Uşaqların stress səviyyəsi ölkələrə görə müxtəliflik göstərir və bu, həm sosial-iqtisadi vəziyyət, həm təhsil sistemi, həm də yaşadıqları mühitlə sıx bağlıdır.
AzEdu.az bu barədə araşdırma aparıb. Son məlumatlara əsasən, ən yüksək stress səviyyəsi və ən aşağı həyat məmnuniyyəti göstəricisi ilə seçilən uşaqlar əsasən Birləşmiş Krallıq, Polşa, Cənubi Koreya, Çin və münaqişə bölgələrində yaşayan ölkələrdə müşahidə olunur.
Birləşmiş Krallıqda 15 yaşlı uşaqlar arasında həyat məmnuniyyəti göstəricisi Avropanın ən aşağı səviyyəsindədir. Uşaqların təqribən 25 faizi özünü xoşbəxt hesab etmir, bu da onların gündəlik həyatda ciddi stress yaşadığını göstərir. Polşada isə uşaqların xoşbəxtliyi son illərdə kəskin azalmaqdadır və onlar təhsildə çoxlu məsuliyyət, dərslər və testlər səbəbindən yüksək stres yaşayırlar.
Asiyada Cənubi Koreya və Çində uşaqların stres səviyyəsi təhsilin sərt tələbləri ilə əlaqədardır. Cənubi Koreyada gənclərin təxminən 40 faizi ciddi stressdən əziyyət çəkir. Çin məktəblərində isə təhsil sistemi uşaqlarda psixoloji yük yaradır və bu, onların ümumi rifahına mənfi təsir göstərir.
Bundan əlavə, münaqişə bölgələrində, məsələn, Fələstin və Livanda uşaqların stress səviyyəsi və psixoloji travmaları çox yüksəkdir. Orada uşaqlar müharibə və qarşıdurma şəraitində yaşadıqları üçün, uzun müddətli narahatlıq, depressiya və posttravmatik stres sindromu halları geniş yayılıb.
Ümumilikdə, ən əsəbi uşaqların yaşadığı ölkələr sırasına Birləşmiş Krallıq, Polşa, Cənubi Koreya, Çin və münaqişə zonalarında yerləşən ölkələr daxildir. Bu yerlərdə uşaqların stress səviyyəsini azaltmaq üçün sosial dəstək sistemlərinin gücləndirilməsi, təhsil sistemində dəyişikliklər və psixoloji yardım xidmətlərinin artırılması vacibdir.