Dünyada hər gün minlərlə uşaq müxtəlif xəstəliklərin qurbanına çevrilir. Bəzi regionlarda isə uşaqların sağlamlıq hüquqları ciddi şəkildə təhlükə altındadır. Beynəlxalq təşkilatların son illərdə yaydığı statistik göstəricilər narahatedici mənzərə ortaya qoyur: infeksion xəstəliklər, xroniki patologiyalar və qidalanma pozuntuları nəticəsində hər il milyonlarla uşaq ya həyatını itirir, ya da ömürlük sağlamlıq problemləri ilə üz-üzə qalır.
AzEdu.az mözvu ilə bağlı araşdırma aparıb.
Dünya Səhiyyə Təşkilatı (DST) və UNICEF-in hesabatlarına əsasən, hazırda dünya üzrə milyonlarla uşaq müxtəlif xəstəliklərdən əziyyət çəkir. Ən çox rast gəlinən problemlər arasında infeksion xəstəliklər, xroniki patologiyalar, qidalanma pozuntuları və genetik sindromlar yer alır. Bu tendensiya xüsusilə inkişaf etməkdə olan ölkələrdə daha kəskin şəkildə müşahidə olunur.
Hər gün minlərlə uşaq həyatını itirir
DST-nin 2023-cü il üzrə açıqladığı məlumatlara əsasən, hər gün təxminən 13 min uşaq xəstəlik səbəbilə həyatını itirir. Bu da illik təxminən 4.5 milyon uşaq ölümü deməkdir. Ən çox ölüm halları isə erkən doğuş, neonatal infeksiyalar və aşağı tənəffüs yolları xəstəlikləri ilə bağlıdır.
Təkcə pnevmoniya və ishal səbəbilə ildə yüz minlərlə uşaq həyatını itirir. Malyariya halları isə əsasən Afrikada geniş yayılıb və bu infeksiyadan ötrü ölən uşaqların sayı yarım milyona yaxındır.
Uşaqlar arasında təkcə yoluxucu xəstəliklər deyil, həm də qeyri-infeksion, yəni xroniki və genetik xəstəliklər də ciddi narahatlıq doğurur. Araşdırmalara görə, dünyada 2 milyarddan çox uşaq qeyri-infeksion xəstəliklərin potensial riski altındadır. Bunlara astma, şəkərli diabet, ürək-damar problemləri və oraq hüceyrə anemiyası kimi patologiyalar daxildir.
Məsələn, 2021-ci ildə dünyada 300 minə yaxın uşaqda oraq hüceyrə anemiyası aşkarlanıb. Bu xəstəliklərin çoxu müalicə olunmazsa, erkən yaşda ölüm və ya ömürlük əlilliklə nəticələnə bilər.
Qlobal statistika göstərir ki, dünyada 148 milyon uşaq normal boy inkişafından geri qalır (stunting), 45 milyon uşaq isə arıqlıqdan (wasting) əziyyət çəkir. Qida çatışmazlığına bağlı olaraq yaranan vitamin A əskikliyi ildə 670 min uşağın ölümünə səbəb olur, həmçinin on minlərlə uşaqda korluğa gətirib çıxarır.
Qeyd edək ki, təmiz içməli suyun olmaması, gigiyena qaydalarına əməl edilməməsi və sanitariya sistemlərinin zəifliyi də bu problemlərin daha da dərinləşməsinə səbəb olur.