Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-31 18:00:00
AzEdu.az  və müəllifin dağlara apardığı Yeni il sovqatı – “Gələcək gün” dən REPORTAJ -FOTOLAR

 

Əvvəlcə layihə haqqında...

Kitablar, insanları mənəvi cəhətdən müsbətə doğru dəyişən bir fürsətdir. Oxumaq  birmənalı şəkildə insanların zehni və ruhi inkişafına səbəb olur.

Beləliklə, kitab oxumaq bir  nəfər kimi hər kəsin, xüsusilə bütün məktəblilərin haqqıdır.

Məhz bu səbəbdən növbəti səfərimizi dağlar qoynundakı inci – Lahıcdan saldıq. Amma bu dəfə tək yox; hüquq üzrə fəlsəfə doktoru, motivasiya və işgüzar inkişaf üzrə dəyərli kitabların müəllifi Nadir Adilovla… Sağ olsunlar, “Azərsun” Holdinq, edumap.az portalı və “Azərbaycan universitetləri” səhifəsi də bu işdə bizə xeyli yardımçı oldu. Əsasən də, Azərsun Holdinq və onun rəhbəri Abdulbari Gözəl cənabları…

Onlar müəllifin xeyli sayda kitabını bizim müraciətimizdən sonra alaraq, məktəblilərə hədiyyə etdilər. Növbədə isə həmin kitabları sahiblərinə çatdırmaq qalırdı. Odur ki, yola düşdük; dağlar qoynundakı təbiət incisi, qədim sənətkarlıq diyarı olan Lahıca… AzEdu.az əməkdaşları və müəllif  Nadir müəllimi qarşıda həm təbiət salamlayacaqdı, həm də səmimiyyət…Təbiət Lahıcın, səmimiyyət isə lahıclıların bizə dedikləri xoşgəldin mesajı idi…

“Dağlar qoynunda, qoynunda…”

Eniş-yoxuşları bir-bir geridə qoyub, gedəcəyimiz mənzilə doğru tələsirik. Bilirik, indi orada uşaqlar yolumuzu gözləyirlər. Nə olursa, olsun, təki gedikməyək, fikri yol boyu bizə tam hakim kəsilib. Amma fotoqrafımız İsmət deyəsən, ilk dəfə baş çəkdiyi bu silsilə dağ yollarını, möhtəşəm massivi, göz oxşayan mənzərələri görüb heyrətini və o heyrətdən doğan xahişini gizləyə bilmir. “zəhmət olmasa, burada saxlayın, mütləq o dağı, aşağıdakı çayı çəkim”, deyir. Nadir müəllim buraları çox gözəl tanıyır. Ata-baba yurdudur. Təbiəti, bundan sonrakı gözəl mənzərələri barəsində ürəkdolusu məlumat verir. İsmətsə, çəkir... Amma əsas məramımızı unutmuruq: bizlər buraların məktəblilərinə, bu təbiətin övladlarına, bu dağların oğul-qızlarına Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə İşıq sovqatı gətirmişik... Bəli İşıq sovqatı- kitablar.... O kitabların təqdimatı, uşaqlara paylanması uzağı bir saat çəkər, ya çəkməz... Amma həmin qısa müddətin şagirdlərdə yaratdığı hiss-həyəcan, həmin kitabdan öyrəndikləri onları illərlə müşahidə edəcək və o zaman bu “İşıq sovqatı” ideyası tamam gerçəkləşəcək...

Nə yaxşı ki, bu yola məhz biz düşdük və nə yaxşı ki, Azərsun Holdinq bizə bu istiqamətdə xeyli yardımçı oldu...

Avtomobil mənzilə yaxınlaşdıqca fikirli halda olan Nadir müəllimin də gözlərindən elə bunu oxumuş oluruq... “Gələcək üçün bir gün”... Bəli, bizim Yeni il ərəfəsində etdiyimiz səfər məhz gələcək üçün bir gün idi... Özü də vacib bir gün... Qarşıda isə bizi məktəblilərin bu işıq sovqatından doğan sevinini salamlamaq, bir-birindən dəyərli müəllimlər səmimi söhbətləşmək, onlarla birlikdə gözəl Lahıcın dar məhəllələrini gəzib, sənətkarlıq ocaqlarına varmaq olacaqdı... (ardı var)