Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-31 13:00:00
Azərbaycan  orta  təhsili 2018-ci ildə  - Faydasını növbəti illərdə görəcəyimiz  vacib  qərarlar,  mühüm  dəyişikliklər

2019-cu ildən orta ümumtəhsil müəssisələri ilə bağlı xeyli dəyişikliklər gözləniləndir. Çünki köhnə ildə orta məktəb sistemi ilə bağlı qəbul edilən qanun layihələri, zəruri qərarların  yeni ildə tətbiqi bunu deməyə əsas verir.

AzEdu.az 2018-ci ildə orta təhsil müəssisələri ilə bağlı baş verən mühüm yeniliklərin qısa xronikasını təqdim edir:

Köhnə ilin mühüm dəyişiklikləri təhsil naziri postuna yeni təyinatla başlandı. Prezident İlham Əliyevin 23 aprel tarixli sərəncamı ilə təhsil nazirinin müavini Ceyhun Bayramov nazir postuna təyinat aldı.

Sözügedən təyinat ali məktəbə qəbul qaydalarından tutmuş, azyaşlıların məktəbə hazırlığınadək mühüm dəyişikliklərin tətbiqini zəruri etdi.

İyunun 28-də isə Bakı Şəhəri Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva təhsil nazirinin müavini təyin edildi.

Yeniliklər orta təhsil müəssisələrində çoxlarını narahat edən summativ qiymətləndirmələrdən də yan keçmədi.

Yeni qaydalara əsasən, I sinifdə böyük summativ qiymətləndirmə ləğv olundu. IV, IX, XI siniflərdə isə bütün fənlərdən BSQ-lərin keçiriləcəyi bildirildi. II və III siniflərdə BSQ-lər ləğv olunaraq, yalnız  kiçik summativ qiymətləndirilmələr tətbiq edildi. Kiçik summativ qiymətləndirmələrin yarımildə sayca üçdən az olmayacağı zəruri hesab edildi. V, VI, VII, VIII və X siniflərdə isə yalnız buraxılış imtahanında nəzərdə tutulan fənlərdən böyük summativ qiymətləndirmənin keçirilməsi təsdiqləndi. Qaydalara əsasən, kiçik summativ qiymətləndirmələrin sayı tədris ilinin əvvəlində şagirdlərə elan olunmalıdır.

Bu qaydaların təsdiqindən əvvəl çoxları sumativ qiymətləndirmələrin xüsusilə də aşağı sinif şagirdlərini stresə saldığını deyirdilər. Bu səbəbdən bəzi siniflərdə BSQ-lərin ləğvi gözlənilən oldu.

Təhsil Nazirliyi və BP şirkətinin əməkdaşlığı ilə paytaxtdakı 30 məktəbdə “İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi” layihəsi həyata keçirildi. Layihə çərçivəsində həmin məktəblərin İnformatika müəllimləri üçün seminar təşkil edildi. Ən əsası isə 26 ümumtəhsil məktəbində informatika təmayüllü siniflər açıldı.

Dünya ölkələrində kodlaşdırma orta məktəblərdən tədris edilsə də, bəzi respublika məktəblərində, xüsusilə də bölgələrdə fənnin ötəri keçirilməsi, ümumiyyətlə, tədrisə şərait yaradacaq texniki bazanın olmamasını nəzərə alsaq, bu layihənin önəmi aydın olar.

Milli Məclisin iclaslarında "Ümumi təhsil haqqında" Qanun layihəsi müzakirəyə  çıxarılaraq qəbul olundu. Qanuna əsasən, ümumtəhsil müəssisələrinə sahibkarlıq fəaliyyəti ilə məşğul lmaq hüququ verildi.

Ümumi təhsil müəssisələri əlavə gəlir əldə etmək məqsədilə profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bu fəaliyytlərə ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər və s. aiddir. Dövlət ümumi təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir.

Bəziləri bu qanunun məktəblərdə onsuz da var olan repetitorluq fəaliyyətini leqallaşdıracağını, onu daha da genişləndirəcəyini düşündü. Digərləri isə, əksinə, bu yolla məktəblərə investisiya cəlb olunacağını, təhsil keyfiyyətinin artacağını bildirdilər.

Qanun layihəsi həm də beynəlxalq olimpiada qaliblərinin ali təhsil müəssisələrinə imtahansız qəbuluna yol açdı. Bu ildən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Ötən ildə Bakı məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 768, tam orta təhsil səviyyəsi üzrə isə 1075 nəfər fərqlənmə attestatı ilə bitirdi. Təhsil nazirinin müvafiq əmrinə əsasən, bu ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 42-si qızıl, 2-si gümüş medala layiq görüldü. 

52 şagird paytaxt məktəblərində inklüziv təhsilə cəlb edildi. 13 məktəb əsaslı təmir edildi, 4 yeni təhsil ocağı inşa olundu.

Cari ildə orta məktəblərdə təmayülləşmənin miqyası da genişləndi. 164 Bakı məktəbində 360 təmayül sinfi yaradıldı. Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planı və proqramları hazırlanıb təsdiq edildi.

Direktorların işə qəbulu müsabiqəsi həyata keçirildi. Təkcə Bakı məktəblərinə 22 direktor təyinat aldı.

Bakı məktəblərində 919 məktəbəhazırlıq qrupu fəaliyyətə başlandı. İlk dəfə olaraq müxtəlif bölgələrdə də elektron qeydiyyat qaydasından istifadə olundu.

Tətbiq edilən digər yeniliyə əsasən, 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar ümumi təhsil müəssisələrinin I sinfinə müsabiqəsiz qəbul olundular.

İlin son günlərində edilən digər təyinat isə növbəti ildə orta məktəb sistemində bir sıra yenilikləri gözlənilən edir. Təhsil naziri Ceyhun Bayramovun 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinə İdarənin müdir müavini Rəşad Tağıyev, müdir müavini vəzifəsinəisə İdarənin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva təyin edildi.

Cari il müxtəlif bölgələrdə modul tipli məktəblərin tikilib istifadəyə verilməsi ilə də yadda qaldı.

Müsbət dəyişikliklərlə yanaşı bəzi bədbəxt hadisələr də qaçılmaz olmadı.Yevlaxda IX sinif şagirdlərini sınaq imtahanına aparan avtobusunun qəzaya uğradı. Qəza nəticəsində avtobusdakı məktəblilər arasında ağır xəsarət alanlar da oldu.

Qubanın dağ kəndlərindən birində hələ istifadəyə verilməmiş modul tipli məktəb binasında yanğın baş verdi. Yanğının qısaqapanma səbəbindən baş verməsi bildirilsə də, hadisə şagirdlərin yeni məktəbə köçürülməsini xeyli gecikdirdi.

Bu və ya digər bədbəxt hadisələrin də yaşanmasına baxmayaraq, ümumilikdə 2018-ci ilin təhsildə müsbət dəyişikliklərlə yadda qaldığını deyə bilərik. Ötən ildə edilən edilən dəyişikliklər yeni təhsil ilində müəyyən irəliləyişlər vəd edir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları