Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-07 15:00:28
“Problemsiz  Tarix dərsliyimiz yoxdur” –  Alim təhsilin əsas problemini açıqladı  

“Repetitorluq institutu müəllimlərin aşağı nəticə göstərmələrinə səbəb ola bilməz. Ümumi xəstəlik tapmaq əvəzinə, xüsusi xəstəliklər axtarırıq. Dərsliklərə nəzər yetirmək lazımdır. Problemsiz  Tarix dərsliyimiz yoxdur. Bütün bəlaların başında dərsliklər dayanır”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı tarixçi alim Kərəm Məmmədov deyib. Onun sözlərinə görə, repetitorluq fəaliyyəti müəllimin öz üzərində işləməsini daha da inkişaf etdirir:

“Repetitorluq hazırda bir mərtəbədən digər mərtəbəyə mütəxəssis yetişməsi üçün pillə rolunu oynayır. Bizim vaxtımızda belə anlayış,“institut”, məşğuliyyət sahəsi yox idi. Bir fəaliyyətin həm müsbət, həm mənfi tərəfləri var. Birinci, problemin mənşəyi araşdırılmalıdır. Müsbətdirsə, şəbəkəsini genişləndirmək, mənfidirsə, mənbəyi müalicə etmək lazımdır. Yoxsa ki,  müəllimlərin repetitorluqla məşğul olması, onların aşağı nəticə göstərmələrinə səbəb olur kimi fikirlər səsləndirmək düzgün deyil. Bu adam hər gün öz üzərində işləyir. Əksinə, belə olan halda, gərək, daha yüksək nəticələr ortaya qoysun”.

Kərəm Məmmədov təhsildəki problemlərin kökündə əsas olaraq dərsliklərin dayandığını vurğulayıb:

“Ümumi xəstəlik tapmaq əvəzinə, xüsusi xəstəliklər axtarırıq. Dərsliklərə nəzər yetirmək lazımdır. Əsas məsələ, məhz budur. Problemsiz  Tarix dərsliyimiz  yoxdur. Bütün bəlaların başında dərsliklər durur”.

Xatırladaq ki, 5 dekabr 2018-ci il tarixdə Təhsil İnstitutunun təşkilatçılığı və müvafiq rayon (şəhər) Təhsil şöbələrinin (idarələrinin) dəstəyi ilə “İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqə keçirilib. Müsabiqə imtahanları riyaziyyat, informatika, fizika, kimya və biologiya fənlərindən Azərbaycan və rus bölmələri üzrə təşkil olunub.

Müəllimlərin aşağı nəticələr göstərməsi sosial şəbəkələrdə və mətbuatda müzakirələrə yol açıb. İmtahanların nəticələrinə əsasən, riyaziyyat müəllimlərinin 99 faizi, kimya müəllimlərinin 95 faizi, fizika müəllimlərin 94 faizi, informatika müəllimlərinin 90 faizi, biologiya müəllimlərinin isə 49 faizi test suallarının yarıdan çoxunu düzgün cavablandırmayıb.

Əksəriyyət nəticənin bu qədər aşağı olmasını “repetitorluq institutu” ilə əlaqələndirir.

Məsələyə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehovun rəsmi mövqeyini də təqdim edirik:

“Dünyanın qabaqcıl ölkələrində aparılan araşdırmalara görə, xüsusi istedadlı şagirdlər bütün şagirdlərin 2 faizini təşkil edir. Bu şagirdlərlə işləyəcək müəllimlərin müəyyən edilməsi üçün keçirilən müsabiqədə təqdim edilən tapşırıqlar kifayət qədər spesifik bir sahəni əhatə edir. Ona görə də bu meyarla müəllimləri dəyərləndirmək doğru yanaşma sayılmamalıdır. Dünyanın hər bir yerində beynəlxalq olimpiadalara hazırlıq proqramı əsasında tədris prosesini həyata keçirə bilən müəllimlər barmaqla sayıla biləcək qədər azlıq təşkil edir”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları