Dünyada məktəbəqədər və ibtidai təhsilin başlama yaşı ölkədən-ölkəyə dəyişir. Bu yaş həddi həm ölkələrin qanunvericiliyindən, həm də onların təhsil sistemlərinin strukturundan asılı olaraq müəyyən edilir. Ümumiyyətlə, bir çox inkişaf etmiş ölkələrdə uşaqlar təhsilə çox erkən yaşdan başlayırlar. Məktəbəqədər mərhələyə isə adətən 3–5 yaş arası dövr aiddir. AzEdu.az bununla bağlı apardığı araşdırmanı təqdim edir.
Məsələn, Finlandiya kimi uğurlu təhsil modellərinə sahib ölkələrdə uşaqlar 6 yaşında məktəbəqədər hazırlıq proqramlarına cəlb olunur, ibtidai təhsilə isə 7 yaşında başlayırlar. Finlandiya bu sahədə az yaşdan təzyiq etmədən, uşağın psixoloji hazırlığını əsas götürərək daha gec başlama modelini seçən ölkələrdəndir.
Almaniyada məktəbəqədər təhsil 3 yaşdan başlayır və uşaqlar 6 yaşında ibtidai məktəbə başlayırlar. Almaniyada "Kindergarten" mərhələsi çox vacib sayılır və burada sosial bacarıqların formalaşmasına xüsusi diqqət ayrılır.
Fransada isə uşaqlar artıq 3 yaşdan "école maternelle" adlanan məktəbəqədər təhsil müəssisələrinə başlayır və bu mərhələ 6 yaşa qədər davam edir. 6 yaşdan isə ibtidai təhsil başlayır. Fransız təhsil sistemi uşaqların erkən yaşdan nizam-intizam və dil bacarıqlarına yiyələnməsinə yönəlmişdir.
İngiltərədə uşaqlar adətən 4 yaşında "Reception" adlı siniflərlə ibtidai məktəbə daxil olur, lakin bu, məktəbəqədər mərhələ ilə sıx əlaqəlidir. Məktəbəqədər mərhələ isə 3 yaşdan başlayır və dövlət tərəfindən maliyyələşdirilən proqramlar mövcuddur.
Amerika Birləşmiş Ştatlarında isə təhsil sisteminin federativ quruluşu səbəbilə müxtəlif ştatlarda yaş həddi fərqli ola bilər. Lakin ümumilikdə məktəbəqədər təhsil 3-4 yaşdan başlayır, ibtidai təhsilə isə 5 və ya 6 yaşdan start verilir. ABŞ-də "Kindergarten" sinifi çox vacib mərhələ sayılır.
Yaponiyada uşaqlar 3 yaşdan etibarən "yōchien" və ya "hoikuen" adlı məktəbəqədər təhsil müəssisələrinə gedirlər. İbtidai məktəbə isə 6 yaşda daxil olurlar. Yaponiyada erkən yaşlardan kollektivçilik, intizam və məsuliyyətli davranış vərdişləri formalaşdırılır.
Cənubi Koreyada da təhsil 3 yaşdan başlayan məktəbəqədər mərhələ ilə başlayır, ibtidai məktəb isə 6 yaşdan başlayır. Təhsil sistemi rəqabətə əsaslandığı üçün erkən yaşlardan ciddi hazırlıq həyata keçirilir.
Azərbaycanda isə məktəbəqədər təhsil 1–5 yaş arası uşaqları əhatə edir. 6 yaşdan etibarən məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. İbtidai təhsilə isə uşaqlar 6 yaşında başlayırlar.