Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
Və qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Uzun illər yüksək post tutan Mehdiyev həm də elmlər doktoru, professordur.
AzEdu.az olaraq onun hansı istiqamətlər üzrə müdafiə etməsini araşdırdıq.
Barəsində yer alan məlumatlarda göstərilir ki, o, elmi fəaliyyətini sosial fəlsəfə sahəsində qurub. Namizədlik dissertasiyasını “V.İ. Lenin millətçiliyin və opportunizmin qarşılıqlı əlaqəsi haqqında”, doktorluq işini isə “Millətlərarası münasibətlər: nəzəriyyə və siyasət problemləri” mövzusunda müdafiə edib.
Yenə onun barəsində elmi fəaliyyəti ilə bağlı məlumatlara istinad etsək, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının fəlsəfə ixtisası üzrə həqiqi üzvü seçilib. 26 kitab və 250-dən çox məqalə müəllifidir.
Xaricdə 7 kitabı və 81 məqaləsi dərc olunub, 39 elmi işi beynəlxalq elmi bazalarda referatlaşdırılıb və indeksləşdirilib.
Ancaq zaman-zaman mətbuata sızdırılan məlumatlarda onun adına yayılan elmi məqalələri, kitabları özünün yazmadığı qeyd olunub.
Və ən maraqlısı odur ki, onun müraciət etdiyi mövzuların gerçək həyatda əziyyətini Azərbaycan çəkib.