“Nə zaman ki, AMEA siyasi məsələlərlə deyil, yalnız elmlə məşğul olacaq, o vaxt inkişaf əldə ediləcək”.
Bunu AzEdu.az-a açıqlamasında sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva deyib.
Belə ki, son zamanlar AMEA-da xoşagəlməz hadisələr baş verir. Bu da ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.
Sona xanım mövzu ilə bağlı fikirlərini bildirib:
“Akademiya gündəmi siyasi məsələ və qarşıdurmalarla məşğul etməyərək, bütün fikrini elmə yönəldsə, hər şey dəyişəcək. Bir ölkə üçün Elmlər Akademiyası çox vacibdir. AMEA-nı ləğv etmək düzgün fikir deyil, burada Azərbaycanın ziyalı və dəyərli insanları var. Hansı ki, həmin şəxslərin yetişməsi üçün uzun illər əmək, zəhmət və səy göstərilib. Lakin AMEA-da elə şəxslər var ki, onlar gündəmi başqa məsələlərlə zəbt edir. Nə zaman ki, AMEA Azərbaycan dövlət və xalqına xidmət edəcək şəkildə elmlə məşğul olacaq, ölkə iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatı kimi sahələri irəli aparacaq işlərlə məşğul görəcək, o vaxt o, öz işini yerinə yetirmiş sayılacaq. Bu gün AMEA daha başqa və formal məsələlərlə məşğuldur. Lakin bütün dünyada iqtisadiyyatın əsasını elmi təcrübə və araşdırmalar təşkil edir. Məsələn, inkişaf edən ölkələrdən Yaponiya, Almaniya, Avropa dövlətləri və Amerika əldə edilən texnoloji nəaliyyətlərin hamısını elmin üzərində qurub. Hazırda akademiyanın adı ictimai-siyasi arenada başqa mənalarda hallanır. AMEA Azərbaycan elmi üçün dəyərli insanlar yetişdirməlidir. Başqa məsələlərlə məşğul olaraq gündəmi zəbt etməsini Azərbaycan elmi adına yaraşdırmıram”.