XƏBƏRLƏR

03.01.2019 09:13
Həm Kembric, həm də Oksford Universitetlərində dərs demiş yeganə azərbaycanlı, dünyada məşhur tədqiqatçı - DOSYE

Kvant fizikası elmin ən çətin bəhslərindən biridir.  Modern elmin harada daha yaxşı inkişaf etdiyini anlamaq üçün, orada məhz  Kvant fizikası üzrə görülən işlərə xüsusi diqqət  yetirilir.

Hazırda ömrünün ahıl çağlarını yaşayan, həyatının 65  ildən çox dövrünü Kvant fizikasına həsr edən bir azərbaycanlı alim var ki, təəssüf, onun adı çox az yerdə çəkilib. Həmin alim, hazırda qardaş Türkiyədə yaşayan, təqaüddə olan 85 yaşlı professor  İsrafil Hüseynovdur.

Təhsil eksperti, GDU-nun müəllimi Elnur Hacıyev dünya çapında tanınan tədqiqatçı İsrafil Hüseynovla bağlı məqaləni AzEdu.az-a göndərib. 

Hüseynov İsrafil  15  may 1934-cü ildə anadan olub.1950-cı ildə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə qəbul olub, 1955-ci ildə bu fakültəni fizika ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

1955-ci ildə MDU-nun aspiranturasına daxil olub  və 1959-cu ildə nüvə fizikası üzrə namizədlik, 1981-ci ildə Kiyevdə Ukrayna EA-da doktorluq dissertasiyası müdafiə edib. 1982-ci ildən professordur.

1960-1993–cü illərdə BDU-nun Fizika fakültəsində çalışıb. 1972-1993-cü illərdə BDU-nun Fizika fakültəsinin Kimyəvi fizika kafedrasının müdiri vəzifəsində işləyib.

1969-cu ildə Kembric, 1970-ci ildə Oksford, 1985-86-cı illərdə Con Hopkins və 1986-87-ci illərdə Jilin (ÇXR) universitetlərində  işləyib. 1993-cü ildən Türkiyədə çalışır.

BDU-da işlədiyi müddətdə rəhbərliyi ilə 12 nəfər elmlər namizədi və 1 nəfər elmlər doktoru, Türkiyədə isə 9 fəlsəfə doktoru hazırlanıb. 310-dan çox elmi işin müəllifidir, o cümlədən indekslənən elmi jurnallarda 223 məqalə çap etdirib.

Elmi araşdırmalarında istənilən açıq təbəqəli atom-molekul və nüvə sistemlərini birləşdirə bilən Xartri-Fok nəzəriyyəsi verib, istənilən spinə malik olan zərrəciklər üçün dekart-moment və dörd ölçülü sistemlərdə də tam ortonormal funksiyalar sistemləri tapılıb.

Yeni daxil edilən tam ortonormal funksiyalar yığımından istifadə edərək atom-molekul və nüvə sistemlərində hissəciklərin istənilən sürətli hərəkətlərini öyrənmək imkanı yaranıb.

Qeyd: AzEdu.az  İsrafil Hüseynovla bağlı araşdırmalarını davam etdirəcək.

 

 

İlin gənc müəllimi-Müraciət formu