Məktəblərdə uşaqlara ödənişsiz yemək verilməsi bir çox ölkələrdə təhsil siyasətinin vacib hissəsinə çevrilib. Bu yanaşma həm sosial bərabərliyi gücləndirir, həm də uşaqların sağlam böyüməsinə dəstək olur. Dünyanın müxtəlif ölkələrində bu proqramların tətbiq formaları fərqlidir.
AzEdu.az bununla bağlı araşdırma aparıb.
Finlandiya məktəblərdə ödənişsiz yemək proqramını ilk tətbiq edən ölkələrdəndir. 1948-ci ildən bəri bütün şagirdlər məktəbdə pulsuz isti naharla təmin olunur. Məqsəd uşaqların həm sağlam qidalanması, həm də sosial bərabərliyin qorunmasıdır.
İsveçdə məktəblərdə ödənişsiz yemək sistemi tamamilə dövlət tərəfindən maliyyələşdirilir. Burada uşaqlara yalnız nahar deyil, eyni zamanda sağlam qidalanma vərdişləri də öyrədilir. Məktəblərdə yeməklər qida balansına uyğun hazırlanır.
ABŞ-də “National School Lunch Program” çərçivəsində az gəlirli ailələrin övladlarına ödənişsiz və ya subsidiyalı yeməklər təqdim olunur. Tamamilə pulsuz yemək hüququ ailənin gəlir səviyyəsindən asılı olaraq müəyyən edilir. Son illərdə bəzi ştatlarda bütün uşaqlar üçün pulsuz yemək təşəbbüsləri də müzakirə olunur.
Böyük Britaniyada aşağı siniflərdə oxuyan bütün uşaqlara ödənişsiz nahar verilir. Yuxarı siniflərdə isə bu hüquq yalnız aztəminatlı ailələrdən olan şagirdlərə şamil edilir. İngiltərədə proqram həm sosial siyasət, həm də sağlamlıq strategiyası kimi dəyərləndirilir.
Yaponiyada məktəb yeməkləri dövlət və valideynlərin ortaq maliyyələşdirməsi ilə təşkil olunur. Tamamilə pulsuz olmasa da, hökumət aztəminatlı ailələrə dəstək verir. Burada yeməklər əsasən yerli kənd təsərrüfatı məhsullarından hazırlanır və uşaqlara qidalanma mədəniyyəti öyrədilir.
Fransada məktəb yeməkləri ödənişli olsa da, az təminatlı ailələrin övladları üçün subsidiyalar nəzərdə tutulur. Paris və bəzi digər şəhərlərdə müəyyən yaşadək uşaqlara qismən pulsuz yemək təmin olunur. Burada əsas diqqət yeməyin keyfiyyətinə və mədəni qidalanma vərdişlərinə yönəlib.
Estoniya məktəblərində bütün uşaqlar ödənişsiz nahar alır. Bu proqram dövlət tərəfindən tam maliyyələşdirilir və uşaqların qidalanma ehtiyaclarının qarşılanması ilə yanaşı, ailələrin sosial yükünü də azaldır.