Azərbaycanda uşaqların gündəlik həyatında adi görünən bəzi vərdişlər və davranışlar xarici ölkələrdə qanunla məhdudlaşdırılıb. Müxtəlif ölkələrdə uşaqların təhlükəsizliyi və sosial mühitə uyğunluğu üçün xüsusi qaydalar mövcuddur.
AzEdu.az bu barədə araşdırma aparıb.
Məsələn, yay aylarında gec saatlara qədər küçədə oynamaq Azərbaycanda normal sayılsa da, ABŞ və Avropanın bir sıra şəhərlərində “gecə saatları” qanunu tətbiq olunur. Həmin qanuna görə, müəyyən yaşdan kiçik uşaqlar valideyn nəzarəti olmadan küçədə qala bilməz.
İnternet və oyunlar məsələsində də ciddi fərqlər var. Azərbaycanda uşaqlar sosial şəbəkə və mobil oyunlardan saat baxımından yaş məhdudiyyəti olmadan istifadə edə bildiyi halda, Cənubi Koreyada 16 yaşdan kiçiklər gecə saat 12-dən sonra onlayn oyunlara girə bilmir.
Uşaqların ictimai nəqliyyatdan istifadəsi də ölkələr arasında fərqlənir. Azərbaycanda yeniyetmələr avtobus və metrodan tək istifadə edə bildiyi halda, Skandinaviya ölkələrində müəyyən yaşa qədər uşaqlar yalnız böyüklərin müşayiəti ilə ictimai nəqliyyata minə bilər.
Bundan başqa, bayramlarda uşaqların partlayıcı maddələrlə oynaması bizdə geniş yayılıb. Lakin ABŞ və Avropada 18 yaşdan kiçik uşaqlar üçün havai fişəng və hər cür partlayıcı vasitədən istifadə qanunla yasaqlanıb.
Beləliklə, Azərbaycanda gündəlik həyatın bir parçası kimi qəbul edilən bir çox vərdişlər başqa ölkələrdə uşaqların hüquq və təhlükəsizliyi üçün qadağan olunur.