Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-07 13:27:56
IV qrup  abituriyentlərinin ciddi narahatlığı – “Nə yeni testlər, nə də proqram var, ona görə də...”

2019-cu ildə keçiriləcək yeni qəbul  imtahanlarıyla bağlı müəllimlərin narazılıqları artmaqda davam edir. İmtahana bir neçə ay qalsa da, ixtisas qrupları üzrə qəbul proqramı hələ də nəşr olunmayıb.

AzEdu.az budəfəki yazıda Biologiya müəllimlərinin iradlarına yer verib.

Biologiya müəllimi Şəlalə Ələkbərli AzEdu.az-a  açıqlamasında bildirib ki, sözügedən fənn üzrə qəbul proqramı təsdiq olunmayıb:

“Yeni nəşr olunan test topluları əvvəlki illərin təkrarı oldu. Həmin topluda dərslikdə olmayan mövzulara aid testlər var. Həm şagirdlər, həm də müəllimlər çaşqınlıq içindədirlər. Belə olduğu üçün qəbula düşəcəyindən ehtiyat edib, uşaqlara daha çox məlumat vermək məcburiyyətində qalırıq.

X və XI-ə əlavə olunan yeni bölmələrə aid testlər yoxdur ki, abituriyentlərə işlədərək, onlarda tətbiq bacarıqları formalaşdıraq. Ümumiyyətlə, bu ildən yaxşı nəticə gözləmirəm. XI siniflər üçün kurikulum standartları əsasında yeni Biologiya sinif testi belə çıxmayıb”.

Şəlalə Ələkbərli dərsliklərdəki bəzi mövzularda qarışıqlığın olduğunu vurğulayıb:

“Epidemioloji  xəstəliklər  bölməsində xəstəlik  adları  daha  çoxdur. Makrotəkamül  geniş  açılmayıb.  İnsanın  təkamülü  isə  daha da  geniş  formada  yazılıb. Uşaqlara  insanın  təkamülü  heç   maraqlı  da deyil. Yer  üzərində  həyatın yaranmasına aid  nə qədər  qarmaqarışıq  nəzəriyyə  adı çəkilib.

Repetitor yanına gedə bilməyənlər üçün hər şey daha çətin olacaq. Təmayül siniflərdə təhsil alanlar az da olsa, bunun öhdəsindən gələ bilərlər”.

Biologiya  müəllimi  Aytac  Səfərova  qəbul  proqramının gecikməsinin problemlər yaratdığını söyləyib:

“Gecikmə işimizdə müəyyən çətinliklər yaradır. Çünki bəzi mövzularla, xüsusilə də Genetika, Seleksiya və s. ilə bağlı anlaşılmazlıqlar var. Buna baxmayaraq dərs proqramına uyğun olaraq şagirdləri qəbul imtahanına hazırlaşdırırıq. Bu problemin tezlikcə, düzələcəyinə inanıram.

Yeni dərsliklərlə, ənənəvi dərsliklərin fərqinə gəlincə, bəzi mövzular yeni dərsliklərdə daha qısa formada əks olunub”.

Dərsliklərdəki ittahamlarla bağlı  X  sinif Biologiya dərsliyinin müəllifi Nüşabə Məmmədova ilə əlaqə saxladıq. O deyib ki, müəllimlərin narazı olmağına səbəb yeniliyi qəbul etməmələridir:

“Hər kitab standartlara uyğun yazılır. Biz özbaşımıza kitab yazmırıq. Etimologiya təzədir, standartlara uyğundur və heç bir qarışıqlıq yoxdur. Həmişə çalışmışıq ki, mövzuları sadələşdirək. İkincisi, makrotəkamül ömür boyu olub. Biologiyada hər zaman yer alan mövzudur. Şəxsən özüm işləmişəm. Bir neçə paraqrafda yeniliklər var. Sadəcə müəllim əzbərlədiyini təkrar etmək istəyir, yeniliyə baş qoşmur. Dərslik standarta uyğun yazılsa da, müəllim yeniliyi qəbul etmir. Ancaq əzbərlədiklərini demək istəyirlər. Yoxsa başqa heç bir problem yoxdur”.

Qəbul proqramının gecikməsinə gəlincə, öncədən də məlumat verdiyimiz kimi qəbul qaydalarının hüquqi cəhətdən təsdiqi bir neçə orqanla razılaşdırma aparıldıqdan sonra həyata keçirilir. İxtisas qrupları, eləcə də Biologiya üzrə qəbul proqramı “Abituriyent”jurnalının 1-ci nömrəsində dərc olunur.

Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. Yəni, rəsmi olaraq qəbul qaydaları dəyişdirilib və öz təsdiqini tapıb.

Abituriyent” jurnalının 1-ci nömrəsinin yanvar ayında dərc edilməsi nəzərdə tutulur. Beləliklə, ixtisas qrupları üzrə qəbul proqramının  jurnalın yaxın günlər ərzində nəşr olunacağı gözlənilir.

Qeyd edək ki, 2019-cu ildə keçiriləcək qəbul imtahanları tamamilə yeni model əsasında təşkil olunacaq. Yeni modelə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları