Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-10 13:00:00
İş vərəqlərinin hazırlanması  və  tapşırıqların tərtibatı qaydaları – Müəllimlər üçün qeydlər   

İş vərəqi fəal təlim zamanı şagirdlərin tədqiqat işini təşkil edən mühüm vasitələrdən biridir. Müəllimlərin iş vərəqlərindən əsasən dərsin tədqiqat hissəsində istifadə edirlər. 

AzEdu.az iş vərəqlərinin hazırlanması və tapşırıqların tərtibatı ilə bağlı vacib bilgiləri nəzərənizi çatdırır: 

Müəllimlər qruplarla iş zamanı problemi həll etmək üçün müxtəlif tapşırıqlar tərtib edirlər. Bu tapşırıqlar şagirdin konkret olaraq bilik səviyyəsini yoxlamaq üçün deyil, onların təfəkkürünün inkişafı üçün nəzərdə tutulur. İş vərəqi tərtib edərkən şagirdin ad-soyadını qeyd olunmalıdır.

İş vərəqlərindən istifadənin müsbət tərəfləri hansılardır?

  • Rəngarənglik şagirdlərin fəallaşmasına gətirib çıxarır.
  • Tədqiqat zamanı şagirdlərin dürüst təşkilinə kömək edir
  • Müəllimin giriş sözü və təlimat üçün ayırmalı olacağı vaxta qənaət etmiş olur
  • Şagirdlər işlərin nəticələrini müxtəlif formada təqdim etməyi öyrənirlər

İş  vərəqinin hazırlanması zamanı tapşırıqların həcmi, sualların miqdarı və növləri, tərtibetmə qaydaları mütləq nəzərə alınmalıdır. Yəni, sualların miqdarı qoyulan müddət üçün uyğun olmalıdır.  Əlavə olaraq, tapşırıqlar hazırlanərkən, bir sual üçün nə qədər (neçə dəqiqə) vaxt lazım olduğu müəyyən edilməlidir. Belə olan halda, tədqiqat işi daha düzgün aparılar və qiymətləndirmə obyektiv olar. Tapşırıqların həcmi də bir dərs ərzində həll edilə biləcək qədər olmalıdır. Çox uzun, həlli çətin tapşırıqlar uşaqları həvəsdən sala bilər. Müəllim tapşırıq yazarkən unutmamalıdır ki, həmin tapşırıqlar bütün qruplar üçündür. Qısacası, bir qrup üçün asan, digəri üçün isə çətin sualların tərtibi yolverilməzdir. Tapşırıqlar şagirdlərin təfəkkürünün inkişafı üçün nəzərdə tutulduğundan suallara ayrılan vaxta və asan-çətinliyinə diqqət etmək lazımdır. Bu tip tapşırıqlar şagirddən konkret düzgün variant tələb etmir.

Tapşırıqlar hansı istiqamətləri əhatə etməlidir?

  • Hafizə tipli;
  • Məntiqi;
  • Tənqidi;
  • Yaradıcı.

İş vərəqinin hazırlanarkən dərsin məqsədi dərsin mövzusuna və məzmununa uyğun olmalı, eyni zamanda formalaşdırılmalı olan bilik, bacarıq və vərdişləri əks etdirməlidir (məsələn, məntiqi və ya tənqidi təfəkkürü, yaradıcılıq qabiliyyətlərini, müstəqil işləmək bacarığını, elmi – tədqiqat bacarıqlarını, estetik qavramanı və s.)

İş vərəqinə dair tələblər hansılardır?

  • Cəlbedici məzmunu və tərtibatı;
  • Məqsəd və sual konkret olmalıdır;
  • Uşaqların səviyyəsinə uyğun olmalıdır.

 

Tapşırılar mütləq dərsin məqsədlərinə uyğun olmalı və qarşıya qoyulmuş tədqiqat işinin həllinə yönəlməlidir (təfəkkür növü üzrə, informasiya mənbəyi üzrə, nəticələrin təqdimat forması üzrə və s). Şagirdin yaşı, bilik səviyyəsi və intellek səviyyəsinin nəzərə alınması vacibdir.

Nəticələrin təqdimat formaları necə olmalıdır?

• İfadə yazılar, təsvirlər, əsərlər, şeirlər, esselər;

  • Sxemlər, cədvəllər, qrafiklər;
  • İllüstrasiyalar, kitablar, qəzetlər;
  • Nağıllar, tapmacalar, atalar sözləri, zərb məsəllər, uydurmalar, yanıltmaclar;
  • Təcrübələr, eksperimentlər;
  • Maketlər, modellər, rəmzlər;
  • Layihələr;
  • Qaydalar, qanunauyğunluqlar;
  • Səhnələşdirmələr;
  • Kollajlar;
  • Faktlar və nümunələr kataloqu;
  • Musiqilər;
  • Referatlar;
  • Krossvordlar, rebuslar, bağlamalar və s.

İş vərəqinin tərtibatı necə olmalıdır?

• Səliqəli;

  • Yığcam (tapşırıq dəqiq verilməlidir);
  • Estetik;
  • Əyani;
  • Rəsmi məlumatları (məsələn, tarixi, sinif, qrup iştirakçılarının siyahısı və s.) əks etdirən olmalıdır.

Qeyd edək ki, iş vərəqində hazırlanan tapşırıqların Dövlət proqramı və milli dəyərlərə əsaslanması vacibdir.