Aparılan bir çox araşdırmalar təhsil sistemində sərt intizamla sərbəst interaktiv yanaşmalar arasında fərqləri, nəticələri və təsirləri müqayisə etməyə imkan verir. Bəs hansı təhsil sistemi daha uğurludur? Şagirdlərə yüksək akademik nəticələr qazandıran amil daha çox intizamdır, yoxsa azadlıq və yaradıcılıq mühiti?
AzEdu.az bu barədə araşdırma aparıb.
Təzyiqli və ciddi nəzarət altında qurulan sistemlər
Çin, Cənubi Koreya və Sinqapur kimi ölkələrdə təhsil sistemi daha çox intizam və yüksək gözləntilər üzərində qurulub. Bu ölkələrdə şagirdlər uzun saatlar dərs oxuyur, əlavə hazırlıqlara cəlb olunur və akademik uğur əsas məqsəd kimi göstərilir. Məsələn, PISA nəticələrinə görə bu ölkələrin şagirdləri riyaziyyat və təbiət elmlərində mütəmadi olaraq yüksək nəticələr göstərirlər.
Amma bu sistemlərin psixoloji tərəfi də müzakirə mövzusudur. OECD və UNESCO tərəfindən aparılan araşdırmalarda göstərilir ki, bu ölkələrin məktəblərində oxuyan şagirdlər arasında depressiya, sosial təcrid və məktəb stresləri daha geniş yayılıb.
Sərbəst və interaktiv tədris sistemi
Digər tərəfdən, Finlandiya, Estoniya, Norveç kimi ölkələrdə təhsil daha çox şagird yönümlü və rahat şəkildə təşkil olunur. Bu sistemlərdə yaradıcılıq, fərdi maraqlar, təşəbbüskarlıq ön plandadır. Şagirdlərin az dərs saatı və ev tapşırığı olsa da, bu onların nəticələrinə ciddi mənfi təsir etmir.
Məsələn, Finlandiya PISA testlərində davamlı olaraq ilk sıralarda yer alır. Bu ölkədə uşaqlara 7 yaşdan əvvəl məktəbə başlamağa tələsmirlər, dərslərdə az tapşırıq verilir və uşağın şəxsiyyəti, rifahı əsas prioritet sayılır.
Hansı daha uğurludur?
Statistik göstəricilər və beynəlxalq qiymətləndirmələr göstərir ki, uğurun tək meyarı intizam və sərtlik deyil. Əksinə, sosial rifah, müəllim-şagird münasibətləri, yaradıcı azadlıq, ailə və məktəb arasında əməkdaşlıq da eyni dərəcədə əhəmiyyətlidir.
Mütəxəssislər bildirir ki, qarışıq model, yəni həm intizam, həm də sərbəstliyi birləşdirən təhsil yanaşması daha sağlam nəticələr verir. Bu zaman şagird nəinki sadəcə öyrənir, həm də öyrəndiyini tətbiq etməyi, analiz etməyi və kritik düşünməyi bacarır.