Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-10 13:50:00
“Xəstə şagird məktəbə getsə, gec sağalıb ağırlaşmaları yaranacaq” – Deputatla həkimin “gürcü təlaş”ına reaksiya

Gürcüstanda donuz qripi səbəbindən orta məktəblərdə tətilin uzadılması ilə bağlı məlumat yayılıb. Tətil vaxtına dəyişikliyin virusun yayılmasının qarşısını almaq üçün edildiyi bildirilir. İlkin məlumata görə, 13 nəfər dünyasını dəyişib.

“Xəstələr arasında şagirdlər yoxdur”

AzEdu.az  Gürcüstan məktəblərində virusla bağlı son vəziyyəti öyrənmək məqsədilə Gürcüstan parlamentində azərbaycanlı deputat Azər Süleymanovla əlaqə saxlayıb. Deputat bildirib ki, ölkədə böyük bir böhran yoxdur. Sadəcə xəstəxanalarda virus səbəbindən yatan xəstələr var:

“Azərbaycanlıların kompakt yaşadığı yerlərdə virus geniş yayılmayıb. Xəstələrin hər biri Gürcüstan vətəndaşıdır. Onlar arasında şagirdlər yoxdur. Əksəriyyəti 22-35 yaş aralığındakı  insanlardır.  12-ə yaxın insan virus səbəbindən dünyasını dəyişib.

Virusun qarşısını almaq üçün orta məktəblərdə tətil 1 həftə də uzadılıb.

Bugünkü məlumata görə, virus azalmağa doğru gedir. Dəhşətli bir vəziyyət yoxdur, amma hələ də böhran qurtarmayıb. Səhiyyə naziri də çıxış etdi. Apteklərdə medikament çatışmazlığı da var. Buna baxmayaraq dövlət virusun qarşısını almaq üçün mübarizə aparır. Hansısa çıxılmaz vəziyyət yoxdur. Virusun nə olduğu isə tam aşkar olunmayıb. Bəziləri donuz qripi deyir, bəziləri başqa cür adlandırır. İnsanlar panikaya düşür”.

Bəs sözügedən virusun kəskinləşmə ehtimalı nə qədərdir? Məktəblər tətildən sonra bunun qarşısını almaq üçün hansı addımı atmalı olacaqlar?

“Qısa vaxtda böyük bir arealı əhatə edə bilir”

Mövzu ilə  bağlı AzEdu.az-a danışan pediatr  Vaqif  Qarayev bildirib ki, qrip virusları xüsusiyyətləri, xəstəliyin ağır gedişatı və ölümcül ağırlaşmalar vermələrinə görə fərqlənirlər:

“Qripin A, B, C növləri var. Donuz qripi isə A növünə aiddir. Onlardan biri də H1 N1-dir. Bu, adi soyuqdəymə ilə başlasa da, ölümlə nəticələnə bilən ağırlaşmalar verir. Xüsusilə də sətəlcəm və ağ ciyərin ödemi kimi. Ağırlaşma olmasa, xəstə müəyyən müddət qriplə yaşayır və sağalır. Bu virusun güclü yoluxduruculuq xüsusiyyəti var. Qısa vaxtda böyük bir arealı əhatə edə bilir. Əsas qorxu  törədən də elə bu iki faktordur”.

“Gürcüstanakı xanım tələbə həyatını itirib”

Pediatr mütəmadi olaraq Gürcüstan mediasını izlədiyini, mütəxəssislərin sözlərinə görə, orada epidemiyanın olmadığını deyib:

“Epidemiya tamam fərqli anlayışdır. 450-500 nəfər xəstələnirsə, bu, artıq epidemiyadır. Amma rəsmilərin verdiyi məlumata görə, bu normativlər hələ yoxdur. Bu, yaxşı haldır. Pisi isə odur ki, ölüm halı var. Artıq 13-cü insan dünyasını dəyişib. Tibb Universitetinin xanım tələbəsi oradakı xəstəxanalardan birində həyatını itirib. Böyük ehtimalla elə xəstələrdən yoluxub. İnsan həyatını itiribsə gərək hamı qorunmağa çalışsın”.

Həkim onu da bildirib ki, qrip və soyuqdəymə fərqli anlayışlardır:

“Biz adi burun tutulması, boğaz ağrısına da qrip deyirik. Amma bunlar fərqli anlayışlardır. Bir qrip virusu hansısa ölkədə qeydə alınırsa, Dünya Səhiyyə Təşkilatı bunu bilməlidir. Çünki bu tip epidemiyalar bir ölkənin öhdəsindən gələcəyi bir şey deyil. Xaricdən də dərman preparatları ilə təchizat vacibdir. Tiflisdə iri aptek şəbəkələrinə antivurus preparatları paylanıb.

Əslində, belə hallarda əhalini qətiyyən təşvişə salmaq olmaz. Çünki tibb müəssisələrinə axın olacaq. Qripdən qorunmağın əsas yolu isə insanların sıx olduğu məkanlardan uzaq olmaqdır. Əhalini təşvişə salmasaq da, faktı və qorunma yollarını demək lazımdır”.

“Valideynlər istər bu sözümdən qorxsun, istər qorxmasın”

Pediatr məktəblərdə virusun qarşısını almaq yollarından da söz açıb. Bildirib ki, xəstə uşaq məktəbə getməməlidir. Bunun başqa yolu yoxdur:

“Xəstəliyin ilkin əlamətini hiss edəndə belə məktəbdən qalmalıdır. Çünki bu qrip adi soyuqdəymə kimi başlayır. Qızdırma qalxır, başağrı, öskürək, boğaz, əzələ ağrıları və s. Ağırlaşmalar isə vəziyyəti ciddiləşdirir.

Bizdə bu məsələ bərbad haldadır. Başa düşmürlər ki adi soyuqdəymədə belə şagird məktəbə getməməlidir. Bizdə bu məsələdə məktəb valideyni, valideyn də məktəbi qınayır. Heç nə insan sağlamlığından önəmli ola bilməz. Məktəbə gedəndə xəstəliyin yayılma ehtimal həddindən artıqdır. Məktəbə getsə, şagird gec sağalacaq və ölümcül ağırlaşmalar yaranacaq. Valideynlər istər bu sözümdən qorxsun, istər qorxmasın. Təşviş yaratmaq istəmirəm, amma həkim yalnız göstəriş verir. İcrası isə valideyndən asılıdır. Hər ailədə bir həkim oturmayacaq ki.

Məktəblərdə qoruyucu maskadan  istifadə təbliğ olunmalıdır. Ən bakteriyalı yer əlllərdir. Əllər tez-tez yuyulmalıdır. Qidalanmaya xüsusi diqqət edilməlidir. Hər gün qida rasionunda meyvə tərəvəz olmalıdır. İnsan sıx olan yerlərdən uzaq dursunlar. Otaqların havası tez-tez dəyişsinlər. Özünümüalicə ilə məşğul qəti qadağandır. Yalnız hərarət salıcılardan istifadə etmək olar. Antibyotiklər virusa deyil, yalnız bakteriyaya təsir göstərir. Virusu isə daha da ağırlaşdırır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları