Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-31 10:30:00
ABŞ-da yaşayan azərbaycanlı heykəltaraş -FOTOLAR

Nyu York şəhərində yaşayır. Bir çox heykəltaraşlar kimi o da qapalı, duyğusal insandır. Sözü ondan güclə çəkib qoparmaq olur, çox danışmağı xoşlamır…

Əslində belə insanların danışmasına heç ehtiyac da yoxdur. Yaratdıqları əsərlər onların yerinə danışır, müəllifinin kim olduğunu, nə düşündüyünü, zövqünü, həyat tərzini insanlara çatdırır…

O, 1982-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1996-cı ildə 1 nömrəli orta məktəbin 8-ci sinfini bitirərək, Əzim Əzimzadə adına rəssamlıq kollecinə qəbul olunub. Orada bədii keramika fakultəsində təhsil alıb. 2000-ci ildə kolleci bitirəndən sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının hekyəltaraşlıq fakultəsinə daxil olub. Xalq rəssamı Eldar Ömərovun qrupunda bu sənətin sirlərinə mükəmməl yiyələnə bilib.

2006-cı ildə akademiyanın bakalavr və magistr pillələrinin hər birini qırmızı diplomla bitirir. Bununla kifayətlənməyən qəhrəmanım təhsilini davam etdirmək məqsədi ilə Almaniyaya yola düşür. Düsserdof şəhərində XVIII-ci əsrdən fəaliyyət göstərən, dünyaca məşhur "Gözəl Sənətlər Akademiyası"na sənədlərini təqdim edir. 

O, bu təhsil ocağına sənəd verən, dünyanın hər yerindən gəlmiş 2000 nəfərdən fərqlənir və qəbul olunan 42 nəfərin sırasında olur. Burada, dünyaca məşhur heykəltaraş- Toni Kreqqin tələbəsi olur, onun rəhbərlik etdiyi sənət parkında çalışır. Ondan bu sənəti incəliklərinə kimi öyrənə bilir. Və 2011-ci ildə həmin akademiyanı müvəfəqiyyətlə başa vurur.

2011-ci ildə Almaniyada keçirilən "LebensArt Stifftung" heykəltəraşlıq müsabiqəsində birinci yerə çıxaraq xüsusi diploma layiq görülür. Ümumiyyətlə o, çox müsabiqələrdə iştirak edib, demək olar ki, hamısında da müsabiqənin qalibi elan olunub...

2013-cü ildən ABŞ-da yaşayır. Əvvəlcə Nyu Yorkun Manhattan hissəsində, "Əntiqlər" bərpa şirkətində bərpaçı heykəltaraş, 2014-cü ildən indiyədək isə həmin şəhərin Brooklyn hissəsində "NYJ & A" şüşə dizayn studiyasında sənətkar- heykəltaraş kimi çalışır…

Atası Sabir Rzayev bir vaxtlar Bakıda fəaliyyət göstərən "Dinamo" mağazasının direktoru olub. Oğlunda olan istedadı görərək, onun bu sənətin sirlərinə yiyələnməsinə təkan verib. O, 2003-cü ildə dünyasını dəyişib…

Hqqında söhbət açdığım Süleyman Rzayev Azərbaycanın parlaq istedadlı gənclərindəndir. Onun uğurlarına baxıb sevinməmək olmur. 

Deyir ki- "Harada yaşamağımdan asılı olmayaraq, içimdə Azərbaycan sevgisi gəzdirirəm. Uğurlarımı bu ölkəyə həsr edirəm, çalışıram ki, vətənimi layiqincə dünyaya sevdirə bilim. Mənim üçün sənətim, yaşadığım cəmiyyətə bir reaksiyadır və yaratdıqlarım özümün əksidir. Bu mənə daim ruhən xoşbəxt qalmağa imkan verir…

Modelləşdirmə prosesi sayəsində işləməyə davam edərkən, heykəllərimin üzləri dəyişir. Son məhsul mənim ətrafımdakı insan təbiətinin əksidir. Müasir insan həyatını bu əsərlərlə təqdim etməyə çalışıram…".

Və birdən, özündən asılı olmadan həsrətlə köks ötürüb, əllərini geniş açaraq dillənir:- Azərbaycan! Səni dünyalar qədər sevirəm!..