Dövlətlər uğurlu gələcək üçün təhsilin inkişafına diqqət edir, onu xüsusi şəkildə proqramlaşdırırlar.
Gələcək üçün yarana biləcək ehtiyacların müəyyənləşdirilməsi və qarşılanması təhsilin əsas prioritetlərindəndir.
Təhsilə xüsusi önəm verən ölkələrdən biri də İspaniyadır. Dünyada ən çox istifadə edilən ikinci dilə sahib olan ölkə təhsilin inkişafına hər zaman xüsusi diqqət göstərir.
AzEdu.az fərqliliklərlə dolu İspaniya təhsil sistemi haqqında araşdırmanı təqdim edir.
Təhsil əsasən ödənişsizdir, lakin bəzi məktəblər...
İspaniyada məktəbəqədər təhsil 0-6 yaş arası uşaqları əhatə edir. Məktəbəqədər təhsil bu ölkədə məcburi olmasa da demək olar ki, bu yaş qrupunu əhatə edən bütün uşaqlar bundan yararlanırlar. Bu təhsil pilləsi hər biri 3 il olmaqla iki dövrə bölünür. Ölkədə sadəcə qızların və oğlanların təhsil aldığı özəl məktəblər də mövcuddur. Məktəbəqədər təhsilin əsas məqsədi uşaqların zehni, fiziki, sosial, əxlaqi və duyğusal baxımdan inkişafını təmin etməkdir. Məktəbəqədər təhsil bir çox rəsmi və özəl təhsil müəssisələrində ödənişsizdir. Ancaq dövlət məktəblərində yemək, şagirdləri daşıyan avtobuslar və digər xərclər ailələr tərəfindən ödənilir. Məktəbəqədər təhsilin təməl iki qurumu bağçalar və məktəbəhazırlıq sinifləridir. Bu təhsil müəssisələri həm özəl, həm də dövlətə aid ola bilər. Özəl müəssisələrin xərcləri ailələr tərəfindən ödənilir.
Məktəbəqədər təhsilin ikinci dövrü 3-6 yaş aralığını əhatə edir və həm dövlət müəssisələrində, həm də maliyyə xərcləri dövlət tərəfindən qarşılanan özəl müəssisələrdə təhsil ödənişsizdir.
Din dərsləri keçilir, iştirak könüllüdür
İspaniyada məcburi təhsil müddəti 10 ildir. Yəni 6-16 yaş arası hər kəs təhsil almağa məcburdur. İbtidai təhsil hər birinin müddəti 2 il olmaqla 3 mərhələdən ibarətdir. Bu mərhələdə əsasən sinifdən-sinfə keçmək rahatdır. Bu təhsil pilləsinin əsas məqsədi şagirdə ümumi mədəniyyət, oxuma, yazma, özünü ifadə bacarığı, hesablama məlumatları və müstəqil olma duyğusunu qazanmaq fürsəti verməkdir. İbtidai təhsil pilləsində əsasən bu dərslər keçilir: İspan dili və Ədəbiyyatı, Riyaziyyat, Ətraf mühit, İctimai və Mədəni yaşam məlumatları, İncəsənət dərsi, Fiziki tərbiyə. Bununla yanaşı dini məlumatlarla bağlı dərslər də keçilir. Ancaq bu dərsdə iştirak şagirdin istəyinə bağlıdır, yəni könüllüdür. Dərs proqramları bölgəyə uyğun şəkildə dəyişir.
Şagird dərsi mənimsəyə bilmirsə, onun üçün fərqli proqram hazırlanır
Bu təhsil pilləsinin ilk 4 ili məcburi, son iki ili isə könüllüdür. Ümumi – orta təhsil pilləsi peşə təhsili müəssisəsində də keçilə bilər.
İspaniyada peşə təhsil müəssisələri geniş yayılıb. Akademik istiqamətdə inkişaf etmiş olan şagirdlər tam orta təhsil pilləsinə, qalan tələbələr isə peşə təhsil müəssisələrinə göndərilir. Ümumi-orta təhsilin əsas məqsədi şagirdi universitetə hazırlmaq, yüksək səviyyədə ixtisasyönümlü təhsil vermək, ölkənin iş mühiti ilə bağlı məlumatlandırmaqdır. Dərsləri öyrənməkdə çətinlik çəkən şagirdlər üçün fərqli proqramlar hazırlanır. Ümumi-orta təhsilin ikinci mərhələsində incəsənət, tibb elmləri, fəlsəfə, sosial elmlər və exniki fənlər keçilir.
Şagirdin təhsildə yuxarı pilləyə keçməsi üçün müəllimin fikirlərini öyrənmək zəruridir və bəzi məktəblər kilsəyə bağlıdır
Tam orta təhsil pilləsini bir növ universitetə hazırlıq sinifləri kimi düşünə bilərik. Tam orta təhsil pilləsinə keçid üçün əvvəlki pillədən diplom və müəllimin şagird haqqında fikirləri də vacib görülür. Bu təhsil pilləsinin sonunda məktəbi bitirmək və attestat almaq üçün imtahan təşkil edilir. Bu imtahandan keçə bilməyənlər üçün isə təkrar imtahanlar təşkil edilir. Dövlət məktəbləri ilə yanaşı özəl məktəblər də mövcuddur. Bu məktəblər əsasən bir qismi kilsəyə bağlı fəaliyyət göstərir.
Məktəblərdə müdirlər məktəb şurası tərəfindən seçilir və muxtar bölgə rəhbəri tərəfindən rəsmi təsdiq edilir. İbtidai siniflərdə maksimum 25, ümumi-orta təhsil sinfində maksimum 30 tələbə ola bilir. İspaniyada məktəblər şagirdləri ictimai nəqliyyatla təmin etməyə məcburdurlar. Məktəblərdə xarici dil 3-cü sinifdən etibarən keçilməyə başlayır. Məktəblərdə dərs ili sentyabrda başlayır və iyunda bitir. Yeni ildə iki həftə, fevralda üç gün tətil verilir və ayrıca yay tətili olur.
Universitetlər müstəqildir, ancaq bərabərlik məqsədi ilə bəzi qurumlar tərəfindən məhdudiyyətləri qəbul edir
İspaniyada universitetlər Azərbaycanda olduğu kimi publik-hüquqi şəxs statusunu daşıyır və müstəqildirlər. Öz rəhbərini, idarə heyətini və büdcəsini müstəqil şəkildə təyin edir. Dərslər səhər saat 09:00-da başlayır və 16:00- kimi davam edir. Müəssisədə günorta yeməyi verilir və yemək müddəti 2 saat yarımdır. Bu quruluş sayəsində universitetlər öz fəaliyyətlərini, xidmətlərini və tədris planlarını rahat təyin edə bilirlər. Ancaq təhsildə bərabərliyin təmin edilməsi və hər kəsin dərəcələrinin rəsmi olaraq tanına bilməsi üçün bəzi səlahiyyətli qurumlar tərəfindən tədris planlarına məhdudiyyət qoyulur. Bu məhdudiyyətlər semestr ərzində kurs mövzularını və dərs yüklərini tənzimləyir.
Universitetlər keyfiyyətli xidmət üçün öhdəliklər götürür
İspaniyada dövlət universitetləri yanaşı özəl universitetlər də mövcuddur. Təqdim olunan xidmətin keyfiyyətini ölçmək məqsədi ilə yeni bir universitet üçün tələb olunan standartlar üzərində bəzi öhdəliklər götürülmüşdür. Hazırda İspaniyada 47 dövlət və 12 özəl universitet fəaliyyət göstərir.
İspaniya xarici vətəndaşları qəbul edən ölkədir və bu səbəblə xarici vətəndaşlar üçün də təhsil müəssisəsi açmağı vacib hesab edirlər və fərqliliklər zənginlikdir düşüncəsi ilə hərəkət edirlər.
Müəllimlər və məktəb direktorları daim keyfiyyətli tədris və inkişafa çalışırlar
Bu ölkədə müəllimlərin təhsilinə xüsusi diqqət edilir. Yeni bir tədris proqramı tətbiq edilmədən öncə müəllimlərin təhsilini tamamlamağa diqqət edilir. Müəllimlər hər zaman müəyyən suallar verirlər: Necə öyrənirik? Necə öyrədirik? Necə öyrətməliyik?. Məktəb müdürləri isə Məktəb olaraq hansı səviyyədəyik?, Nə istəyirik? kimi suallara verirlər. Bu sualların cavabı təbii olaraq bir addım önə irəliləmək üçün vacib hesab edilir. “Öyrənməyən öyrətməz, harada olduğunu bilməyən gəldiyi yeri də bilməz”- deyə düşünürlər.