Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-04 09:00:00
Azərbaycanda tələbəni təqaüd, iş və güzəştli mənzillə təmin edən  proqram – Kim faydalana bilər?

Azərbaycanda fəaliyyət göstərən bir neçə şirkət tələbələr üçün müxtəlif təqaüd proqramları elan edir. Həmin şirkətlərdən biri də Azərbaycan Respublikasının Dövlət Neft Şirkətidir.

AzEdu.az SOCAR-ın tələbələr üçün elan etdiyi təqaüd proqramıyla bağlı vacib və qaranlıq qalan məqamları diqqətə çatdırır:

Bakı Ali Neft Məktəbinin və bakalavr pilləsinin I kursunda təhsil alan tələbələr istisna olmaqla, bakalavr (yalnız əyani) və magistr (əyani və ya qiyabi) pilləsi üzrə təhsil alan tələbələr proqrama müraciət edə bilərlər.

Təqaüd proqramına fərdi qaydada ərizə-anket bölməsindən elektron qeydiyyatdan keçmək lazımdır.

Təqaüdçü oxuduğu  müddətdə  SOCAR-ın müvafiq strukturlarında ödənişsiz istehsalat təcrübəsi (bütün kurslarda) və ödənişli yay təcrübəsi (II kursu bitirdikdən sonra) keçə bilər. Bundan əlavə, universiteti bitirən təqaüdçü xarici ölkələrin aparıcı universitetlərindən birinin magistraturasında SOCAR-ın maliyyə dəstəyi ilə təhsilini davam etdirə və ya SOCAR-da işlə təmin oluna bilər. İşlə təmin olunan təqaüdçüyə "Gənc mütəxəssis" statusu verilir. Gənc mütəxəssis  SOCAR-da güzəştli şərtlərlə mənzil almaq imkanı qazanır (mənzil növbəsinə dayanmağa əsas verən səbəblər olduğu halda).

Məzun aşağıdakı şərtlər daxilində işə qəbul olunur: ən azı son 2 tədris ilində təqaüdçü olmalıdır və ödənişli Yay təcrübəsində ən azı 1 (bir) dəfə iştirak etməli və təcrübə yerindən müsbət rəy almalıdır (təcrübəni neçənci kursda keçməsindən asılı olmayaraq).  

SOCAR təqaüdü 2010-cu ilin noyabr ayından aylıq 100 manatdır. Təqaüd müsabiqə keçirilən tədris ilinin sentyabr-iyun ayları (10 ay) üzrə verilir .

Müsabiqə hər tədris ilinin 1-ci semestri başa çatdıqdan sonra 1-2 ay ərzində elan olunur.

Ödənişli əsaslarla və ya özəl ali təhsil müəssisəsində təhsil alan tələbə, əyani (magistratura tələbələri - əyani və qiyabi) təhsil alırsa və şərtlərə cavab verirsə, proqramda iştirak edə bilər.

Ali məktəbə yüksək balla qəbul olmuş tələbə həmin il müsabiqədə iştirak edə bilməz.

Azərbaycan, rus və ya xarici dilli bölmələrdə təhsil almasından asılı olmayaraq, Azərbaycan dilini bilən və Təqaüd Proqramının şərtlərinə cavab verən istənilən Azərbaycan vətəndaşı müsabiqədə iştirak hüququna malikdir.

Müsabiqənin I turunda (test imtahanında) toplanılan bal yekun nəticədə nəzərə alınmır. I turda toplanan bal II tura keçənlərin siyahısını müəyyənləşdirərkən lazım olur. Yekun seçimdə isə yalnız II turun nəticələri əhəmiyyət daşıyır.

Müsabiəqənin məqsədi gələcəkdə yaxşı, perspektivli mütəxəssis ola biləcək tələbələri seçmək və digərlərini belə olmağa həvəsləndirməkdir. Yaxşı mütəxəssis olmaq üçün isə yalnız universitetdə "yaxşı" və "əla" qiymətlərlə oxumaq kifayət deyil. Komissiya qiymətləndirmə zamanı tələbənin ixtisas biliyindən əlavə fikrini ifadə etmə, məsuliyyətlilik, davranış, özünəinam, inandırma, liderlik və s. keyfiyyətlərini də nəzərə alır. Bu meyarlara əsasən universitetin ən yaxşı tələbəsi müsabiqədə təqaüdçü olmaya da bilər.

Təqaüdçülərin siyahısı elan olunduqdan sonra ödənişlərin aparılması üçün SOCAR-ın müvafiq əmri verilir. Proses ən azı 1 ay çəkir.

Daxili Təqaüd Proqramı qalibləri kimi işə düzələn namizədlərin mənzillə təmin olunma prosedurlar aşağıdakı kimidir:

Mənzil təmin edilmək üçün "Neftçi" mənzil-tikinti kooperativinə (MTK) üzv olmaq lazımdır.

Daxili Təqaüd Proqramı qalibləri kimi işə düzələnlər Kooperativə növbədənkənar üzv olma hüququna malikdirlər (digər işçilər müəyyən staj senzindən sonra üzv ola bilərlər).

MTK-ya üzv olmaq üçün xüsusi elanı gözləmək lazımdır (elanda binanın yeri və ərizə qəbulu müddəti qeyd olunur).

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları