AzEdu.az “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının koordinatoru Cəfər Mənsiminin təhlil yazısını təqdim edir:
Təhsildə keyfiyyətə nəzarət etmək, mövcud vəziyyəti öyrənmək və təhsilalanların müasir çağırışlara nə qədər hazırlıqlı olduqlarını dəyərləndirmək, təhsilin keyfiyyətini beynəlxalq standartlarda qiymətləndirmək məqsədi ilə dünyada müxtəlif beynəlxalq qiymətləndirmə proqramları mövcuddur. Ümumi təhsil sahəsində PISA, PIRLS və TIMSS əsas beynəlxalq qiymətləndirmə proqramlarından sayılır. Ölkəmiz hər üç proqramın iştirakçısıdır.
Bu yazıda PISA haqqında məlumat verməyə və PISA direktoru Andreas Schleicherin təhsillə bağlı çağrışlarını çatdırmağa çalışacağam. Bu yerdə böyük qürur hissi ilə qeyd etmək istərdim ki, cənab Andreas bu yaxında təşkil etdiyimiz və təşkilat komitəsinin sədri olduğum və 10 mindən çox iştirakçının qatıldığı “Təhsildə Yeni Çağırışlar Beynəlxalq Forum”da ilk dəfə olaraq azərbaycanlı auditoriyası qarşısında çıxış edirdi və buna görə onun irəli sürdüyü məqamlara xüsusi olaraq toxunmağa çalışacağam.
Öncə PISA-nın nə olduğuna baxaq. PISA-(Programme for International Student Assessment) beynəlxalq şagird qiymətləndirilməsi proqramıdır. Bu proqram 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarını ölçür və onların qlobal səriştəsinə baxır.
Tədqiqat “Yaşamaq üçün öyrənmək” devizinə əsaslanır və tədqiqatda bu suallara cavab axtarılır: Şagirdlər əldə etdikləri bilikləri necə istifadə edə bilirlər? Məktəblər onları yetkin həyata kifayət qədər hazırlayırmı? Məktəb şagirdlərin gələcəyini inkişaf etdirə bilirmi? Şagirdlər öyrəndikləri biliklərlə problemləri hansı formada həll edirlər? Sintez, təhlil və mühakimə yürütmə, dəyərləndirmə bacarıqları necədir? Bir sözlə, əsas məqsəd şagirdlərin məktəbdə öyrəndikləri bilik və bacarıqları günlük həyatda istifadə etmə qabiliyyətlərini ölçməkdir. Əslində PISA sadəcə bununla kifayətlənmir. Şagirdlərin motivasiyalarını, onların özləri haqqında fikirlərini, öyrənmə tərzlərini, məktəb və ailələri haqqında məlumatları da toplayır. Şagirdlərin öyrənmək istəkləri, dərslərdəki performansları və öyrənmə mühitinə aid məlumatları təqdim edir. Beləcə, şagirdlərin nəticələrini müqayisə və test etməklə təhsildə standartlaşmanı və inkişafı artırmağa çalışır.
PISA proqramı 2000-ci ildən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunur. Bu günə kimi 6 dəfə PISA dəyərləndirilməsi keçirilib. Yeri gəlmişkən, COVİD 19 sonrası çətinlikləri əks etdirmək üçün PISA komandası 2021-də keçirilməsi planlaşdırılan PISA 2021-i 2022-də, PISA 2024-ü isə 2025-ci ildə keçirmək qərarı verib.
PISA-nın hər tədqiqatında oxu, riyaziyyat və təbiət elmlərindən biri əsas mövzu kimi götürülür. Məsələn, 2009-cu ildə oxu üzrə bacarıqları, 2015-ci ildə isə təbiət elmləri əsas mövzu kimi götürülüb. PISA 2018-də oxu savadlılığı ilə yanaşı maliyyə savadlılığı da nəzərə alınıb. PISA 2022 yaradıcı düşüncə testi ilə riyaziyyata fokuslaşacaq. PISA 2025 isə təbiət elmlərinə fokuslaşacaq və “Rəqəmsal dünyada öyrənmə” istiqamətini də əhatə edəcək.
PISA tədqiqatında 2000-ci ildən 90-dan artıq ölkə ümumilikdə 3, 000, 000 şagird iştirak edib. Tədqiqata qatılan məktəblilər kompüter proqramı vasitəsilə təsadüfi seçim əsasında müəyyənləşdirilir. Tədqiqatın nəticələri mütləq deyil, 5 faiz xəta payı olan məlumat xarakterlidir.
PISA tədqiqatlarında istifadə edilən "savadlılıq" anlayışı, şagirdlərin bilik və potensialını inkişaf etdirmək və cəmiyyətə daha effektiv bir şəkildə qatılmaq və töhfə vermək üçün yazılı mənbələri tapmaq, istifadə etmək, qəbul etmək və qiymətləndirmək kimi müəyyən edilir.
PISA bacarıqları üç kateqoriyada qiymətləndirir: təməl, orta və yüksək. Təməl səviyyə sadə əlaqələr qurmaq, məhdud sayda şərhlər vermək bacarığı olaraq dəyərləndirilir. Orta səviyyədə isə məsələyə şərh vermək getdikcə çətinləşir. Çünki şagirdlər açıq və bir qədər aydın verilməyən məlumatları taparaq əlaqələndirməli, sətiraltı mənanı başa düşməlidirlər. Bu baxımdan orta səviyyə daha dərin əlaqə qurmaq, daha əhatəli şərh vermək bacarığını irəli sürür. Şagirdin mürəkkəb vəziyyətlər üçün açıq modellərlə effektiv şəkildə işlədiyini göstərir. Şagird daha çevikdir. O, öz şərhlərinə əsaslanan müzakirələr qura və bu müzakirələri əlaqələndirə bilər. Yüksək səviyyədə yer alan şagirdlər isə daha mürəkkəb, ziddiyətli məqamlar üçün modellər hazırlaya və bu modellərlə işləyə bilər. Bu modellərlə əlaqəli kompleks problemlərin həlli üçün uyğun problem həll etmə strategiyalarını seçə, müqayisə edə və qiymətləndirə, ən xırda təfərrüatına qədər şərh edə bilər.
Riyaziyyat üçün tələb olunan bacarıqlar və şagirdin vəzifələri belədir:
Təbiət elmləri üçün tələb olunan bacarıqlar isə belə sıralana bilər:
Oxu bacarıqları ilə bağlı vəzifələr belədir:
PISA sualları üç fərqli formada soruşur. Sualların təxminən yarısı 4-5 variantlı seçimdir, şagirdlər 4 və ya 5 variantdan birini seçirlər. Yaxud onlar razılıqlarını bəli və xeyr cavabları ilə bildirərək mümkün cavabdan birini seçirlər. Qalan suallar isə açıq tipli suallardır. Açıq suallar dörd müstəqil ekspert tərəfindən qiymətləndirilir.
Azərbaycan olaraq biz PISA-da 3 dəfə iştirak etmişik. Nəticələrimiz hədəfimizin altında olsa da bu istiqamətdə islahatlar davam edir. Məlumdur ki, təhsil sistemimiz açıq tipli suallara, fənlərarası inteqrasiyaya yeni keçid edir və şagirdlər üçün belə suallar yenidir. Şübhəsiz ki, islahatlar yaxın gələcəkdə nəticəyə təsir edəcək. Həm də bu sahədə Azərbaycanda xüsusi işçi qrup mövcuddur və onlar təhlillər aparır, müəllimləri maarifləndirir.
Yuxarıda qeyd etdiyim kimi bu yaxında Andreas Schleicher ilk dəfə olaraq Azərbaycan auditoriyası qarşısında çıxış edərək təhsillə bağlı bir sıra çağırışını dilə gətirmişdi. Nə idi bu çağırışlar?
Bir sözlə, PISA-nın qayəsi və təbliğ etdiyi ideya bilik və bacarığı gündəlik həyatda istifadə edə bilmək, bu məlumatları gerçəkliklə əlaqələndirmək, tənqidi, yaradıcı, analtik düşünmə, təhliletmə bacarıqlarını daha da inkişaf etdirməkdir. İnkişaf etmiş ölkələrlə birlikdə belə beynəlxalq qiymətləndirmədə iştirak etmək daha geniş mənzərəni görmək, müqayisəli təhlil aparmaq, konkret problemlər üzərində işləməyə başlamaq imkanı verir.