“Ramiz Mehdiyevin sağlamlığı AMEA-nı idarə etməyə imkan vermir”.
Bunu AzEdu.az-a açıqlamasında professor, deputat Anar İsgərdərov deyib.
Belə ki, son günlər bir çox institut direktorları AMEA prezidenti Ramiz Mehdiyevi istefaya səsləyir. Hətta bu çağırışa ictimai və sosial həyatın üzvləri də qoşulub.
Anar İsgəndərov məsələ ilə bağlı fikirlərini ifadə edib:
“Çox təəssüf edirəm ki, Azərbaycan elm məbədində ağrılı vəziyyət hökm sürür. Bir nəfərin ucbatından bu proseslər baş verir. Heç kim akademiyada problemlərin olduğunu inkar etmir. Düşünürəm ki, 44 günlük Vətən Müharibəsində qazandığımız qələbədən sonra bütün sahələrdə olduğu kimi elmi uğurlarımız da diqqət mərkəzində qalmalıdır. Amma bir nəfərin istefa vermək istəməməsi bizə hörmət və başucalığı gətirmir. Hamı onun üzərinə düşmür ki, o, zəifdir.
Ona görə qınanılır ki, Ramiz müəllim fiziki cəhətdən bu işlərin öhdəsindən gələ bilmir. O, uzun illər hakimiyyətdə ən məsul vəzifələri icra edib. Yəni, doğrudanmı vəzifə bu qədər şirindir ki, ondan imtina etmək mümkün olmasın?! Haqlı olaraq tutduğu vəzifədən istefa tələb olunur. Çünki Ramiz Mehdiyevin fiziki cəhətdən AMEA-nı idarə etməyə imkanı çatmır. Akademiya və elm məbədində belə bir ağır vəziyyət yaranıb.
Onun tərəfdarı deyiləm ki, elmlə məşğul olan insanlar ağ və qara olmaqla müxtəlif hissələrə bölünsünlər. Bu, bizə hörmət və nüfuz gətirmir. Həmçinin, onun da tərəfdarı deyiləm ki, hər gün bu tip məsələlər gündəmi məşğul etsin. Biz bütün dünyaya ən sivil xalq olduğumuzu sübut etdik və torpaq uğrunda şəhid olmağa hazır olduğumuzu göstərdik, düşmənin nə qədər havadarları olmuş olsa belə, onları məğlub etdik.
Lakin içəridə niyə bir-birimizə məğlub olmalıyıq? Kimsə işinin öhdəsindən gələ bilmirsə, sivil yolla istefa versin. Qoy Azərbaycanda istefa mədəniyyəti formalaşsın və o, hamıya nümunə göstərsin”.
Deputat AMEA-nın tarixi haqqında da məlumat verib:
“Bu gün akademiyanın yerləşdiyi Reyasət Heyətinin binası tarixi mərkəz olan İsmayilliyə binasıdır, vaxtı ilə Müsəlman Xeyriyyə Cəmiyyəti burada yerləşib. Zamanında bütün müsəlmanların ümid yeri bura olub. Təsadüfi deyil ki, 1918-ci ildə martında da ilk yandırılan və yerlə-yeksan edilən həmin İsmayilliyə- Müsəlman Xeyriyyə Cəmiyyətinin binası olub. Lakin xoşbəxtlikdən bina sökülmədi. Hazırda burada Akademiyanın Reyasət Heyəti yerləşir. Gələn il həmin binanın tikilməsinin və yenidən bərpa edilməsinin 110 ili tamam olacaq.
Ramiz Mehdiyev istefaya getməldir, qoy Azərbaycan gəncliyi ondan nümunə götürsün, başqaları da onun bu addımından ruhlansın. Ziyalı kimi heç vaxt istəmərəm ki, elm adamları və ziyalılar bir-birini təhqir etsin. 40 ildən artıqdır ki, Bakı Dövlət Universitetində çalışıram. Hər zaman tələbələrimə təlqin edirəm ki, ziyalı necə olmalıdır. O, tərbiyəsi, savadı, duruşu ilə başqalarına nümunə göstərməlidir. Yoxsa akademikəm deyə, elə hərəkət edirlər ki, onda olan ziyalılıq heç kimə lazım olmur. Çox istəyərdim ki, bu məsələ tezliklə həll edilsin, Ramiz müəllim istefaya getsin və yeni, gələn heyət akademiya hansı sahədə geri qalıbsa onu inkişaf etdirsin”.