Azedu.az

Xəstə doğulan körpələr - Dünyada qohum evliliyinə yanaşma necədir?

Araşdırma

10 Sentyabr 2025, 16:57
Xəstə doğulan körpələr - Dünyada qohum evliliyinə yanaşma necədir?

Qohum evliliyi bəzi ölkələrdə normal olaraq qalır və bu cür hallar doğulan uşaqlarda genetik xəstəliklərin riskini artır. Tibbi araşdırmalar göstərir ki, birinci və ikinci dərəcəli qohumlar arasında baş tutan evliliklərdə əqli gerilik, qan xəstəlikləri, görmə və eşitmə problemləri daha çox rast gəlinir.

AzEdu.az bu barədə araşdırma aparıb. Qohum nikahlarından doğulan uşaqlarda ciddi genetik xəstəliklərin riski təxminən iki-üç dəfə yüksəlir.

Qohum evlilikləri xüsusilə Yaxın Şərq və Cənubi Asiya ölkələrində çox yayılıb. Məsələn, Pakistanda nikahların yarıdan çoxu qohumlar arasında baş verir və burada genetik xəstəliklərin yayılması yüksəkdir. Səudiyyə Ərəbistanında və digər ərəb ölkələrində belə nikahlar əhalinin təxminən 25-40 faizini təşkil edir. Şimali Afrikada, Misir və Sudan kimi ölkələrdə də qohum nikahları geniş yayılıb. Türkiyədə bu göstərici 20-25 faiz civarındadır. Avropa və ABŞ-də isə qohum evlilikləri çox nadirdir və əksər hallarda sosial və hüquqi baxımdan qəbul olunmur.

Qanun baxımından vəziyyət ölkədən asılı olaraq fərqlidir. Avropa ölkələrinin çoxunda yaxın qohumlar arasında evlilik qadağandır. ABŞ-də ştatlara görə fərqlilik var; bəzi ştatlarda əmioğlu-əmiqızı evliliyinə icazə verilsə də, bəzilərində bu qadağan olunub. Azərbaycan və Türkiyədə birbaşa qohumlar arasında nikah qanunla qadağan edilib. Ərəb ölkələrində isə qanuni qadağa yoxdur və mədəni baxımdan belə nikahlar qəbul olunur.

Bəzi ölkələrdə, məsələn Qətər və BƏƏ-də, qohum nikahı edən cütlüklər genetik məsləhət və müayinələrdən keçməyə məcburdurlar ki, doğulacaq uşaqların sağlamlıq riskləri azaldılsın.

Bu uşaqlarda irsi qan xəstəlikləri, o cümlədən talassemiya və hemofiliya daha çox qeydə alınır. Onların immun sistemi zəif ola bildiyindən tez-tez xəstələnirlər. Eyni zamanda əqli və fiziki inkişafda ləngimələr, nitq problemləri, eşitmə və görmə pozğunluqları müşahidə olunur. Bəzi hallarda isə ürək-damar sistemi və daxili orqanlarla bağlı anadangəlmə qüsurlar yaranır ki, bu da uşağın sağlam böyüməsinə ciddi təsir göstərir.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox