəyasət Heyətinin yerləşdiyi bina) olub.

 

AzEDU xəbər verir ki, İsmailiyyə sarayı Bakı milyonçusu Musa Nağıyev tərəfindən, oğlu İsmayılın şərəfinə Qotik üslubda inşa edilib. Binanın memarlıq layihəsinin müəllifi mülki memar İ. K. Ploşkodur.

Sarayın əsası 1907-ci ildə qoyulub. Binanı dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirib. Milyonçunun oğlu Ağa İsmayıl vərəm xəstəliyindən vəfat edib.

1905-ci ildə Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri Hacı Zeynalabdin Tağıyev Bakı Şəhər Dumasına rəsmi məktubla müraciət edərək cəmiyyət üçün qərargaha ehtiyac olduğunu bildirir. Ərizədə Xeyriyyə Cəmiyyətinin binaya ehtiyacı olduğu əsaslandırılır. Ona görə də “Kaspi” qəzeti redaksiyası ilə (o dövrdə “Kaspi” qəzetinin redaksiyası indiki Sabir bağının yerində idi) Müsəlman qız məktəbi (indiki Əlyazmalar İnstitutu) arasındakı boş torpaq sahəsinin Xeyriyyə Cəmiyyətinə verilməsi xahiş olunur.

Bakı şəhər Duması 1 dekabr 1905-ci ildə keçirilən iclasında Xeyriyyə Cəmiyyətinin ərizəsinə baxır və müsbət qərar çıxarır. Torpaq sahəsi Xeyriyyə Cəmiyyətinin şəxsi mülkiyyətinə yox, Müsəlman Xeyriyyə Cəmiyyətinin Bakıda mövcud olduğu müddətə cəmiyyətin pulsuz istifadəsinə verilir. Lakin ayrılan torpaq sahəsində bina tikmək məsələsi bir qədər ləngiyir. Bakı milyonçuları Novruz bayramı münasibəti ilə təşkil olunan ziyafət məclislərinin birində Ağamusa Nağıyevə təklif edirlər ki, oğulunun xatirəsini əbədiləşdirmək üçün Müsəlman Xeyriyyə Cəmiyyətinə bina tikdirsin. Yeni binanın layihəsini hazırlamaq mülki mühəndis İosif Ploşkoya həvalə olunur.

"İsmailiyyə" binasının tikintisi 1913-cü ildə başa çatır və memarlıq xüsusiyyətlərinə görə şəhərin ən əzəmətli binası kimi tanınır. M.Ə.Rəsulzadə sonralar Türkiyədə nəşr etdirdiyi «Azərbaycan Cumhuriyyəti» kitabında bu bina haqqında yazırdı: «Bəlkə də islam aləmində böylə bir məqsədlə yapılmış binaların əzəməti etibarilə birincisidir».

1918-ci ilin mart hadisələri zamanı Bakıda nəzarəti ələ keçirən ermənilər şəhərin əhalisi ilə yanaşı binalarına da ziyan vurmağa çalışırdılar. İsmailiyyə sarayı  əvvəlcə qarət edilib, daha sonra isə yandırılıb. Sarayda törədilən yanğın zamanı binaya dəyən zərərlə yanaşı, sarayda fəaliyyət göstərən qurumların, o cümlədən sarayın öz arxivi yanaraq məhv olub.

Binanın həyətə yarımsirkulyar çıxıntısında yerləşən mərkəzi giriş pilləkəni tamamilə uçub. Dəmir-beton pilləkənlər və tirlər onların üzərinə tökülən tavanın və yuxarı meydançanın dəmir tirlərinin ağırlığına davam gətirməyib. Salonların döşəməsinin tirləri hərarətdən əyilib və döşəmənin düz səthi bütövlükdə çatlarla dolu dalğavarı görünüş ifadə edirdi.

Salonun, foyenin və pilləkənin yapma naxışlı kirəc bəzək işləmələri alovun hərarətindən və divar daşlarının alışmasından aralanıb, bəzi yerlərdə isə qoparaq düşüb. Əsas korpusun divarlarının hər iki tərəfdən isti hərarətə məruz qalan yerlərində – daşın keyfiyyətini o dərəcədə dəyişib ki, artıq tikinti materialı kimi istifadə olunmaz hala düşüb.

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra dağılmış İsmailiyyə sarayının yararsız olması səbəbiylə sökülməsinə qərar verilib. Lakin yerli əhali bina qarşısına toplaşaraq, onun sökülməsinə imkan verməyib.  Bu hadisədən sonra sarayın bərpa olunmasına başlanılıb. Binada bərpa işlərini memar Vartan Sarkisov həyata keçirib. Bərpa zamanı sarayın ümumi plan layihəsi olduğu kimi saxlansa da, fasadında bəzi dəyişiklərə yer verilərək vaxtilə Quran ayələri və hədislərin yer aldığı medalyonlarda beşguşəli qızılı ulduzlar yerləşdirilib.

Saray hal-hazırda AMEA-nın Rəyasət Heyətinin binası kimi istifadə edilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları